Mobil versiya
Azərbaycan–İran iqtisadi əlaqələrinin yeni dinamikası - Gülər Sultanzadə
Tarix: 02-05-2025 | Saat: 13:14
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan–İran iqtisadi əlaqələrinin yeni dinamikası

2025-ci ilin aprelində baş tutmuş Azərbaycan–İran Biznes-Forumu yalnız iqtisadi əməkdaşlıq tədbiri deyil, eyni zamanda iki qonşu dövlət arasında tarixi dostluğun və strateji tərəfdaşlığın təsdiqi oldu. İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri bu əlaqələrin siyasi və diplomatik kontekstində yeni mərhələ başlatdı.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz deyib ki, Azərbaycan və İran arasında əlaqələr əsrlərlə davam edən ortaq mədəni, dini və etnik təməllərə əsaslanır. Bu uzunmüddətli münasibətlər XX və XXI əsrin mürəkkəb geosiyasi şəraitində də mühafizə olunmuş, xüsusilə 2000-ci illərdən sonra siyasi dialoqun genişlənməsi ilə daha da möhkəmlənmişdir. Cənab Prezident İlham Əliyev forum zamanı çıxışında bu səfərin mühüm siyasi nəticələr verdiyini vurğuladı. Bildirdi ki, “Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan–İran dostluğunu, qardaşlığını təsdiqləyir... bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır.” Bu nəticələr arasında prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusilə əhəmiyyətlidir. Bu sənəd, qarşılıqlı strateji niyyətləri təsdiq edən və gələcək əməkdaşlığın konturlarını cızan yol xəritəsi funksiyası daşıyır. Səfər və forum yalnız siyasi kontekstdə deyil, regionda sabitliyin və inteqrasiyanın güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu, iki ölkənin regional layihələrdəki liderlik iddialarını da dəstəkləyən bir platforma oldu. Biznes-forum, Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin real, praktiki nəticələr doğuracaq mərhələyə keçdiyini göstərdi. Forumda 400-dən çox nümayəndə, o cümlədən İrandan 120-dən çox iş adamı iştirak etdi. Cənab Prezident İlham Əliyev çıxışında iqtisadi əlaqələrin mövcud səviyyəsindən narazılığını açıq şəkildə ifadə etdi. Dedi ki, “Bu günə qədər bu, belə olmayıb... iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz.” Bu fikirlər Azərbaycan rəhbərliyinin qarşılıqlı ticarət, sərmayə və sənaye əməkdaşlığını gücləndirmək istiqamətində konkret tədbirlər gözlədiyini göstərir. Biznes Forumun əhəmiyyətinə gəldikdə demək olar ki, yeni biznes təklifləri və təmaslar, müştərək müəssisələrin yaradılması, sərmayə iqliminin qarşılıqlı təhlili və Dövlət səviyyəsində infrastruktur layihələrində İran şirkətlərinin iştirakı olduqca önəmli məsələlər idi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, “İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək.” İqtisadi əlaqələrdə keyfiyyət dəyişikliyi üçün siyasi iradə artıq formalaşıb. Qarşılıqlı sərmayə, ortaq müəssisələr və Şimal-Cənub dəhlizi kimi layihələr yaxın gələcəkdə konkret iqtisadi nəticələr doğuracaq.

Biznes-forum çərçivəsində xüsusi diqqət çəkən mövzulardan biri də nəqliyyat və enerji sahəsində əməkdaşlıq oldu. Araz Dəhlizi və Şimal–Cənub nəqliyyat dəhlizləri kimi layihələr, yalnız ikitərəfli deyil, regional və qlobal iqtisadi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev bildirdi ki, “Araz dəhlizi... Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir... bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Araz dəhlizi layihəsinin avtomobil və dəmir yol hissəsi üzrə işlər sürətlə gedir. Körpü tikintisi və sərhəd-keçid məntəqələri 2025-ci ilin sonuna qədər istifadəyə verilə bilər.Cənab Prezident İlham Əliyev qeyd etdi ki, “Beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir.” Beləliklə əməkdaşlıq elektroenerji mübadiləsi, yeni ötürücü xətlərin tikintisi, regional enerji şəbəkələrinin inteqrasiyası və yaşıl enerji üzrə İran şirkətlərinin iştirakı istiqamətində davam edəcək. Cənab Prezident həmçinin vurğuladı ki, azad olunmuş ərazilərdə İrandan olan biznesmenlər üçün də geniş imkanlar yaradılır: “Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq... və istərdim ki, İrandan olan biznesmenlər bu istiqamətdə də işləsinlər.” Nəqliyyat, enerji və sənaye əməkdaşlığı Azərbaycan–İran münasibətlərinin əsas dayaqlarından birinə çevrilməkdədir. Regional əməkdaşlıq platformaları üçün bu layihələr strateji baza rolunu oynayacaq—deyə Gülər Sultanzadə fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025