Mobil versiya
Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçısı – SEVƏR CABBARLI -Foto
Tarix: 19-02-2025 | Saat: 10:04
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçısı – SEVƏR CABBARLI

O, əsl elm fədaisi idi. 68 illik ömrünün 44 ilini Azərbaycan ədəbiyyatı tarixinin, əlyazma toplularının tədqiqatına həsr etmişdi. Söhbət filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Heydər qızı Cabbarlıdan gedir.

Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan, görkəmli dramaturq Cəfər Cabbarlının nəslindən idi Sevər Cabbarlı. O, görkəmli ədibin qardaşı nəvəsi idi. Elə Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərinin qəhrəmanı Sevərin adını daşıyırdı.
1957-ci il fevral ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olan Sevər Cabbarlı 1964-cü ildə Cəfər Cabbarlı adına 161 saylı orta məktəbə daxil olub və 1974-cü ildə həmin məktəbi bitirib.
1974-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olub. 1978-ci ilin iyun ayından 1979-cu ilin iyul ayına kimi Əfqanıstanda hərbi hospitalda mütərcim kimi fəaliyyət göstərib. 1980-ci ildə ali təhsilini tamamlayıb. 1981-ci ilin yanvar ayından AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlayıb. 1983-1985-ci illər ərzində yenidən Əfqanıstana ezam olunub və burada mütərcim kimi çalışıb. 1985-ci ildən 1991-ci ilə qədər ailə vəziyyəti ilə əlaqədar məzuniyyətdə olub.
1991-ci ilin iyun ayından M.Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdili əlyazmaların tədqiqi şöbəsi”ndə elmi fəaliyyətini davam etdirib. Sevər Cabbarlının əsas tədqiqat sahəsi ədəbiyyat və folklor mətnşünaslığı, XVIII-XIX əsrlər əlyazma toplularının (məcmuə, cüng və bəyaz) araşdırılması olub. 1994-cü ildə “XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. Alimin əsas elmi nailiyyəti Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, XVIII-XIX əsr əlyazma toplularının araşdırılması, XIX əsrdə yaşayıb yaratmış Azərbaycan şairlərinin əsərlərinin tədqiqi və çapa hazırlanması olub. Ədəbiyyat, folklor və mətnşünaslıq sahələri üzrə tədqiqat işləri aparan Sevər Cabbarlı 42 elmi əsərin müəllifi idi.
28 iyun 2006-cı ildə ədəbiyyat nəzəriyyəsi və mətnşünaslıq ixtisası üzrə dosent elmi adı alıb. Alim 2022-ci ilin martın 18-də 27 mart “Elm Günü” münasibətilə və məhsuldar elmi fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.
“XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları”, Şeyx Səfi təzkirəsi, Əlövsət Dərbəndi. “Töhfeyi-əhbab və sovqati-əsbab”, Mirzə Yusif xan Təbrizi. “Yek kəlmə”, Məmo bəy Məmayi. Şeirlər, Seyyid Zərgər. “Mizanül-ədalət”, Novbəri. Seçmə şeirlər, Novbəri. “Növhələr”, Mirzə Sadıq Rahil. “Bəhrül-həqaiq” yaxud “Şərhi-Gülüstan”, “Xəridətül-əcaib və fəridətül-ğəraib” nəşrləri məhz Sevər Cabbarlının tərtibatı əsasında ərsəyə gəlib.
Apardığı elmi tədqiqatları həyatının mənası hesab edən görkəmli alim Sevər Cabbarlı 2025-ci ilin yanvarın 7-də 68 yaşında vəfat edib.
Adında da, elmi fəaliyyətində də Azərbaycan ədəbiyyatını yaşadan Sevər Cabbarlı özündən sonra zəngin elmi irs buraxdı və bu irs onu daim yaşadacaq.
Sevər xanım həm də sadə insan, qayğıkeş ana idi. S.Cabbarlının bir qız və bir oğul olmaqla iki övladı var. Qeyd edək ki, o, Milli Məclisin deputatı Könül Nurullayevanın anasıdır.
Yeri gəlmişkən, Sevər xanımın anası, professor Aşura İsmayılova da 50 il BDU-nun Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. Neçə-neçə gənc elm adamının formalaşması və inkişafında önəmli rol oynayan fədakar alim səmərəli elmi-pedaqoji fəaliyyəti ilə daim fərqlənib. Təsadüfi deyil ki, bu gün ölkəmizin ən müxtəlif elm və təhsil ocaqlarında A.İsmayılovanın çoxsaylı yetirmələri uğurla fəaliyyət göstərir.
Sevər xanım həm də nəcib ziyalı, ən yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan qadını idi. İnsani və mənəvi keyfiyyətləri ilə onu tanıyanların ehtiramını qazanmışdı.
“Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan”. Hər kəs Sevər xanımı bu cür xarakterizə edir. Onu tanıyanlar, birgə çalışdığı insanlar yalnız xoş sözlər söyləyir ki, bu da Sevər xanımın daxilən necə zəngin və alicənab bir xanım olmasından xəbər verir. Sevər xanımın təmənnasız xeyirxahlığı, insanlara əl tutması nəciblik və fədakarlıq nümunəsi idi.
Sevər Cabbarlının yoxluğu tək onun yaxınları üçün deyil, həm də onu tanıyanların, sevənlərin itkisidir. Onun əziz xatirəsi sevənlərinin qəlbində daim yaşayacaq.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025