Mobil versiya
Adəm İsmayıl Bakuvi: “1988-ci ildən başlayaraq ermənilərin Qubadlıda dinc əhaliyə qarşı törədikləri tеrror aktları sistemli hal almışdı”
Tarix: 18-10-2024 | Saat: 11:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər

Adəm İsmayıl Bakuvi: “1988-ci ildən başlayaraq ermənilərin Qubadlıda dinc əhaliyə qarşı törədikləri tеrror aktları sistemli hal almışdı”

“Qubadlının strateji əhəmiyyəti eyni zamanda həm bu rayonun zəngin faydalı qazıntı yataqları, həm də əlverişli coğrafi yerləşməsi ilə müəyyən olunur. Məlumdur ki, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı vardır. Eyni zamanda rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin olub. Təəssüflər olsun ki, bütün bu zənginlikdən indi heç bir əsər-əlamət qalmayıb. 27 il davam edən işğal dövründə erməni qəsbkarları rayonun faydalı qazıntı yataqlarını qanunsuz olaraq istismar etmiş, sərvətlərini talamış, mədəni-tarixi abidələrimizi vandalcasına dağıdaraq viran qoymuşlar. Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olunmuşdur. Lakin buna qədər də rayon 1988-ci ildən başlayaraq Еrmənistan ordusunun və keçmiş Dağlıq Qarabağın cinayətkar rejiminin qanunsuz silahlı birləşmələrinin hissələri tərəfindən mütəmadi olaraq təcavüzkar hücumlara məruz qoyulmuş, dinc əhaliyə qarşı törədilən tеrror aktları mütəmadi və sistemli hal almışdı.”

Bu fikirləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi 25 oktyabr Qubadlı şəhəri günü münasibətilə aia.az-a verdiyi açıqlamasında ifadə edib.

Politoloq həmçinin tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən qəbul edilən qərarların əhəmiyyətini vurğulayıb və bildirib ki, 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi olub: “Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam edib. Şəhəri azad etmək üçün ilk növbədə ətrafdakı yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdə hərbçilərimizi təhdid edən gücləndirilmiş atəş nöqtələri yaratmışdı. Lakin bu tədbirlər şanlı hərbçilərimizin qarşısını ala bilmədi. Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə də yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək, ilk növbədə şəhərə hakim olan yüksəklikləri nəzarətə götürdülər. Bunun ardınca ətrafda yerləşən kəndlər və digər strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin hissələri Qubadlı şəhərini düşməndən təmizlədilər. Növbəti iki həftə ərzində rayonun daha 38 kəndi azad olundu. Ümumilikdə isə, Vətən müharibəsinin gedişində Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edilib. Birmənalı olaraq demək lazımdır ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən qəbul olunan qərarlar mühüm siyasi əhəmiyyət kəsb edir. O cümlədən, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə on beş min nəfərdən artıq qəhrəman hərbçilərimiz bu medalla təltif olunublar. Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu gün Qubadlıya artıq öz sahibləri qayıdıb və hal-hazırda rayonun yenidən qurulması istiqamətində irimiqyaslı işlər görülür. İşğaldan sonra dövlət başçımızın azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya da etdiyi müntəzəm səfərləri rayonda aparılan bərpa-yenidənqurma işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024