Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan bütün ölkələrlə münasibətlərini əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik prinsipləri üzərində qurmağa üstünlük verir”
Tarix: 19-12-2024 | Saat: 14:51
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan bütün ölkələrlə münasibətlərini əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik prinsipləri üzərində qurmağa üstünlük verir”

“Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin inkişafı yeni əməkdaşlıq formatlarının yaranması ilə yanaşı, qarşılıqlı əlaqələrin coğrafiyasının genişləndirilməsinə də özünəməxsus töhfə verir. Bu əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər mühüm əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub və ölkəmiz bu əməkdaşlığa böyük önəm verir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” qarşılıqlı münasibətlərin yeni mərhələsini təşkil edib. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Məhz bu sənədlə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nəhayət 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.


Deputat Azərbaycan ilə Rusiya arasında münasibətlərin cənab Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində ətraflı təhlil olunduğunu diqqətə çatdırıb və bildirib ki, bu münasibətlərin inkişaf dinamikasının 2025-ci ildə də davam etdirilməsi üçün möhkəm zəmin mövcuddur.

Fikirlərini davam etdirən N.Aslanov daha sonra cənab Prezident İlham Əliyevin Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi yaşayış yerlərinə qayıtmaları istiqamətində görülən işlər barədə təqdim etdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Məlumdur ki, Azərbaycan dövləti üçün deportasiya edilmiş və məcburi köçkün düşmüş azərbaycanlıların öz doğma yurdlarına, o cümlədən Ermənistanın keçmiş ərazilərinə qayıtması çox mühüm bir prioritetdir. Bu, yalnız humanitar bir məsələ deyil, həm də ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası baxımından strateji əhəmiyyət kəsb edir. Ermənistandan deportasiya edilmiş insanlara qayıtmaq hüququ verilməsi, beynəlxalq hüquq və müvafiq konvensiyalarla da dəstəklənir. Azərbaycan dövləti bu məsələnin həlli üçün diplomatik təşəbbüslər göstərir, beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir və Ermənistan ilə gələcək sülh danışıqlarında bu məsələni önə çəkir. Bu proses, həm də regional sülh və təhlükəsizlik baxımından vacibdir. Cənab Ptezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Ermənistandan 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlı var. Onlar icma halında təşkilatlanaraq dədə-baba torpaqlarına qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət ediblər. Lakin bu günədək Ermənistan rəhbərliyi hələ də azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə heç bir cavab verməyiblər. Möhtərəm dövlət başçımız xüsusi olaraq vurğuladı ki, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə