Mobil versiya
Xalqımız yaşadıqca o yaşayacaq
Tarix: 12-12-2016 | Saat: 13:45
Bölmə:Manşet | çapa göndər

Xalqımız yaşadıqca o yaşayacaq




"...Onunla ilk qarşılaşdığımda aurasını, güclü iradəsini, fenomenal zəkasını, düşüncəsinin dərinliklərində sayrışan fikirlərini hiss etdim. Baxışları sərtdi, amma o baxışlarda çox böyük şəfqət və səmimiyyət vardı. Sanki, onun baxışlarında İlya Erenburqun aradığı Böyük Siyasətçi ilə Bertold Brextin arzuladığı Millət Atasını gördüm. Sizə həsəd aparıram. Millətinizin Atası var".

Postsovet məkanına yaxşı bələd olan amerikalı jurnalist Geyn Miller bu sözləri illər əvvəl, Azərbaycanın dövlət başçısı, lideri və öndəri Heydər Əliyevi Vaşinqtonda görəndə demişdi.

Miller çoxlardan biri idi ki, Heydər Əliyevin şəxsiyyətinin ətrafdakılarla yanaşı, hadisəyə və zamana təsirini duymuşdu.

Heydər Əliyev nadir insanlardan biri idi ki, vaxtı zamana çevirirdi və zamanı da millətinin, xalqının, ölkəsinin tələblərinə cavab verməyə sövq edirdi.

O, tarixin sınaqlarından keçən, hər sınaqda da itirdiyindən çox qazanan millətin gerçək Lideri idi.



O olmasaydı...

çağdaş Azərbaycan da olmayacaqdı. Ümumiyyətlə. Bakıda və ölkədə, habelə ölkə sərhədlərindən kənarda bu aprior məqamı etiraf etməyənlər yoxdur. Azərbaycan xalqının ümumilli liderinin ölkənin, millətin tarixində və yaşamında oynadığı rol, bütün türk dünyasının ən sayğılı və nüfuzlu siyasətçilərindən, dövlət başçılarından birinin siyasətdə önəmi o qədər böyükdür ki, Heydər Əliyevin yaşam yolu, yürütdüyü siyasət, idarəetmə fəlsəfəsi, hadisələrə və dövlətlərarası münasibətlərə təsiri hələ çox uzun müddət tarixçilərlə politoloqların araşdırma mənbəyi olacaq.

Heydər Əliyev irsi, siyasəti və təcrübəsi çağdaş Azərbaycan üçün aktuallığını qorumaqla yanaşı, illər keçdikcə etnoabsolyut, önəmli tədqiqat obyekti olaraq qalacaq.

Çünki H.Əliyevin fəaliyyətini səciyyələndirən üç kəlmə var - müdriklik, reallıq və modernlik. Məhz onun Azərbaycanda hakimiyyətə gəlişindən sonra Sovetlər Birliyinin xammal əyaləti olan respublikada dərin və genişmiqyaslı inkişaf, yenilənmə başlanmışdı.

Elə Sovetlər Birliyi dönəmində Heydər Əliyev həmin dövlətin ən nüfuzlu və populyar siyasətçilərindən biri olmaqla yanaşı, islahatlarla dəyişikliklərin ən fəal, qətiyyətli tərəfdarı idi.

Halbuki Heydər Əliyevin o dönəmdə Azərbaycanda gördüyü işlər bütün Sovetlər Birliyinə nümunə ola bilərdi.

Azərbaycanın neft-qaz sektoru bütünlüklə yenilənərək modernləşdirildi, Gəncə iri sənaye şəhərinə çevrildi, Araz çayı üzərində su-elektrik stansiyası tikildi, Naxçıvanda toxuculuq kombinatı istifadəyə verildi, Bakıda cihazqayırma sənayesi yaradıldı, Məişət Kondisionerləri Zavodu işə salındı... Belə sənaye müəssisələrinin siyahısı uzun, çox uzundu.

Həmin vaxtlardakı sosialist təsərrrüfatı prinsiplərinə ciddi riayət etmə məcburiyyətində qalan Azərbaycanda Heydər Əliyev maksimal dərəcədə inkişafa nail olmuşdu.

Belə ki, 1970-1980-ci illərdə Azərbaycanda üzüm istehsalının illik həcmi 200 min tondan 2 milyon tonra çatmışdı. Pambıqçılıq və taxılçılıq sürətlə inkişaf edirdi, Azərbaycandan istisnasız olaraq bütün respublikalar meyvə-tərəvəz ixrac olunurdu.

