Mobil versiya
Cevdet Yılmaz: Azərbaycanla Türkiyənin məqsədi regionun firavan gələcəyini birgə qurmaqdır
Tarix: 27-05-2025 | Saat: 08:32
Bölmə:Siyasət | çapa göndər

Cevdet Yılmaz:

Ermənistanla danışıqlarda konstruktiv addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan məqsədinin regionda davamlı sülh və rifah olduğunu açıq şəkildə bəyan edib. Bizim məqsədimiz regionumuzun firavan gələcəyini birlikdə qurmaqdır.

aia.az xəbər verir ki, bunları Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada Prezident Administrasiyasının Beştəpə Konqres və Mədəniyyət Mərkəzində keçirilən 28 May - Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, regionda illərlə davam edən qeyri-sabitlik və iztirabların başa çatması ilə Cənubi Qafqazda sülhə yol açılıb: “Hər zaman deyirik ki, ədalətli sülhdə uduzan yoxdur. Azərbaycan 44 günlük Vətən Müharibəsi və ondan sonrakı antiterror əməliyyatları ilə torpaqlarını işğaldan azad etdi, 30 ildir qəsb olunmuş hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi”.

C.Yılmaz Qarabağın yenidən qurulması prosesində də Türkiyənin Azərbaycanla birlikdə addımladığını vurğulayıb: “Türk əsri” şüarı ilə irəliləyən bu mənalı prosesdə can Azərbaycanla birlikdə bölgədə təhlükəsizlik və sabitlik üçün bizim də üzərimizə vəzifə düşür. İşğaldan azad edilmiş rayonların infrastruktur, enerji və təhlükəsizlik sahələrində dövrün tələblərinə uyğun strukturlaşdırılması aparılır. Bütün aidiyyəti qurumlarımız azərbaycanlı qardaşlarımızın yanındadır. Onilliklər boyu minalanmış torpaqlarda birlikdə aktiv təmizləmə işləri aparılır. Bir vaxtlar münaqişələrin hökm sürdüyü yerlərdə bu gün inkişaf hekayələri yazırıq. Ölkələrimizin liderlərinin iradəsi ilə Şuşadan yaranan və parlamentlərimiz tərəfindən ratifikasiya edilən müttəfiqlik münasibətlərimiz bütün aspektlərdə, o cümlədən birgə hərbi təlimlərdə inkişaf edir”, - o, bildirib.

Vitse-prezident əlavə edib ki, Azərbaycanla Türkiyə əlaqələri təkcə ikitərəfli münasibətlərlə yekunlaşmır. Türk İnvestisiya Fondu kimi birgə inkişaf mexanizmlərində və Türk Dövlətləri Təşkilatının çətiri altında üçüncü ölkələrin iştirakıyla da üçtərəfli əməkdaşlıqla davam edir: "Türkiyə və əziz Azərbaycan ortaq ideyalar ətrafında birləşərək gələcəyi birlikdə qurur. Taleyimiz birdir, bir əsr yox, minilliklər boyunca tariximiz, sevinc və kədərimiz ortaqdır”./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025