Mobil versiya
Novruz Aslanov : "İşğaldan azad edilmiş rayon və bölgələrimiz böyük iqtisadi potensiala malikdirlər"
Tarix: 06-12-2024 | Saat: 14:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruz Aslanov : "İşğaldan azad edilmiş rayon və bölgələrimiz böyük iqtisadi potensiala malikdirlər"

İşğaldan azad olunmuş ərazilərin bərpası, insanların ora qayıtması çox mürəkkəb və böyük işdir. Bunu tez bir zamanda, görüntü və kiməsə xoş gəlmək üçün etmək olmaz. İşğaldan azad edilmiş torpaqlarda baş verən reallıqları nəzərə alsaq, tələsməyə ehtiyac yoxdur. Otuz illik işğal insanlarımızda çoxlu yaralar buraxdı və onların sağalması üçün uzun zamana ehtiyac vardır. Bu illər ərzində Azərbaycan daha da gücləndi, dünya miqyasında özünə layiqli yerini tutdu. Artıq Azərbaycanla dünyada hesablaşırlar.

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov deyib.

“Böyük Qayıdış” proqramının əsas məqsədi öz doğma torpaqlarına qayıdacaq vətəndaşlarımızın rifahı və təhlükəsizliyidir. Onların rahat yaşayış şəraiti, sosial müdafiəsi, işlə təmin olunması vacib şərtlərdəndir. Bu, hərtərəfli işdir və plan üzrə - Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdış proqramına əsasən mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda demək olar ki, Azərbaycan işğaldan azad olunmuş şəhər və rayonlarımızda hətta mümkün olmayan işləri görür, tez bir zamanda bu torpaqları canlandırır. Görün işğaldan azad edilmiş torpaqlarda infrastruktur necə inkişaf edir, neçə belə iri layihələr həyata keçirilir. Bütün bu işlərin maliyyələşdirilməsi Azərbaycanın öz çiynindədir. 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulan xərclərin əhəmiyyətli hissəsini - 10 faizini işğaldan azad edilmiş ərazilərin bərpası üçün ayırmalar təşkil edəcək.

10 minə yaxın keçmiş məcburi köçkün artıq öz doğma yurdlarına qayıdıb - bu, məncə çox ciddi göstəricidir. Bəzilərinə kiçik görünsə də, bu səhv fikirdir. Bu ərazilərin hansı vəziyyətdə geri qayıtdığını xatırlasaq, 10 minlik göstərici demək olar ki, qələbədir. Unutmayaq ki, bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə səhiyyə, ticarət, təhlükəsizlik, təhsil, sosial xidmət sahələrində çalışan minlərlə vətəndaş vardır. Azərbaycan rəhbərliyi böyük məsuliyyət hissi ilə bu işləri görür, layihələrin həyata keçirilməsi bir daha sübut edir ki, biz torpaqlarımıza həmişəlik qayıtmışıq.

Azad edilmiş torpaqları necə sürətlə məskunlaşdırdığımızı göstərmək üçün sürətlə müvəqqəti sığınacaqlar tikmək və keçmiş məcburi köçkünləri kütləvi şəkildə ora köçürmək olardı. Lakin, bu insanlar onilliklər boyu öz doğma yurdlarından uzaqda yaşamış, on illərlə çadırlarda, vaqonlarda qısılmışlar. Bu çadırlarda, vaqonlarda yaşamış, indi otuz yaşına çatmış gənc bir nəsl böyüyüb və onlara bu hislər yad deyil.
Amma dövlət öz vətəndaşının belə aqibətini istəmir. Dövlət hər şeyi yavaş-yavaş, ağıllı və gələcəyə hesablanmış şəkildə həyata keçirilməsini qarşıya məqsəd qoyub ki, bu ərazilərdə əsrlər boyu insanlar rahat şəkildə yaşayıb yaratsınlar. Görün, bu gün dirçələn şəhər və kəndlərdə necə gözəl yaşayış kompleksləri tikilir. Çoxmərtəbəli binalarda gözəl, işıqlı mənzillər, komfortlu fərdi evlər, hansı ki, keçmiş məcburi köçkünlər bu şəraiti Bakıda belə xəyal edə bilməzdilər. Qarabağa və Şərqi Zəngəzura qayıdan vətəndaşlar üçün tikilən yaşayış komplekslərində rahat yaşamaq, təhsil almaq, istirahət etmək, müalicə almaq üçün hər cür şərait yaradılıb. Baxın, nə qədər gənc işğaldan azad edilmiş torpaqlara qayıdır, nə qədər uşaq var. Bu, həmin bölgələrin parlaq gələcəyinə işarədir.

Tələsik rejimdə bu işləri görməklə nəyəsə nail olmaq olmaz. Hər addımı düşünülmüş və düzgün, aydın plana uyğun və məqsədli şəkildə atmaq lazımdır. İnsanlar onlar üçün tikilən evlərdə özlərini yaxşı hiss etməli, əmək fəaliyyəti ilə məşğul olmaları üçün münbit şərait yaradılmalı, onların inkişaf imkanları olmalıdır. Onlar fərdi təsərrüfatla məşğul olmalı və gəlir əldə etməli, torpaqdan səmərəli istifadə etməli və ondan bəhrələnməlidirlər.

