Mobil versiya
Şəhid Rəşid Mədinovun anım günü qeyd edilib -Fotolar
Tarix: 14-10-2024 | Saat: 16:33
Bölmə:Özəl | çapa göndər

Şəhid Rəşid Mədinovun anım günü qeyd edilib

14 oktyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsinin şəhidi, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbəsi olmuş Rəşid Nəzər oğlu Mədinovun Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anım günü qeyd edilib.

aia.az xəbər verir ki, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi mərasimdə iştirak edib. İlk öncə Yeni Həyat qəsəbəsinidə şəhidin məzarı ziyarət olununaraq gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib. Kollecin direktoru Şəhriyar Laçınov mərasimdə çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək, böyük Zəfərə imza atdığını qeyd edən Şəhriyar Laçınov daha sonra qeyd etdi ki, bu Qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi idi.
Xaçmaz rayon, Yeni Həyat qəsəbəsi Nazim İsayev adına tam orta məktəbin direktoru Adil Mədətov çıxışında şəhidlərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi. Sonra şəhidin oxuduğu Xaçmaz rayon Nazim İsayev adına tam orta məktəbin şagirdləri şeirlər söylədi, müəllimləri orta məktəb illərində Rəşidin nümunəvi şagird olduğunu vurğulayaraq şəhidimizlə bağlı xatirələrindən söhbət açdılar.

Sonra Rəşid Mədinovun ev muzeyi ziyarət olundu. Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev şəhidimiz haqqında xatirələrini bölüşərək onun təhsil sənədlərini ailəsinə təhvil verdi.
Sonda şəhidimizin atası Nəzər Mədinov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Xaçmaz rayonu icra hakimiyyətinin başçısı Elnur Rzayevə, Xaçmaz rayon, Yeni Həyat qəsəbəsi Nazim İsayev adına tam orta məktəbin və UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivinə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, 2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirdikdən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olur və 2015-ci ildə kolleci bitirir. 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedən Rəşid 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən təxris olunur.

Rəşidin hərbi xidmət dövrü şanlı Aprel döyüşlərinə təsadüf edir. Bu döyüşlərdə Murovdağda baş artilleriya atıcısı olaraq düşmənə qan uddurur. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Rəşid 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunub.

2020-ci ilin 20 sentyabrında ümumi təlimlərə çağırılanlar arasında Rəşid Mədinov da var idi. Bir həftəlik təlimdən sonra başlayan Vətən müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib. Cəsur bir döyüşçü olmaqla yanaşı eyni zamanda etibarlı yoldaş olan Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə yaralanaraq iki tərəf arasındakı zonada atəş altında qalan əsgər yoldaşını xilas etmək üçün düşünmədən önə atılır və yoldaşını çiyninə alıb ərazidən çıxararkən mənfur düşmənin onun yaxınlığına atdığı iriçaplı minomyot mərmisinin qəlpəsi şir ürəkli əsgərimizin qarın boşluğuna dəyir və ağır yaralanır.

Oktyabrın 14-ü şəhidlik zirvəsinə yüksələn igidimiz oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınır.

Vətən müharibəsində igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşid Mədinov ölümündən sonra  "Vətən uğrunda" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2024