Heydər Əliyevin sosialist Azərbaycanına rəhbərlik etdiyi 10 il ərzində ölkənin sənaye potensialı iki dəfə artdı, şəhər və kəndlərin simaları tanınmaz şəkildə dəyişdi.

SSRİ-dəki 15 müttəfiq respublika arasında, sadəcə, Rusiya Federasiyası ilə Azərbaycan mərkəzi hakimiyyətin dotasiyaları və subvensiyalarına ehtiyac duymurdu.

Həmin illərdə Azərbaycanda 313 sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdi, respublika SSRİ-dəki sosialist yarışının 12 dəfə qalibi olmuşdu.



Bunlan başqa, Heydər Əliyev ziyalılarla sürəkli görüşür, müzakirələr aparırdı. Məhz həmin illərdə incəsənət xadimərinin yubileylərinin qeyd olunması ənənəyə çevrildi, çoxsaylı mədəniyyət və tarix abidələri bərpa olundu.

Heydər Əliyevin millət atası olduğuna dəlalət edən iki faktı xatırlayaq: Hüseyn Cavidin nəşinin Sibirdən Naxçıvana gətirilməsi və 1978-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında dilimizə dövlət statusu verilməsi...

Daha sonra isə ulu öndərin Moskvada, Kremldə fəaliyyəti milyonlarla insan üçün ümid yeri oldu. 1982-ci ilin noyabrından 1987-ci ilin oktyabr ayınadək Nazirlər Şurası sədrinin brinci müavini işləmiş Heydər Əliyev 1982-ci ilin dekabrında Sov.İKP MK-nın Siyasi Bürosuna üzv seçildi və o dönəmdə dünyanın iki qüdrətli gücündən, iki superdövlətdən birində Heydər Əliyev sonsuz potensialını Yer kürəsinin 1/6 hissəsinə ekstrapolyasiya etdi.

SSRİ-nin Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Dövlət Teleradiosu, səhiyyə və təhsil, maşınqayırma, ticarət, yüngül sənaye, nəqliyyat və rabitənin bütün növləri Heydər Əliyevin kurasiyasında idi. Məhz onun dəstəyi sayəsində sovet cərrahları dünyada ilk dəfə açıq ürəkdə əməliyyat apardılar, Svyatoslav Fyodorova Göz Mikrocərrahiyyəsi Mərkəzi açmağa icazə verildi və bu məşhur oftalmoloq üçün çay teploxodunda mobil laboratoriya da yaradıldı.

Heydər Əliyev habelə bütün Avrasiya üçün önəmli, XX əsrin ən böyük tikintilərindən biri olan Baykal-Amur Magistralının (BAM) inşasına nəzarət və rəhbərlik edirdi. Özü də bilavasitə dəmiryolu və inşaatla yanaşı, sosial obyektlərdən tutmuş, mənzil tikintisənədək - H.Əliyev bu sektorların hamısını sürəkli kontrolda saxlayırdı.

Qərb mediası indi etiraf edir ki, o illərdə BAM-la bağlı rəhbər fəaliyyəti Heydər Əliyevin dünya miqyaslı menecerlər sırasında layiqli yer tutan düha olduğunu söyləməyə imkan verir.

Təsadüfi deyil ki, BAM-ın Anqoy şəhərindəki ən böyük stansiyalarından birinə 2008-ci ilin iyulunda Heydər Əliyevin adı verilmişdi.

İrəlidə gedən...

Heydər Əliyevin adının mənası "İrəlidə gedən"dir. Və onun istedadına, dühasına, populyarlığına Sovetlər Birliyinin o dönəmdəki lideri Mixail Qorbaçov aşkar paxıllıq edirdi.

"Washington Post" qəzetinə verdiyi müsahibəsində Heydər Əliyev təkrarsız nəzakəti ilə demişdi: "Moskvadakı fəaliyyətimin son illərində Qorbaçovun mənə qeyri-səmimi münasibətini aşkar hiss edirdim. Bu münasibət özünü bir çox məsələlərdə büruzə verirdi. Normal çalışırdım, fəaliyyətimdə heç bir nöqsan görmürdüm. Qorbaçov isə subyektiv, yanlış hisslərinin əsiri oldu, bu qədər..."

Azərbaycan isə müstəqilliyiə can atırdı o dönəmdə.



1990-cı ilin yanvarın 20-də Bakıya sovet qoşunları yeridildi, dinc insanlar güllə yağışında ölüm məngənəsinə salındılar. Ertəsi gün, yanvarın 21-də Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyinə yollandı, Bakıya qoşun yeridilməsini qətiyyətlə pislədi, Azərbaycana qarşı törədilmiş bu cinayətin təşkilatçılarının və "ifaçı"larının cəzalandırılmasını tələb etdi.

