Mobil versiya
Heydər Əsədov: “Dövlət müstəqilliyimizin bərpası faktı hüquqi cəhətdən tam əsaslandırılıb və qanunvericilik səviyyəsində təsbit edilib”
Tarix: 18-10-2024 | Saat: 10:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-10 | çapa göndər

Heydər Əsədov: “Dövlət müstəqilliyimizin bərpası faktı hüquqi cəhətdən tam əsaslandırılıb və qanunvericilik səviyyəsində təsbit edilib”

“Ölkə parlamentinin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi. Birmənalı olaraq qeyd edə bilərik ki, bu qanunun qəbulu ilə 1991-ci il 18 oktyabr tarixinin məhz Müstəqilliyin Bərpası Günü elan edilməsi tamamilə məqsədəuyğundur və tarixi həqiqətləri daha obyektiv və dürüst şəkildə əks etdirir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla faktiki olaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi. Cümhuriyyətin mövcud olduğu qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Ölkənin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik dəyərlərin təsbit edilməsində əsaslı rol oynayıb. Beləliklə də 1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini əldə etməsi tarixi faktdır. 1991-ci il oktyabr ayının 18-də isə Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini bərpa edib.”

Bu sözləri 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Heydər Əsədov deyib.

Fikirlərini davam etdirən millət vəkili Azərbaycanda müstəqilliyin bərpasının hüquqi cəhətdən tam əsaslandırıldığını və qanunvericilik səviyyəsində təsbit edildiyini diqqət mərkəzinə çəkib: “Qeyd olunan tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında göstərilir ki, Azərbaycan Respublikasının Ali Soveti məhz İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini məhz bərpa etməsi 30 avqust tarixli Bəyannamədə də öz əksini tapıb. Sadəcə olaraq müəyyən texniki səbəblərdən oktyabrın 18-də qəbul olunmuş qanunun adı “dövlət müstəqilliyinin bərpası haqqında” deyil, “dövlət nüstəqilliyi haqqında” kimi ifadə olunmuşdu. Həmçinin belə bir vacib məqamı da nəzərə almaq lazımdır ki, qəbul edilmiş düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin etməklə, ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş “Dağlıq Qqarabağ Muxtar Vilayəti”nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları əsassız arqumenti də tamamilə sıradan çıxarmış oldu.”

Daha sonra Heydər Əsədov qeyd edib ki, Vətən müharibəsi başa çatdıqdan sonra yaranmış yeni regional reallıqlar ölkəmizin dövlət müstəqilliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılması zərurətini ortaya çıxarıb: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə bütün Cənubi Qafqazda yeni reallıqların yaranmasını şərtləndirdi. Ölkəmizin 2020-ci ildə işğala son qoyması, keçən ilin sentyabr ayında isə özünün ərazi bütövlüyünü və tam müstəqilliyini bərpa etməsi Azərbaycanın dünya birliyində nüfuzunun daha da artmasına, beynəlxalq arenada mövqelərinin bir qədər də güclənməsinə səbəb oldu. Əlbəttə ki, bütün bunlar ölkəmizin suverenliyi və dövlət müstəqilliyi ilə bağlı hadisələrə sistemli şəkildə yenidən baxılmasını zəruri etdi. Bu gün artıq keçmiş SSRİ dövründə məcburi şəkildə siyasi-coğrafi leksikona daxil edilmiş “Dağlıq Qarabağ” ifadəsi də mövcud deyil. Məhz bu baxımdan da postmüharibə dövründə ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyətə malik olan tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması bu gün xüsusi siyasi önəm kəsb edir. 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir müstəqil Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə isə bu, azərbaycanlıların həm də tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024