Mobil versiya
Cənab Prezident İlham Əliyev: " Bu gün biz gözəl Zəngilan torpağında həyat qururuq"
Tarix: 16-10-2024 | Saat: 11:29
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyev: " Bu gün biz gözəl Zəngilan torpağında həyat qururuq"

Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 günün hər günü tariximizə zəfər günü kimi yazıldı. Bu tarixdən bizləri 4 illik zaman ayırsa da daim 30 illik işğal dövrünün reallıqlarının təhlili əsasında  44 günlük İkinci Qarabağ müharibəsinə diqqət yetirilir, sonda ədalətin zəfər çaldığı xüsusi qeyd edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək: «Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.»
   Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına İkinci Qarabağ  müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Zəngilan azad olunması həm də 132-km uzunluğunda Azərbaycan–İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın 20 oktyabr tarixində xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər önəmli olduğunun göstərdi. Zəngilanın azad olunmasının əsas döyüşləri Mincivan, Ağbənd və Bartaz qəsəbələrinin uğurunda aparılan haqq savaşı təşkil etmişdir.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.
Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər.
Şanlı Qələbədən sonra Prezident İlham Əliyev Zəngilan rayonuna 12 səfər etmiş, burada aparılan bütün bərpa və quruculuq işləri ilə  bilavasitə özü tanış olmuşdur. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.
Artıq Zəngilan ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib. Belə ki, 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil edilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu məhz Zəngilanda keçirilib. Bu tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı iştirak edib. Həmçinin 2021-ci il oktyabrın 26-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsinin aşılış mərasimində iştirak edib, layihə  çərçivəsində görülən işlərlə tanış olub.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2024