Və o, özünü Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğunu faktiki bəyan etdi.

Həmin ilin iyun ayında vətənə dönən Heydər Əliyev əvvəl Bakıda, sonra Naxçıvanda yaşadı, Azərbaycan Ali Sovetinin deputatı seçildi.

1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına başçılıq etmiş Heydər Əliyev ermənilərin blokadasının böyük ziyan vurduğu respublikanın bərpası, naxçıvanlıların yaşamının normallaşması üçün əlindən gələni etdi.

O, Naxçıvanı savaşdan qorudu, bəlalardan xilas etdi.

Və o üç il ərzində Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan stabillik adası oldu, Azərbaycanda yeni dövlət quruculuğunun özül məkanına çevrildi.

Milli təfəkkür daşıyıcısı

1993-cü ilin yayında xalqın tələbi ilə Bakıya dönən Heydər Əliyev ölkəni parçalanmaqdan, məhv olmaqdan qurtardı.

Həmin ilin iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsini xalq ruh yüksəkliyi, sevinclə qarşıladı və o gün Milli Qurtuluş Günü oldu.

1993-cü ilin iyulun 24-də ulu öndər ölkə prezidenti səlahiyyətlərinin icrasına başladı.

Oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində H.Əliyev prezident seçildi.

Xalq ona tam inanırdı və elə bu səbəbdən də 1998-ci ilin oktyabrın 11-də prezident seçkilərində səslərin 76,1 faizini toplayaraq yenidən dövlət başçısı oldu.

Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidməti onun hakimiyyətə gəlişindən sonra ölkədə daxili siyasi stabilliyin bərqərarı ilə yanaşı, dövlətimizin iqtisadi və maliyyə müstəqilliyinə nail olması, habelə 1995-ci ildə yeni Konstitusiyanın hazırlanaraq qəbul edilməsidir.

Bu Konstitusiya Azərbaycanda demokratik əsaslarla uzunmüddətli stabilliyi təmin etdi, ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirdi, vətəndaşların haqq və hüquqlarının təminatını, müdafiəsini reallaşdırdı.

Səbatlı, praqmatik və soyuqqanlı xarici siyasət yürüdən Heydər Əliyevin olaylara sakral təsiri nəticəsində Azərbaycan üçün sərfəli şərtlərlə "Əsrin müqaviləsi" imzalandı.

Azərbaycanın neft siyasətini dəyişmək üçün ölkəyə təzyiq etməyə çalışan güclərin və dövlətlərin bütün səylərinə rəğmən Heydər Əliyev ölkənin maraqlarını tam təmin etdi.

Bu anlaşma, sadəcə, ölkə üçün iqtisadi və maliyyə üstünlükləri deyildi.

Azərbaycan geosiyasətdə multiplikativ effektə nail olmuşdu: ölkənin geosiyasi statusu və strateji önəmi dəfələrlə artdı, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsi prosesinə start verildi, neft maşınqayırması və neft kimyası sektorlarının intibahı başlandı.

Neft-qaz satışlarından əldə edilən milyardlarla dollar Azərbaycanın azad bazar iqtisadiyyatına keçidi ilə bağlı problemlərin ağır təsirindən qurtardı, üstəlik sənayenin və iqtisadiyyatın bir çox sahələrində yeni texnologiyaların tətbiqinə imkan verdi.



Məhz Heydər Əliyevin göstərişi və birbaşa rəhbərliyi ilə Bakıda kompleks yenidənqurma işləri və infrastruktur layihələri icra olunmağa başlandı.

Bakının indiki siması, paytaxtımıza gələnləri valeh edən mənzərələr, aparılan rekonstruksiya işləri həmin illərdə idi.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft boru kəmərlərinin inşa edilərək istifadəyə verilməsi isə Azərbaycanın enerji sektoruna transmilli korporasiyaları gətirdi və ölkəmiz elə bir situasiya yaratdı ki, Bakının qərarları qonşu dövlətlərin siyasətinə də təsir etməyə başladı.

Heydər Əliyev siyasətinin bu paradiqması indi Azərbaycanın dövlət başçısı İlham Əliyevin strategiyasında davam etdirildiyindən ölkəmiz Avropa Birliyi üçün ən önəmli enerjidaşıyıcıları təminatçısından biri, etibarlı tərəfdaş və önəmli tərəf-müqabildir.

