Mobil versiya
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı -Fotolar
Tarix: 13-09-2024 | Saat: 18:32
Bölmə:Ölkə | çapa göndər

Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı

Sentyabrın 13-də Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Budəfəki tədbir zamanı Zaqatala şəhəri ərazisində, müxtəlif ünvanlarda yerləşən 51 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə paytaxtın Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında “İnam-V” MMC tərəfindən inşası nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikinti layihəsi altına düşən və Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə “CİTY LİFE” MMC tərəfindən inşası nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi üzrə ekoloji müzakirələr aparılıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Bakı şəhərində, eləcə də bölgələrdə həyata keçirilən iritutumlu layihələrin razılaşdırılması üçün müvafiq qurumlara, o cümlədən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunur. Həmin layihənin ekoloji tərəfləri müəyyənləşdirilir, öhdəliklər və görüləsi işlər layihə icraçılarına təqdim olunur ki, sonradan ekoloji fəsadlar baş verməsin. Bunlar xüsusilə yaşıllıqların qorunması, atmosferin mühafizəsi və əmələ gələn tullantı sularının idarə olunmasıdır.
Qeyd edilib ki, sonradan növbəti problemin yaşanmaması üçün hər hansı bir layihə həyata keçirilərkən, onda bütün ekoloji məsələlər öz əksini tapmalıdır: "Arzumuz odur ki, paytaxtda, eləcə də bölgələrdə yaşıllıq sahələri artırılsın, yaşayış məntəqələri arasında seyrəklik yaransın, ekoloji dost layihələr icra olunmaqla parklar, rekreasiya zonaları, göllərin ətrafı istirahət məkanına çevrilsin. İnsanların sağlam mühitdə yaşaması üçün tövsiyələrimiz, təkliflərimiz nəzərə alınmalıdır. Təqdim olunan layihələrdə ekoloji məsələlər nəzərə alınmırsa, biz onu geri qaytarırıq. Elə layihələr var ki, ayrılan ərazinin 30-40 faizi sırf yaşıllıqlardan ibarət olacaq. Bu cür layihələrin həyata keçirilməsinə biz də dəstək oluruq. Əvvəllər həyata keçirilən layihələrdə yaşıllıq üçün çox az, bəzən heç bir ərazi ayrılmırdı. İndi isə iş adamları, sahibkarlar qanunvericilikdən irəli gələn məsələləri nəzərə alırlar. Onlar bilirlər ki, layihə çərçivəsində yaşıllıq üçün müəyyən sahə ayrılmayıbsa, deməli, onun həyata keçirilməsi ekoloji baxımdan baş tutmayacaq".
Tədbirdə arid iqlim zonalarında, xüsusən Bakı şəhərində yaşıllıqların keyfiyyətinin artırılması məsələsi, yabanı halda bitən aylant cinsli ağacların götürülməsi ilə bağlı məsələ daha geniş müzakirə olunub. Bildirilib ki, aylant cinsli ağac və kolşəkilli yaşıllıqlar torpağa tələbkar olmadığından, quraqlığa davamlı olduğundan və bol kök ucları əmələ gətirdiyindən müxtəlif relyeflərdə inkişaf edərək çox sürətlə yayılır. Kök tumurcuqları yaratmaq qabiliyyətinə, həddindən artıq quru mühitə, şəhər şəraitinə və duzluluğa dözümlü olmasına, spesifik qoxusundan ötrü təbii düşmənlərinin olmamasına görə aylant sıx kolluqlar əmələ gətirir və yerli, daha qiymətli növləri sıxışdırır. Bir çox yerlərdə - şəhər və rayon ərazilərində, əsasən tikililərin divarının dibində, müəyyən qısa müddət ərzində istifadəsiz qalmış və ya tərk edilmiş ərazilərdə yabanı halda ağac və kol formasında bitərək infrastruktur obyektlərinə təhlükə yaratmaqla yanaşı, təbii kolluqlar əmələ gətirərək yabanılaşıb. Odur ki, bu ağac cinsi əksər hallarda şəhərsalma və tikinti qaydalarına zidd olaraq yerləşir və qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi tələblərini də pozur.
Tədbirdə layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin vacibliyi bir daha diqqətə çatdırılıb, eyni zamanda aidiyyəti ekspert və mütəxəssislərin birgə razılığı ilə gələcəkdə yarada biləcəyi ciddi maneə və təhlükələri nəzərə alaraq yabanı halda bitmiş ting və kolşəkilli kiçik parametrli aylantların mütəmadi olaraq zəruri aqrotexniki tədbirlərin köməyi ilə ərazilərdən təmizlənməsi, iri diametrli ağaclar istisna olmaqla, yalnız ting və kolşəkilli aylantların inventarizasiya zamanı yaşıllıq siyahısına daxil edilməməsi, bununla da qeyd olunan aylant cinsli ağacların götürülməsinin asanlaşdırılmasına dair vahid qərar verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2024