Mobil versiya
Antiterror əməliyyatları respublikamızın suverenliyini təmin etdi
Tarix: 09-10-2024 | Saat: 09:44
Bölmə:Özəl | çapa göndər

Antiterror əməliyyatları respublikamızın suverenliyini təmin etdi

23 saat 43 dəqiqə. Dünya hərb tarixinə düşən nadir qələbələrdən birinin müddətidir bu. Ötən il sentyabrın 19-da günorta saatlarında başlayan antiterror əməliyyatları ilə Şanlı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin hərbi tapşırıqlarını dəqiqliklə yerinə yetirərək Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurdu. Bir sutkadan da az davam edən bu tədbirlər nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi. Bu, 2020-ci ilin sentyabrın 27-də başlayıb 44 günə başa çatan tarixi Zəfərdən sonra Azərbaycan ordusunun imza atdığı növbəti uğur idi. Cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi. Xankəndidə oturub bizi tankları ilə Bakı küçələrində “at oynadacaqları” ilə hədələyənlərin özləri Bakıdakı istintaq təcridxanalarına, tankları isə Hərbi Qənimətlər Parkına gətirildi. Azərbaycanla hədə-qorxu ilə, ultimatumla danışmağın qaçılmaz sonluğu idi bu…
Müzəffər Ali Baş Komandan İlham Əliyev əməliyyatlardan heç bir ay keçməmiş, 15 oktyabr 2023-cü il tarixində Xankəndidə Azərbaycan bayrağını ucaltdı və bu tarixi günü yaşadanlarla fəxr etdiyini dilə gətirdi: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir”.
Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycana öz ərazilərində suverenliyini təmin etmək üçün başqa seçim yolu qoymadı. Prezident İlham Əliyevin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. Silahlı birləşmələrinin qalıqlarını Qarabağdan tam həcmdə çıxarmayan Ermənistan, hətta qeyri-qanuni erməni silahlı dəstələrinin təminat məsələlərini həll etmək məqsədilə gizli yollarla qanunsuz daşımalar həyata keçirməkdə davam edirdi. Antiterror əməliyyatını zəruri edən əsas şərtlərdən biri də Ermənistan tərəfinin müxtəlif bəhanələrlə üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması idi. Azərbaycanın bölgədə dayanıqlı sülh və əmin-amanlığın təmin olunması məqsədilə təcili danışıqlara başlamaq haqqında bəyanatlarını, sülh müqaviləsi imzalamaq haqqında irəli sürdüyü təklifləri Ermənistan tərəfinin etinasız qarşılaması dövlətimizi tarixi ədalətin bərpası naminə real addımlar atmağa məcbur etdi.
Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyanın qondarma rejimin ləğvi ilə bağlı imzaladığı sənəd Qarabağda qeyri-qanuni xunta rejiminin son bəyanatı oldu. Bununla da Azərbaycan öz gücünə bölgədə 200 ilə yaxındır davam edən terrorizmə, separatizmə son qoydu.
Artıq dövlətimizin qarşısında başqa hədəflr var. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdırlar. Bu ildən Xankəndidə Qarabağ universiteti fəaliyyətə başladı. Torpaqlarımızda sülhün, təhsilin, mədəniyyətin nişanəsi olaraq əbədi fəaliyyət göstərəcək bu Universitet dünyanın ən güclü elm mərkəzlərindən biri olaraq özünəməxsus yer tutacaq. Dünya birliyi bir daha anlayacaq ki, Qarabağ Azərbaycandır!

Vüsalə Xaməmmədqızı
YAP Zəngilan rayon təşkilatının ərazi partiya təşkilat sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2024