Mobil versiya
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının səfiri ilə görüşüb -Fotolar
Tarix: 31-10-2024 | Saat: 19:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı səmimi salamlayan parlamentin spikeri, dövlətlərarası münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən danışıb. Sahibə Qafarova bildirib ki, bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır.

Milli Məclisin sədri Pakistana və onun parlamentinə həm Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zamanı ölkəmizə beynəlxalq arenada verdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın da həmişə Pakistanın yanında olduğunu və Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməsini dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin, müntəzəm təmaslarının, eləcə də deputatlarımızın beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüşdə yaxın günlərdə Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a hazırlıq işləri barədə danışılıb. Spiker Sahibə Qafarova COP-29 ətrafında gedən çirkin siyasi oyunları qəbuledilməz adlandırıb, bu tədbirin ümumbəşəri əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qonağa Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində keçirəcəyi Parlament konfransı barədə də məlumat verilib, tədbirin parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq məqsədilə əhəmiyyətli platforma olduğu bildirilib.
Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasim Mohiuddin Pakistan Milli Assambleyası sədrinin salamlarını və xoş arzularını spiker Sahibə Qafarovaya çatdırıb. O, Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərə və qardaşlıq əlaqələrinə söykəndiyini, bu münasibətlərin bundan sonra da davam edəcəyini bildirib. Səfir qeyd edib ki, Pakistan COP29-da iştirak edəcəyini dərhal təsdiqləyən ölkələrdəndir və əmindir ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə və uğurla keçirəcək.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanın mövqeyi həmişə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə əsaslanıb və Pakistan həmişə Azərbaycanın yanında olduğunu bildirib. Səfir, eyni zamanda Azərbaycanın da Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Ölkəmizin iqlim dəyişiklikləri kimi qlobal problemlərin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını və bu görüşün iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələri gücləndirəcəyinə inandığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024