Mobil versiya
Fərid Mustafayev: “COP29 möhtəşəm nəticələri ilə bütün dünyaya tamamilə yeni standartlar təqdim etdi” -Foto
Tarix: 07-12-2024 | Saat: 21:38
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Fərid Mustafayev: “COP29 möhtəşəm nəticələri ilə bütün dünyaya tamamilə yeni standartlar təqdim etdi”

Azərbaycan növbəti dəfə qlobal miqyasda öz nüfuzunu təsdiqləyərək COP29-u yüksək səviyyədə keçirdi. Həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakı sessiyası son dərəcə uğurlu nəticələri ilə bütün dünyaya tamamilə yeni standartlar təqdim etmiş oldu. Mövzu ilə bağlı YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev aia.az-a müsahibə verib.

- Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada böyük maraqla müzakirə olunan mövzulardan biri də COP29-un nəticələri ilə bağlıdır. Təbii ki, bizim də bu mövzu ilə bağlı sizə suallarımız olacaq. Lakin istərdim ki, ilk növbədə bu tədbirin təşkilatçılıq baxımından necə keçirildiyinə dair fikirlərinizi öyrənim.

- COP29-un həqiqətən də ən yüksək səviyyədə keçirildiyi bu gün bütün dünya tərəfindən birmənalı təsdiq olunub. Əlbəttə ki, bunun tam əksinə nail olmaq, Bakı Sessiyasını boykot edə bilmək üçün Qərbin bəzi anti-Azərbaycan ruhlu dairələri əllərindən gələni etdilər. Bu tədbirə ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsinə dair qərarın qəbul olunmasından dərhal sonra həmin dairələr ölkəmizə qarşı buna qədər də apardıqları qarayaxma kampaniyasını daha da gücləndirdilər. Cənab Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, özünü müstəqil QHT adlandıran qurumlar, eləcə də bəzi siyasətçilər və saxta-xəbər mediası ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması yönümündə səylərini ikiqat artırdılar. Lakin bütün bunlar heç bir nəticə vermədi. Daha doğrusu nəticələr oldu, lakin bu nəticələr anti-Azərbaycan qüvvələrin deyil, mütərəqqi bəşəriyyətin gözləntilərini doğrultdu. COP29 196 ölkədən 76 mindən çox iştirakçı ilə işinə başladı və onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var idi. Azərbaycan növbəti dəfə müxtəlif dövlətlər və xalqlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin salınmasına böyük töhfələrini verdi. COP29 möhtəşəm nəticələri ilə bütün dünyaya tamamilə yeni standartlar təqdim etdi.

- Fərid müəllim, COP29-un ölkəmizin beynəlxalq nüfuzunun daha da güclənməsinə təsiri baxımındanəhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu sualınızı daha aydın şəkildə cavablandırmaq üçün mən ilk növbədə qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda ümumbəşəri dəyərlər hər zaman istiqamətverici prioritet amillər kimi çıxış edib. Çox maraqlıdır ki, bu vacib məqam ABŞ Prezidenti Baydenin təbrik bəyanatında da öz əksini tapıb. Halbuki, hazırkı dövrdə bu ölkənin Azərbaycanla siyasi müstəvidə münasibətlərində müəyyən gərginliklərin müşahidə olunduğu da heç kim üçün sirr deyil. Həmin bəyanatda uğurlu nəticələrin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik edən ABŞ Prezidenti COP29-un Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdiyini və qlobal müzakirələrin mərkəzinə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü. Elə bilirəm ki, dünyanın ən böyük güclərindən biri hesab olunan ABŞ-nin dövlət başçısının bu etirafı da Azərbaycanın yüksək beynəlxalq nüfuz sahibi olduğunu bir daha təsdiq etmiş olur.

- Bildiyimiz kimi, COP29-da əldə edilmiş ən uğurlu nəticələrdən biri kimi İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirildiyi qeyd olunur. Bu barədə nə deyə bilərsiniz.

- Bəli, tamamilə haqlısınız və bu böyük nailiyyət karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsini nəzərdə tutur. Digər tərəfdən isə Tərəflər Konfransının Bakı Sessiyası 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Diqqət edin ki, cənab Prezident İlham Əliyev məhz bu nəticəni son dərəcə yüksək dəyərləndirərək bildirib ki, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə böyük dəstək olacaq. Dövlətimizin başçısı Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi səciyyələndirdi və əminliyini bildirdi ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

- Fərid müəllim, mən bir məsələyə xüsusi aydınlıq gətirməyinizi xahiş edərdim. Az öncə siz də qeyd etdiniz ki, qarşıya 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək kimi bir hədəf qoyulub. Lakin məlumatlarda başqa, daha böyük bir rəqəm də keçir, 1,3 trilyon ABŞ dolları. Bu vəsait nə üçün nəzərdə tutulub?

- Dediyiniz 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçilib. Yəni Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə məhz bu məbləğdə iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki illik 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi də daxildir. Beləliklə, əsas hədəf inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək məqsədilə inkişaf etmiş ölkələrin səfərbər olunmasıdır. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilib və bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Məhz bu göstəricilər də bizə belə deməyə əsas verir ki, Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələmiş oldu.

- Əlbəttə ki, bu nəticələrə gəlmək yəqin ki, heç də asan olmayıb. Azərbaycanın bu nailiyyətlərin əldə olunmasında rolunu necə qiymətləndirə bilərsiz?

- Azərbaycan COP29-un Sədrliyi kimi bütün bu uğurlu nəticələrin əldə olunmasında ən çox səy göstərən və ən çox əməyi olan tərəfdir. Təsəvvür edin ki, məhz COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. Bakı Maliyyə Məqsədi bütün iqlim pillələri üzrə tərəqqini təmin edəcək sazişlər paketinin mərkəzi hissəsidir. COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Bütün bunlar çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan inkişaf etməkdə olan ölkələr üçün əsas illik iqlim maliyyəsi hədəfinin üç dəfə artırılmasını təmin etdi. Bakı Maliyyə Məqsədi qlobal maliyyə strukturunu həmişəlik dəyişdi və bu da məhz Azərbaycanın gərgin səyləri nəticəsində mümkün oldu. Əldə olunmuş bütün bu nailiyyətlər sözsüz ki, iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.

- Fərid müəllim, ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Mən də sizə təşəkkür edirəm, sağ olun.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə