Mobil versiya
Vətənpərvər şair....-Fuad Biləsuvarlı yazır
Tarix: 04-05-2025 | Saat: 09:46
Bölmə:Özəl | çapa göndər

Vətənpərvər şair....-Fuad Biləsuvarlı yazır



Təhsil aldığım ali məktəbdə mənim müəllimim olmuş şair Dəmir Gədəbəyli yaddaşımda incə ruhlu bir şair, səmimi və son dərəcə xeyirxah bir insan kimi qalıb. Məhz, bu nəcib, sadə insanın ürəyinin böyüklüyü, diqqətli və qayğıkeş olması hesabına aramızda isti bir münasibət yaranmışdı. Əslində aramızda böyük yaş fərqinə baxmayaraq bu, səmimi bir dostluğa çevirilmişdi.
Dəmir müəllim bizə təkcə dərs demirdi. O, həm də hər bir tələbənin, xüsusilə buna ciddi ehtiyacı olan tələbələrin etibarlı arxası, dostu idi. Bu qayğı və diqqətdən rayonlardan gəlib təhsil alan çox gənclər faydalanmışdı.
Dəmir müəllimin evinin də, ürəyinin də qapıları hamının üzünə açıq idi.
O, əsl dağlar oğlu idi.
Dəmir Gədəbəyli bir ziyalı kimi hər şeyə vaxt tapırdı. Bir müddət televiziyada çalışmışdı. Pedaqoji fəaliyyətlə məşğul olurdu. Poeziya isə onun fəaliyyətinin ayrılmaz bir hissəsi idi.



Dövrünün poeziya həvəskarları Dəmir Gədəbəyli imzasını yaxşı xatırlayırlar.
Dəmir müəllim doğma vətənini, doğulduğu topağı, onun saf təbiətini, uca dağlarını, baldan şirin suyunu ürəkdən sevən bir şairdi.
Bu günlərdə bir şairin poeziya haqqında fikirlərinə rast gəldim. O deyirdi ki, " Mənim şeirlərim ətrinə görə heç kəsin şeirləri ilə dəyişik düşməz. Kovşən ətri gəlir şeirlərimdən..."
Dəmir Gədəbəylinin şeirlərindən də uca dağların, sıx meşələrin, dağ güllərinin, çiçəklərinin ətri gəlir.
Sevimli müəllimin mənə öz dəsti - xətti ilə bağışladığı " Qeyrət qalası" kitabı kitabxanamın ən dəyərli əsərlərindəndir.
Həmyerlisi, 21 yaşında Sovet İttifaqı Qəhrəmanı kimi tarixə düşmüş Mehdi Quluyevə həsr olunmuş bu kitab müəllifin necə vətənpərvər bir şair olduğunu ortaya qoyur. Qəhrəmanlar heç zaman unudulmur, onların şöhrəti solmur, zaman-zaman xatırlanır.
Kitabın ön sözündə müəllif qəhrəman Mehdi Quliyevi oxucularına belə təqdim edir: " Mənim qəhrəman dağlarımın qəhrəman oğlu..."
Mən də böyük cəsarətlə bu sözləri Dəmir müəllimə ünvanlayıram. O da qəhrəman elimin, qəhrəman dağların, əzəmətli oğludur. İndi özünü ziyalı adlandıranlar çoxdur. Dəmir Gədəbəyli isə ziyalı sözünün zirvəsində dayanan Vətən oğlu, xalqının şairi idi.
İncə ruhlu şairin yaşadığı ömür payında 25 -dən çox şeir kitabları işıq üzü görmüşdü. Tədqiqatçı alim kimi də tanınırdı. Filologiya elmləri doktoru elmi titulu daşıyırdı. Yüzlərlə şeirlərinə mahnılar bəstələnmişdi. Dünyanın bir sıra xalqlarının dillərinə tərcümə olunmuşdu.

Nə zamandı ürəyimdə
Bir dastan var... nəğmələnir...
O dastana, o nəğməyə,
Ulu haqdan nur ələnir...

