Mobil versiya
Göydəniz Qəhrəmanov: “Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin mövcudluğu həm hüquqa zidd, həm də regional sülh və sabitliyə ciddi təhlükə yaradan bir hal idi”
Tarix: 16-09-2025 | Saat: 18:24
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin mövcudluğu həm hüquqa zidd, həm də  regional sülh və sabitliyə ciddi təhlükə yaradan bir hal idi”

“19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması məqsədilə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatına başlanmışdır. Həmin tarixdən keçən iki il ərzində yaşanan hər gün, ölkəmizdə və regionda müşahidə olunan bütün proseslər Azərbaycanın keçirdiyi bu əməliyyatın zəruri addım olduğunu sübut edir. II Qarabağ savaşından sonra ölkmiz dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş qanlı toqquşma, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Şuşa istiqamətində törətdikləri təxribatlar, həmin ilin aprel və may aylarında şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması erməni silahlı təxribatlarının ən bariz nümunələri oldu. Bir sözlə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı birləşmələrinin mövcudluğu həm hüquqa zidd, həm də regional sülh və sabitliyə ciddi təhlükə yaradan bir hal idi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat öz açıqlamasında bunu da qeyd edib ki, Azərbaycan Ordusu suverenliyin bərpası əməliyyatının gedişində heç bir mülki şəxsə və ya obyektə zərər verməmək üçün bütün zəruri tədbirləri vaxtında görmüşdü: “Qeyd olunduğu kimi, Azərbaycanın keçirdiyi əməliyyatın yeganə məqsədi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, bölgədə ölkənin konstitusiya quruluşunun bərpa edilməsi idi. Dövlət suverenliyinin tam bərpası əməliyyatıı hər iki tərəfdən mülki şəxslərin təhlükəsizliklərinin təmin olunması ən vacib şərt kimi müəyyən edilmişdi. Bu məqsədlə Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmişdi. Eyni zamanda həmin müddətdə səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Ölkə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi Azərbaycan tərəfindən tam təmin olundu. Bütün bu tədbirlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalçı erməni silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu bütün hallarda humanizm prinsiplərini hər şeydən uca tutur” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025