İnsanı dahi edən əməllərdir. Xariqüladə əməlləri gerçəkləşdirmək üçünsə insanlardan yüksəkdə durmaq yox, onların yanında olmaq gərəkdir.

Heydər Əliyev də Azərbaycanın müstəqilliyinə nail olması, dövlət kimi formalaşması istiqamətindəki yolu xalqla birlikdə, çiyin-çiyinə addımladı, hədsiz ağır dönəmlərdə millətin xilası üçün misli görünməmiş şücaət göstərdi.

Onun qəlbi milyonlarla azərbaycanlı ilə bir vururdu və bu səbəbdən də Azərbaycanda 35 ildən artıq bir dövrdəki dövlət quruculuğu, iqtisadi intibah, siyasi şüurun və milli düşüncənin formalaşması, siyasi həyatın yaranması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

O, sonsuz iradə, fövqəladə intellekt, siyasi fəhm, tarixi təcrübə, strateq və düşünər müdrikliyinə malik dövlət başçısı olmaqla yanaşı, sadə insanların ehtiyaclarına daim diqqətli, həsas və qayğıkeş insandı.

Xalq onu sevir, qəlbində yaşadır - çünki Heydər Əliyev ömrünün son anınadək Azərbaycanın qüdrətinə, xalqın yaradıcı gücünə inandı.



Onun müdrik həyat fəlsəfəsi daim böyük işləri ilə təsdiqləndi.

Xalqın sevgisini qazanmaq üçün yaxşı siyasətçi və dövlət adamı olmaq yetərli deyil - müstəsna səviyyədə ümumbəşəri məcazlar gərəkdir bunun üçün.

Heydər Əliyev də böyük siyasətini Azərbaycanın böyük gələcəyinə yönəltmişdi. Onun tükənməz enerjisi, müdrikliyi xalqı ruhlandırır, yenilənən, yaradan, tərəqqi edən Azərbaycanın rəhni idisə, indi ölkəmizin siyasətinin ideoloji məfkurəsini, xalq düşüncəsinin metodoloji imperativlərini təşkil edir.

Yaşamında canlı əfsanə olmuş Heydər Əliyev indi Azərbaycanın, hər birimizin istinad məkanıdır. Çünki onun xalq və dövlət qarşısında xidmətləri o qədər saya gəlməz, böyükdür ki, nə qədər nəsillər dəyişsə də, nəticələrimiz həmişə onun barəsində millət atası, ümummilli lider, fenomenal şəxs, adi vaxtı tarixə, zamanı unudulmayacaq səlnaməyə çevirən insandı ki, milətimizin tarixinə, mədəni irsimizə qayğı, xalqın milli ruhunun, unutmayacağımız qan yaddaşının dirçəldilməsi onun sayəsində həqiqət oldu və indi onlu günlərin ardınca sıraladığımız onsuz bu günlər, aylar, illər Heydər Əlirza oğlu Əliyevin işığındadır.

Xilaskarı olduğu və hədsiz sevdiyi millətinin tarixi özkeçmişinə, ümman təki mədəni irsinə və zamanın keşməkeşlərindən insanlarımızı hifz edərək çıxaran mənəvi dəyərlər məcmumuza sonsuz sevgi bəsləyən Heydər Əliyev deyirdi: "Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Bəşəriyyətdə hər etnosun autentik, təkrarsız mənəvi-əxlaqi dəyərlərini hifz edərək gələcək nəsillərə ötürmək istəyi var və tarix bu istəklərin reallaşmasını həmişə liderlərə, fenomen şəxsiyyətlərə həvalə edir.

Azərbaycanlılar üçün o fenomen Heydər Əliyev oldu.

Bəşər övladının səmavi dinlərə qovuşmasından əvvəl onu haqqla nahaqqın bərzəxində ləngər vurmaqdan xilas etmiş "Avesta"da Zərdüşt deyirdi: "Kamilliklə gələcəyə tək bir yol bilirəm ki, o da ədalət və həqiqət yoludur. Yol sanılan bütün qeyri istiqamətlər, əslində, yolsuzluq, yolun ümidsiz axtarışlarıdır".

Azərbaycanın da illər əvvəl millətə göstərilən və indi də dövlət başçısı İlham Əliyevin davam etdirdiyi müstəqil, fərdi və məntiqil yolu var - inkişaf, tərəqqi, irşad və pərvəriş yolu.

Bu yol Heydər Əliyev yoludur...

Dühalar var ki, onların adı tarixdə qalmır - onların özləri tarix yaradırlar.

Heydər Əliyev məhz belə düha idi.

Elçin Alıoğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024