Bərpa işlərini ləngidən əsas problem həmin ərazilərin total şəkildə minalarla çirkləndirilməsidir. Bu problem həll olunmayana qədər işğaldan azad edilmiş ərazilərə kütləvi köçürmələrdən danışmaq mümkün deyil. Əgər hər işimizdə şansa güvənsək, o zaman böyük risklərlə üzləşə bilərik. Dinc əhalinin mina qurbanına çevrilməsi, faciələr, insanların sağlamlığını və həyatını itirməsi ilə bağlı dəhşətli xəbərlərlə qarşılaşa bilərik. Çox çətindir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də minadan zərər çəkmiş vətəndaşlarla işləyir və mən, cəmiyyətin rəhbəri olaraq bu problemlə yaxından tanışam. Azərbaycan tamamilə düşünülmüş addımlar atır, kiçik və güvənli addımlarla irəliləyir. Biz tam əmin olmalıyıq ki, insanların geri qayıtdığı ərazidə mina təhlükəsi yoxdur. Minaların təmizləmə prosesi vaxt tələb edən, çox ciddi, təhlükəli və əziyyətli bir işdir. Vətəndaşlarımızın təhlükəsizliyi naminə bu proseslərə məsuliyyətlə yanaşılır və işlər uğurla davam etdirilir. Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda öz vətəndaşlarını ən yaxşı yaşayış şəraiti ilə təmin etmək istəyir. İnsanlar təhlükəsiz şəraitdə oxuya, işləyə, ailə qura və uşaq böyüdə bilsinlər. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi bütün dövlət qurumlarının, QHT-lərin və cəmiyyətin əlaqələndirilmiş şəkildə fəaliyyətini tələb edir. Beynəlxalq strukturların cəlb edilməsi də vacibdir, təəssüf ki, biz bunu indiyə qədər çox az görürük.

Otuz il davam edən bu cür total dağıntıdan və belə uzun müddətli işğaldan sonra ərazilərin bərpası onilliklərlə çəkə bilər. Amma Azərbaycan artıq insanları geri qaytarır və bu, böyük nailiyyətdir. İşğaldan azad edilmiş torpaqlara bu gün baş çəkib oradakı işləri görəndə, görülən işlərin miqyasına heyran qalmamaq, heyran olmamaq mümkün deyil. Biz Qarabağı, Şərqi Zəngəzuru dünyanın cənnət məkanlarından birinə çevirəcəyik. Baxmayaraq ki, bizim bu işimizə müdaxilə etməyə cəhdlər az deyil.

Ölkə rəhbərliyinə hörmətlə yanaşılmalıdır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı bütün proseslərə necə müdrikliklə nəzarət etdiyini görürük. Xüsusilə Böyük Qayıdışdan söhbət gedirsə. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərə tez-tez baş çəkir, bərpa işləri ilə şəxsən tanış olur, bütün prosesləri, əvvəldən axıra qədər nəzarətdə saxlayır.

Əminəm ki, azad edilmiş torpaqlar cənnətə çevriləcək. Ən yaxşı, ən müasir və texnoloji cəhətdən inkişaf etmiş, ən təmiz ekoloji ərazi olacaq. Qarabağ regionu münbit torpaqlarına və əlverişli iqlim şəraitinə görə kənd təsərrüfatı mərkəzinə çevrilə bilər. Eyna zamanda dünyanın hər yerindən turistlər və investorlar üçün cəlbedici məkan olacaq. Hələlik bir çoxları müşahidəçi mövqe tutaraq regionda proseslərin necə inkişaf edəcəyini və sülhün nə qədər davamlı olacağını gözləyirlər.

Ermənistanla bütün məsələlər həll olunandan və sülh müqaviləsində təsbit olunan sabitlik bərqərar olduqdan sonra Qarabağ və Şərqi Zəngəzurdakı layihələrə maraq xeyli artacaq, dünyanın ən böyük şirkətləri burada işləməyə maraq göstərməyə başlayacaq və investisiyalar buraya axacaq. Bu regionda layihələrin həyata keçirilməsinin iqtisadi faydası çox böyük olacaq. Turizm həm də böyük gəlir gətirə bilər ki, bu da əhalinin rifahına müsbət təsir edəcək, çünki turizm zonalarının sakinləri, bir qayda olaraq, çox yaxşı gəlirlər əldə edirlər.

Qarabağ iqtisadi rayonu cazibə mərkəzidir. Bu gün öz torpaqlarına qayıdanlar öz əməyi ilə bu rayonu inkişaf etdirəcək, gələcək nəsillərin firavan yaşaması üçün şərait yaradacaqlar.

İqtisadçıların proqnozuna görə gələn il Xankəndi, Ağdərə, Laçın və Zəngilan rayonları öz xərclərini ödəyə biləcəklər. Bu, böyük iqtisadi və kənd təsərrüfatı potensialından xəbər verir.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə