Mobil versiya
Reallığı əks etdirən cəsarətli cavab
Tarix: 21-12-2024 | Saat: 15:24
Bölmə:Özəl | çapa göndər

Reallığı əks etdirən cəsarətli cavab

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti (VGTRK) və Rusiyanın “RİA Novosti” Agentliyinin “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev, jurnalistin bir çox suallarına faktlara əsaslanan və reallığı əks etdirən cəsarətli cavablar verib. Dövlət başçısı, həmçinin dünyada baş verən proseslərə və ölkəmizdə yaranan yeni reallıqlara toxunub.

Dmitri Kiselyov, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə münasibətlərində geri dönüşün olmadığını və Fransa ilə münasibətləri fəallaşdırdığını açıqlayaraq, bu vəziyyətin regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə demək olduğunu soruşub. Prezident İlham Əliyev bu suala cavab olaraq qeyd edib ki, “bu, birbaşa təhlükə deməkdir. Biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımızda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək verən Birləşmiş Ştatların rəhbərliyinə də çatdırmışıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.”

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur və bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşir. Bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdır, buna görə də Azərbaycan bu prosesə yalnız kənardan baxa bilməz. O, Ermənistan və onun ABŞ-dakı himayədarlarına dəfələrlə müraciət edərək, bu silahlanma yarışının dayandırılmasını tələb etdiklərini bildirib.

Fransa və Hindistanın Ermənistana ölümcül silahlar təmin etdiklərini gizlətmədiklərini vurğulayan Prezident İlham Əliyev, ABŞ-ın bu dəstəyi etiraf etmədiyini, amma Azərbaycan tərəfindən hərbi nəqliyyat təyyarələrinin izlənildiyini qeyd edib. Bununla yanaşı, o, bu vəziyyətin davam etməsi halında, Azərbaycanın müvafiq tədbirlər görəcəyini və 2025-ci ildə hərbi büdcəsinin rekord həddə — təxminən beş milyard dollar olacağını vurğulayıb.

Prezident İlham Əliyev, Ermənistanın bu silahlanma prosesinin Azərbaycan ilə silah yarışında onlara qarşı rəqabət aparmağa imkan verməyəcəyini, bu halda belə Ermənistanın Azərbaycanla silah yarışına tab gətirməyəcəyini bildirib. O, 2020-ci ildəki və 2023-cü ilin sentyabrında baş vermiş buantiterror əməliyyatlarının nəticələrini unutmamağın vacib olduğunu və Ermənistanın öz ərazilərindəki təxribatlara davam etməməsi üçün onlara xəbərdarlıq etdiklərini əlavə edib.

Prezident İlham Əliyevin bu açıqlamaları, Azərbaycanın müstəqilliyinin və gücünün daha da möhkəmləndiyini, ölkə başçısının uzaqgörən siyasi iradəsi və güclü diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünyadakı yerinin daha da möhkəmləndiyini bir daha göstərdi.

Prezidentin rəhbərliyi altında son 21 il ərzində Azərbaycanın inkişafı və xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar, o cümlədən 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə, ölkəmizin gücünü və müstəqilliyini dünyaya nümayiş etdirib. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi nəticəsində, Azərbaycan ordusunun qətiyyəti və xalqın birliyi sayəsində Qarabağ bölgəsi və digər ərazilər işğaldan azad edilib. Bu zəfər, Prezident İlham Əliyevin adını müzəffər sərkərdə və qurucu lider kimi tarixə yazdırıb.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılıb. Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Fransa, ABŞ və Hindistan kimi ölkələrin Ermənistanı silahlandıraraq regional təhlükəsizlikdə narahatlıq yaratması, Azərbaycan üçün yeni təhdidlər yaratsa da, Prezident İlham Əliyev bu təhdidlərə qarşı daima güclü və qətiyyətli mövqeyini ortaya qoymuşdur. 2025-ci ildəki rekord hərbi büdcə və Azərbaycanın güclü ordusu bu təhdidlərə qarşı ölkəmizin hazırlığını və qətiyyətini nümayiş etdirir.

Bu gün Azərbaycan, beynəlxalq səhnədə öz sözünü deyən, müstəqil və güclü bir dövlətdir. Fransa və digər ölkələr bu gücü qəbul etməli və unutmamalıdır ki, Azərbaycan heç vaxt öz müstəqilliyindən və milli maraqlarından geri addım atmayacaq.


Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024