Mobil versiya
Xocalı faciəsi ermənilərin soyqırımı siyasətinin ən qanlı səhifəsidir
Tarix: 20-02-2025 | Saat: 11:05
Bölmə:Siyasət | çapa göndər

Xocalı faciəsi ermənilərin soyqırımı siyasətinin ən qanlı səhifəsidir

Öz tarixində dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı 1992-ci ilin fevralında Xocalıda növbəti faciə ilə üzləşdi. Bu zaman əsrin ən dəhşətli hadisələrindən biri baş verdi və ölkənin tarixinə qara hərflərlə yazıldı.
Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı diqqət mərkəzində idi. Düşmən Xocalını işğal etməklə bir sıra məqsədlər güdürdü. Bu məqsədələrə strateji üstünlük qazanmaq, soyqırım vasitəsilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini qırmaq daxil idi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və yarımhərbi birləşmələr şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər. Düşmən Xocalı soyqırımını törətməklə 613 nəfəri qətlə yetirdi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü. Yalnız çox az sayda insan Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildi.

Xocalıda mülki əhalinin bilərəkdən, zorakılıqla qətlə yetirilməsini çoxsaylı faktlar sübut edir. Məsələn, həmin gün əhalinin xilas olmaq istəyən xeyli hissəsinin ərazidən çıxış yollarında əvvəlcədən hazırlanmış xüsusi pusqularda məhv edilməsi bunlardan biridir. Keçmiş Ermənistan prezidenti S.Sarkisyan Xocalı soyqırımını törədən qüvvələrə başçılıq edənlərdən, onları təşkilatlandıranlardan biri olub və soyqırımında bilavasitə iştirak edib. Onun Tomas de Vaalın “Qara bağ” kitabında verilən fikirləri erməniləri ifşa edir: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq”.

Xocalı faciəsi ermənilərin çürük təfəkkürdən doğan istəklərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Xocalı faciəsi zamanı ermənilər tərəfindən yaşayış evləri dağıdılaraq yandırılıb, şəhəri tərk etmək məcburiyyətində olan dinc əhali Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutduğu zaman Naxçıvanik kəndi yaxınlığında erməni silahlıları tərəfindən yolları kəsilərək uşaq, qadın, qocalar atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Ermənilər tərəfindən soyqırımı törədən vəhşi cəlladlar Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir;
Xocalının düşmən tərəfindən işğal olunması zamanı böyük şücaət göstərərək şəhid olmuş bir sıra igid vətən oğulları Azərbaycanın Milli Qəhrəman fəxri adına layiq görülmüşlər. Bunların arasında Əlif Hacıyevin, Tofiq Hüseynovun, Aqil Quliyevin, Ələsgər Novruzovun adlarını çəkmək olar.

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə olaraq Ümummilli lider, Ulu Öndər Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ulu Öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə qeyd etmişdir ki, "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur və onları hər zaman ehtiramla yad edir.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025