Mobil versiya
Gülər Sultanzadə: “Azərbaycan həqiqətlərinin dünyaya daha yaxından tanıdılması baxımından ölkəmizdə təhsil alan əcnəbi gənclərin müxtəlif tədbirlərə cəlb olunmaları mühüm əhəmiyyət kəsb edir”
Tarix: 10-12-2024 | Saat: 13:04
Bölmə:Gündəm / Özəl / Təhsil | çapa göndər

Gülər Sultanzadə: “Azərbaycan həqiqətlərinin dünyaya daha yaxından tanıdılması baxımından ölkəmizdə təhsil alan əcnəbi gənclərin müxtəlif tədbirlərə cəlb olunmaları mühüm əhəmiyyət kəsb edir”

“1950-ci ildə Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılan Azərbaycan Texniki Universiteti (AzTU) ölkəmizin texniki təhsil sahəsində aparıcı universitetlərindən biridir. İndiki adını universitetimiz 1991-ci ildən daşıyır. Hal-hazırda universitetdə maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələri əhatə edən 38 ixtisas üzrə bakalavr və 100-dən çox ixtisaslaşma üzrə magistr hazırlanır. AzTU-da Nəqliyyat və logistika, Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə, Xüsusi texnika və texnologiya fakültələri fəaliyyət göstərir. Qeyd edim ki, universitetimizin elmi nailiyyətləri Elmi əsərlər və Maşınşünaslıq adlı elmi-texniki jurnallarda çap olunur. 500 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.”

Bu sözləri Azərbaycan Texniki Universitetinin fəaliyyətilə bağlı aia.az-a verdiyi müsahibəsində həmin universitetin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam etdirən müsahibimiz həmçinin AzTU-nun rayon və bölgələrimizin inkişafına verdiyi töhfələrdən bəhs edib: “Qürur hissi ilə deməliyəm ki, bu gün universitetimiz ölkəmnin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak etməklə regionların dayanıqlı inkişafına da önəmli töhfələr verir. Bu baxımdan hazırda respublikamızın 26 şəhər və rayonunda uğurla davam etdirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin icrası xüsusi əhəmiyyət kəsb edir. Elə bu günlərdə, daha dəqiq desəm, 6-7 dekabr tarixlərində Gəncə şəhər, Ağstafa və Qazax rayonlarında görülən işlərlə tanışlıq olub, müvafiq icra hakimiyyətlərində görüşlər keçirilib. Həmin görüşlərdə də sözügedən layihənin rayonlarda yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına əhəmiyyətli töhfə olacağı vurğulanıb. Belə ki, şəhərdaxili mobillik planı hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bunu da qeyd etmək lazımdır ki, “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan bu xidmət layihəsi adıçəkilən şəhər və rayon icra hakimiyyətləri ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir.”

Daha sonra G.Sultanzadə universitet tələbələrinin uğurlarından danışıb: “Bu yaxınlarda “Özbahçeci İnvest klub”un təşkilatçılığı ilə “Startaplar üçün Layihə Dəyərləndirmə Formu” keçirilib. Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi, millət vəkilləri və gənc sahibkarlar çıxış ediblər. Forum çərçivəsində “Özbahçeci İnvest klub”la Azərbaycan Texniki Univertsiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Onu da deyim ki, Forumun keçirilməsində əsas məqsədlərdən biri də gənc sahibkarların startap ideyalarının dəyərləndirilməsi olub. Bu məqsədlə Forumun gedişində təqdimatlar olunub. Mütəxəssislərdən ibarət münsiflər heyəti və investorlar qarşısında 11 startap müəllifi öz ideyalarını təqdim ediblər. Sevindirici haldır ki, məhz bizim universitetin tələbələrindən ibarət “İntech” komandasının “Ovuc içi” layihəsi münsiflərin və investorların rəyinə əsasən birinci yerə layiq görülüb. Bu layihə müasir texnologiyaları ovucun içinə sıxacaq ölçüyə gətirmək və beləliklə istifadəçilərin texnoloji bacarıqlarını daha sadə və anlaşıqlı yolla öyrənməsini hədəfləyir. Təklif olunan qurğudan mühəndisliyə marağı olan şagirdlər və tələbələr yararlana bilərlər.”
Sonda YAP fəalı AzTU-nun beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açıb: “Universitetimiz artıq uzun müddətdir ki, BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq əlaqələrin genişləndirilməsi AzTU rəhbərliyinin hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən olub. Universitetimiz bu gün də öz ənənələrinə sadiq qalaraq bu istiqamətdə işləri uğurla davam etdirir. Əlbəttə ki, Azərbaycan həqiqətlərinin dünyaya daha yaxından tanıdılması baxımından ölkəmizdə təhsil alan əcnəbi gənclərin müxtəlif tədbirlərə cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda universitetimizdə təhsil alan, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan əcnəbi tələbələr 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçilmiş Şuşa şəhərində təşkil olunan müxtəlif tədbirlərdə iştirak ediblər. Tədbirlər planı çərçivəsində maraqlı təlimlər və sessiyalar keçirilib, eyni zamanda müxtəlif marafonlar və mədəni proqramlar təşkil olunub. Bu tədbirlərin keçirilməsində əsas məqsəd İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gəncləri arasında həmrəyliyi gücləndirmək, gənclər siyasəti sahəsində əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlərarası dialoqu təşviq etmək olub” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025