O qəhrəman bir insanın,
Uca, olan həyatıdır.
Yarı ağı, yarı layla,
Yarı həzin bayatıdır!

Şairin ön sözdə oxuculara təqdim etdiyi bu misraları " Qartal qalası" kitabında toplanmış şeirlərin məncə, leytmotivi hesab etmək olar.
Qəhrəmanın hünərini, igidliyini şövqlə vəsf edən müəllif onun dilindən yazır:

- Qarğalara tapşırmadım,
Tərlanların oylağını.
Mən qeyrətlə gəzdirmişəm,
Dədələrin papağını.

Şair qəhrəman Mehdinin Böyük Vətən müharibəsində necə qəhrəmanlıqla döyüşdüyünü, düşmənləri "dabanına tüpürüb qaçmağa" vadar etdiyini, şanlı qələbədən sonra Vətənə qayıdışını təsirli misralarla təsvir edir.

- Mehdi kimi igidi,
Halal olsun doğana.
Gözün aydın, a dağlar,
Gözün aydın, ay ana!

Elin igid oğlunun doğulduğu Ərkina kəndinə zəfərlə dönüşü də çox təsirlidir.

- Mehdi ağ üstə gələndə kəndə,
Kartof qazılırdı, payız günüydü.
Dağların qoynuna qəhrəman gəlir,
Anam Gədəbəyin toy-düyünüydü.

Həyat yaxşı adamlardan xali deyil.
Ancaq çox təəssüflər ki, həyatda başqa yol tutanlar da var. Həmişə kiməsə pislik etməyə can atan, ətrafdakıların uğuruna sevinməyən belə insanlarla hamımız qarşılaşmışıq. Şairin belə "adamcıqlara" da məsləhəti var.

Gündə bir namərdlə gəlsən baş-başa,
Ey Dəmir dünyada kişitək yaşa.
Hər kim xain çıxsa dosta - sirdaşa,
Torpaqda ilan tək sürünər gedər.

Və yaxud.

- Gəl Dəmirin sözünə bax,
Bizim elli a balqabaq.
Kaş neçə il bundan qabaq,
Aparaydı sellər səni!

Kitabda " Qəhrəmanı xatırlayarkən..." bölməsində toplanmış rəylər, fikirlər qəhrəman Mehdinin obrazını gözlərimiz önündə canlandırır, qürurumuzu daha da artırır. Onlardan bir nümunə.
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, qəhrəman, Mehdinin yaxın dostu Qoşqar Əhmədov: Dağları, doğulduğu torpağı Mehdi Quliyev kimi sevmək, Mehdi kimi ucalmaq, ona Mehdi kimi şan-şöhrət gətirmək hünər istəyir, kişilik istəyir..."
İstedadlı şairin bu toplunun " Anama şeirlər" bölməsində verilmiş şeirlərinin təsirindən hələm-hələm qurtarmaq olmur.
Dünyanın ən gözəl varlığı haqqında əslində bir himndir bu şeirlər. Və Dəmir müəllim də doğma ana məhəbbətini bu şeirlərində ustalıqla ifadə edib.

- Ağrılı günlərim öndəymiş, Allah,
Kədər sinəm üstə cığır salarmış.
Atasız yetimlik, bilinmir, vallah,
Övlad anasından yetim qalarmış!

Yaxşı adamların həyatı tez tərk etməsi həmişə ağır olur. Dəmir Gədəbəyli kimi bir şairin, alimin, vətənpərvər insanın itgisi də onun dost-tanışları, qohumları, tələbələri üçün ölçüyəgəlməz dərəcədə ağrılıdır. Və nə yaxşı ki, 80 illik bir ömür yaşamış Dəmir müəllim neçə-neçə ürəkdə saysız-hesabsız insanların ürəyində xoş xatirələr qoyub gedib. Yadigar qalan kitabları tez-tez vərəqlənir, oxunur, sevilir.
Unudulmaz insan, sevimli şair kimi Dəmir Gədəbəylinin əziz və unudulmaz xatirəsi onu tanıyan insanların həmişə qəlbindədir. Ruhu şad olsun!..


