Mobil versiya
Azərbaycan–Vyetnam dostluğu: mədəniyyətin yaratdığı mənəvi körpü
Tarix: 23-11-2026 | Saat: 09:59
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan–Vyetnam dostluğu: mədəniyyətin yaratdığı mənəvi körpü

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin dərinliyini nümayiş etdirən mühüm amillərdən biri onilliklər ərzində formalaşmış mədəni və yaradıcı əlaqələrdir. Bu əlaqələr xalqların bir-birini daha yaxından tanımasına, milli-mədəni irsə qarşılıqlı marağın artmasına və siyasi münasibətlərin mənəvi məzmunla zənginləşməsinə xidmət edir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində mədəni əməkdaşlığın tarixi köklərinə xüsusi diqqət yetirməsi də bu baxımdan təsadüfi deyil. Dövlət başçısının qeyd etdiyi faktlar Azərbaycan–Vyetnam mədəni dialoqunun müasir təşəbbüslərdən xeyli əvvəl yarandığını və müxtəlif nəsillərin nümayəndələrinin fəaliyyəti ilə inkişaf etdiyini göstərir.

İki ölkə arasında münasibətlərin tarixi təxminən 70 ili əhatə edir. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri qarşılıqlı dostluğun möhkəmlənməsində mühüm mərhələlər olub. Bu tarixi təmaslar siyasi və iqtisadi əlaqələrlə yanaşı, mədəni-humanitar əməkdaşlığın inkişafı üçün də zəmin yaradıb.
Mədəni əlaqələrin ilkin nümunələrindən biri görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə ilk Sovet-Vyetnam sənədli filmi üçün yaratdığı “Vyetnam süitası”dır. Azərbaycan mədəniyyətinin Vyetnamla bağlılığının digər parlaq nümunəsi isə rejissor Əjdər İbrahimovun fəaliyyətidir. O, 1959–1962-ci illərdə Vyetnamda çalışaraq milli kino məktəbinin formalaşmasına, yerli rejissor və aktyor kadrlarının yetişdirilməsinə töhfə verib. Üç film çəkən sənətkarın xidmətləri Vyetnamda yüksək qiymətləndirilib. Onun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə edilərək 2026-cı ildə Hanoyda təqdim olunması bu yaradıcı irsin bu gün də aktuallığını qoruduğunu göstərir.

Ədəbi mübadilə də iki xalqın qarşılıqlı mədəni tanışlığında mühüm rol oynayır. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri Vyetnamın müasir ədəbi düşüncəsinin ölkəmizdə tanıdılmasına imkan yaradıb. 2026-cı ildə Vyetnam Günlərinin Bakı ilə yanaşı Qəbələdə də keçirilməsi isə mədəni əməkdaşlığın coğrafiyasının genişləndiyini nümayiş etdirib. Bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı marağın artmasına və dostluq münasibətlərinin daha geniş ictimai müstəvidə inkişafına xidmət edir.
Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında siyasi partiyalar arasında əməkdaşlıq da mühüm yer tutur. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr uzun illərə söykənir və iki ölkə arasındakı dostluq münasibətlərinin institusional müstəvidə möhkəmlənməsinə xidmət edir. Tərəflər arasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə əsası qoyulan bu əlaqələr 2023-cü ilin noyabrında Əməkdaşlıq Sazişinin imzalanması ilə yeni mərhələyə yüksəlib. Saziş siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və partiyaların müxtəlif strukturları arasında əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradıb. Sonrakı dövrdə keçirilən qarşılıqlı görüşlər və təmaslar da partiyalararası əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin müsahibəsində hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlığı xüsusi qeyd etməsi bu münasibətlərin dövlətlərarası tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu təsdiqləyir.

İki ölkə arasında münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyib. Sənəd siyasi, iqtisadi, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələri ilə yanaşı, humanitar əlaqələrin də inkişafı üçün yeni imkanlar açıb. Bu, iki ölkənin münasibətlərinin daha geniş və çoxşaxəli əməkdaşlıq modelinə əsaslandığını göstərir.
Mövcud tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün mədəniyyət, təhsil, turizm və elm sahələrində birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Birgə sərgilər, film nümayişləri, tərcümə proqramları, universitetlərarası əlaqələr və sənət adamlarının qarşılıqlı səfərləri xalqlar arasında birbaşa təmasların artmasına xidmət edə bilər. Belə təşəbbüslər tarixi dostluq ənənələrinin müasir əməkdaşlıq imkanları ilə zənginləşdirilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin müsahibəsində vurğulanan məqamlar göstərir ki, Azərbaycan–Vyetnam münasibətlərinin gücü yalnız siyasi dialoq və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlərin arxasında onilliklər ərzində formalaşmış qarşılıqlı hörmət, mənəvi bağlılıq və zəngin dostluq ənənələri dayanır. Qara Qarayevin musiqisi, Əjdər İbrahimovun kino sahəsindəki fəaliyyəti, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əməkdaşlıq və müasir dövrdə həyata keçirilən mədəni layihələr bu bağlılığın müxtəlif təzahürləridir. Mədəniyyət və siyasi dialoq vasitəsilə möhkəmlənən əlaqələr iki xalqın yaxınlaşmasına, strateji tərəfdaşlığın isə ictimai, siyasi və humanitar əsaslarının daha da güclənməsinə xidmət edir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə