Mobil versiya
Azərbaycan Xalq Cümhuriyyəti siyasi tariximizin ən parlaq səhifəsidir - DEPUTAT
Tarix: 27-05-2025 | Saat: 10:22
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Xalq Cümhuriyyəti siyasi tariximizin ən parlaq səhifəsidir

Dünyada 4 minə yaxın xalq mövcuddur ki, onlardan yalnız 200-ə qədəri müstəqil dövlət qurmağa nail olub. Bu baxımdan biz də xoşbəxt və şanslı xalqlardan biriyik. Çünki üçrəngli Bayrağımız dünya miqyasında, o cümlədən BMT kimi nüfuzlu təşkilatların qarşısında qürurla dalğalanır. Bu nailiyyətə görə biz böyük dövlətçilik ənənəsini miras qoymuş qurucu babalarımıza və onların missiyasını layiqincə davam etdirən siyasi liderlərimizə, ziyalılarımıza borcluyuq.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva mətbuata müsahibəsində bildirib. O qeyd edib ki, bu gün sahib olduğumuz müstəqilliyin və qazandığımız uğurların əsasında ötən əsrin əvvəllərindəki böyük mütəfəkkirlərimizin zəhməti və mübarizəsi dayanır: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu tarixi hadisənin əhəmiyyətini heç nə ilə müqayisə etmək olmaz. Məhəmməd Əmin Rəsulzadənin də qeyd etdiyi kimi, cəmi 23 ay yaşamasına baxmayaraq, istiqlalımız insanlara azadlıq və hürriyyətin dadını göstərdi. O azadlıq ki, şirinliyi heç zaman unudulmadı. 107 il əvvəl çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq müsəlman Şərqində ilk demokratik dövləti quran ziyalılarımız qısa müddətdə böyük işlərə imza atdılar. Parlament yaradıldı, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlət kimi tanınmaq üçün diplomatik fəaliyyətə başladı. Xalq hakimiyyəti bütün vətəndaşlara bərabər hüquqlar verdi, irqi, milli, dini və sinfi ayrı-seçkilik aradan qaldırıldı. Maarif və səhiyyə sahəsində əhəmiyyətli addımlar atıldı, teatr və kitabxanalar fəaliyyətə başladı. Bakı Dövlət Universiteti təsis olundu, gənclər ali təhsil üçün xaricə göndərildi, Milli Ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğaldan azad edildi. Təəssüf ki, bu möhtəşəm başlanğıc 1920-ci ilin aprelində bolşevik işğalı ilə dayandırıldı. Amma Azərbaycan dövlətçiliyini tarixdən silmək mümkün olmadı.

Ümummilli Lider Heydər Əliyev bu barədə çıxışlarının birində demişdi: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Bu müddətdə beş dəfə hökumət təşkil olunub. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr və şübhəsiz ki, xarici qüvvələrin təsiri ilə istefa verməyə məcbur olub. Bu səbəbdən, demokratik respublikanın dövlət və hökumət orqanları səmərəli fəaliyyət göstərə bilməyib. Lakin bütün çətinliklərə baxmayaraq, onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmiş və Azərbaycan tarixində parlaq bir səhifə açıblar”.

Azərbaycan xalqı 70 il ərzində milli kimliyini qoruyaraq müstəqillik arzusunu yaşatdı. Mühacirətdə yaşayan ziyalılarımız xaricdə təşkilatlanaraq Azərbaycanın azadlığı uğrunda mübarizəni davam etdirdilər. 1960–1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə milli məfkurənin yaşaması üçün mühüm addımlar atıldı, milli dəyərlərin bərpası və qorunması istiqamətində ciddi işlər görüldü. Bu müqəddəs mübarizə nəhayət öz bəhrəsini verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Həmin sənəddə 1918-ci il İstiqlal Bəyannaməsinə və 1991-ci ilin 30 avqustunda qəbul olunmuş Müstəqillik Bəyannaməsinə istinad edilərək, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olduğu təsbit edildi”.

Mehriban Vəliyeva bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və erməni separatizmi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Lakin xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və ölkədə sabitliyi bərpa etdi: “Atəşkəs əldə edildi, iqtisadi və siyasi islahatlar həyata keçirildi. Ulu Öndər AXC qurucularına dərin ehtiram göstərmiş, onların irsinə yüksək dəyər vermişdir. Türkiyəyə səfəri zamanı Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməsi bunun bariz nümunəsidir. AXC-nin üçrəngli bayrağı da ilk dəfə məhz onun təşəbbüsü ilə Naxçıvanda rəsmi qəbul edildi. Onun təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətin 80 illiyi dövlət səviyyəsində qeyd olundu.

Rəsulzadə və silahdaşlarının bizə miras qoyduğu dövlətçilik ənənələri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilib. Prezident İlham Əliyev AXC-nin siyasi irsinə daim yüksək qiymət verib. Onun təşəbbüsü ilə Bakıda İstiqlal Bəyannaməsi abidəsi ucaldılıb, AXC-nin 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Azərbaycan xalqı tarix boyu – çar Rusiyası dövründə, Cümhuriyyət və sovet illərində, eləcə də 1990-cı illərdən sonra erməni terroruna və soyqırımına məruz qalıb. Lakin Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, AXC Ordusunun başa çatdıra bilmədiyi missiyanı tamamladı. Şuşada və Xankəndidə üçrəngli Bayrağımızı ucaltmaqla xalqımızın qürurunu, əzmini və dövlətçilik irsini yaşatdı.

Bu gün AXC-nin qurucularının ruhu şaddır. Biz onların ümidlərini doğrultduq, arzularını reallaşdırdıq. Onların bizə etibar etdiyi dövlətçilik ənənəsi bu gün əmin əllərdədir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025