Laylay Dəmir babam, laylay

Sözlərinə söz ətrini gül bağından aldı şair!
Bu dünyanın həzzini də torpağından aldı şair!
Boy-buxunu, əzəməti şah dağından aldı şair!
Laylay Dəmir babam, laylay.

Özün də bir günəş idin şeirə, sözə nur saçırdın,
Haqq aşiqi olduğundan haqsızlıqdan söz açırdın.
Halal adam doğman idi, haramlardan sən qaçırdın,
Laylay Dəmir babam,laylay.

Sən Rüxsarə anamızı yaşatmağa ürək idin,
Xalqın üçün bütləşmişdin, göy üzündə mələk idin.
Mənim kimi arxasıza bir ağsaqqal, kürək idin,
Laylay Dəmir babam, laylay.

O Rüxsarə gül anamız çox sevdiyin yarın idi,
Sənlə nəfəs alırdı o şan-şöhrətin, varın idi.
İlahinin lütfü olan, vəfalı dildarın idi,
Laylay Dəmir babam, laylay.

Hər sözümdə, söhbətimdə yaşayacaq adın sənin,
Xatırlayar hər bir zaman nəslin, kökün, zatın səni.
Heç bir zaman unutmaz ki, doğmaların, yadın səni,
Laylay Dəmir babam, layla.

Sözlərini çəkəmməzdi dəryalarda qayıq, gəmi,
Olmayacaq sənin kimi ruhlandıran bir də məni.
Daha artıq qovuşmusan yanındadı Polad əmi,
Laylay Dəmir babam, laylay.

Hələ sağkən cənnətini qazanmışdın hörmətinlə,
Dünyaları dolaşırdın şeir, nəğmə ziynətinlə.
Fəxr edirdin hər bir zaman yurd-yuvanla, millətinlə,
Laylay Dəmir babam,laylay.

Yeznən Haki məsləhətə day yanına gəlməyəcək,
Eh, yalandan yaşasaq da heç üzümüz gülməyəcək.
Sənsiz bizim xoş günümüz daha gözəl gəlməyəcək,
Laylay Dəmir babam, laylay.

Türkel qardaş sonbeşiyin qoymaz sönə ocağını,
Aysel bacım sözlərinlə bəzəyəcək otağını.
Selin, Deha dədə deyib istəyəcək qucağını,
Laylay Dəmir babam, laylay.

Şair Fuad ustadını hər bir zaman yad edəcək,
Məzarına gül aparıb, qəbri üstə su səpəcək.
Gədəbəyli Dəmir haqda gənclər üçün öyrədəcək,
Laylay Dəmir babam, laylay.



Dəmiri də torpaq özünə qatdı

Sabiri bişirdi sabunun satdı,
Hadini ayaqlar altına atdı.
Dəmiri də torpaq özünə qatdı,
Lazımsız dünyasan, dünya, a dünya.

Dolana bilmirəm heç sözümlə də,
Yola da getmirəm mən özümlə də.
Çox da yaşamaram bu dözümlə də,
Lazımsız dünyasan, dünya, a dünya.

Yaxşının üstünə cumdurdun iti,
Düzü anlamadın heç zaman qəti.
Yerində deyiblər lap sənə gidi,
Lazımsız dünyasan, dünya, a dünya.

Vəzifə başında oturub səmə,
Bizi urcah etdin ağıldan kəmə.
Dərdimi bilmirəm, söyləyim kimə,
Lazımsız dünyasan, dünya, a dünya.

Yazıq tanımırsan, fağır bilmirsən,
Ağlayan bir gözün yaşın silmirsən.
Sən özün görəsən niyə ölmürsən?
Lazımsız dünyasan, dünya, a dünya.

Deyərdim şeytandan heç bir fərqin yox,
Bəzi adamlartək qəddar oldun of...
Yaxşını yıxırsan gücləşmisən çox,
Lazımsız dünyasan, dünya, a dünya.

Müəllif: Fuad Biləsuvarlı, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025