Mobil versiya
Eldar Quliyev: “Növbədənkənar Parlament seçkiləri milli maraqlarımız baxımından müstəsna siyasi əhəmiyyət kəsb etməklə, Azərbaycandakı sabitliyin və inkişafın daha bir nümayişi oldu”
Tarix: 10-09-2024 | Saat: 10:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-4 | çapa göndər

Eldar Quliyev: “Növbədənkənar Parlament seçkiləri milli maraqlarımız baxımından müstəsna siyasi əhəmiyyət kəsb etməklə, Azərbaycandakı sabitliyin və inkişafın daha bir nümayişi oldu”

Bu günlərdə Azərbaycan 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin parlaq təzahürlərini bir daha bütün dünyaya nümayiş etdirmək imkanı əldə etdi və imkanı böyük ruh yüksəkliyi ilə reallaşdırdı. 1 sentyabr 2024-cü il tarixində Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycanda növbədənkənar Parlament seçkiləri uğurla keçirildi. Bu ilin fevral ayında keçirilmiş Prezident seçkiləri kimi, bu Parlament seçkiləri də müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində ən əhəmiyyətli hadisələrdən biri kimi yer aldı. İlk növbədə ona görə ki, müstəqilliyimizin 30 ildən artıq tarixində ilk dəfə olaraq Parlament seçkiləri ölkənin istisnasız bütün suveren ərazilərində keçirildi. Digər tərəfdən isə, həm Cənubi Qafqaz regionunda, həm də qlobal miqyasda cərəyan edən müxtəlif ziddiyyətli proseslərin fonunda bu seçkilər Azərbaycanda hökm sürən sabitliyin və inkişafın daha bir nümayişi oldu. Əlbəttə ki, bütün bu proseslərin fonunda Azərbaycanın beynəlxalq nüfuzunun durmadan yüksəldiyini tədiq edən hadisələr getdikcə daha çox diqqəti cəlb edir.

Bugünkü buraxılışımızda Azərbaycanda keçirilmiş Parlament seçkiləri, ölkəmizdə COP29-la bağlı aparılan hazırlıq işləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur və ilk növbədə Sizi bütün redaksiyamız adından Parlament seçkilərində əldə etdiyiniz inamlı qələbə münasibətlə ürəkdən təbrik edirik. Elə ilk sualımız da məhz bu seçkilər barədə olacaq. Nədən ibarət idi bu seçkilərin özəlliyi və mahiyyət etibarı ilə bu hadisənin ölkəmizin ictimai-siyasi həyatına, gələcək inkişafına təsirinin nə dərəcdə olacağını gözləməliyik..?

- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Əlbəttə ki, səmimi təbriklərinizə görə də sizə təşəkkür edirəm. Azərbaycan xalqı bu il sentyabrın 1-də həqiqətən də növbəti dəfə möhtəşəm bir ilkə imza atdı. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin unikallığı ondan ibarətdir ki, Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ilk dəfə olaraq Parlament seçkiləri ölkənin istisnasız bütün suveren ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda keçirildi. Biz hamımız bu ilin fevral ayında keçirilmiş Prezident seçkilərində yaşadığımız sevinc və qürur hissini yaxşı xatırlayırıq. Və budur həmin tarixi hadisədən cəmi yarım il sonra xalqımız bu möhtəşəm hissləri yenidən yaşadı. Növbədənkənar Parlament seçkiləri artıq öz dədə-baba yurdlarında səs verən keçmiş köçkün vətəndaşlarımız üçün ikiqat önəm kəsb etmiş oldu. Çünki bu seçkilərdə onları səsvermə hüquqlarının bərpa olunması reallığı bir daha öz təsdiqini tapdı. Əlbəttə ki, bütün bunlar Azərbaycan xalqının böyük ruh yüksəkliyi ilə iştirak etdiyi seçkilərlə bağlı yaşananların mənəvi aspektləridir. Digər tərəfdən isə, sentyabrın 1-də keçirilmiş növbədənkənar Parlament seçkiləri milli maraqlarımız baxımından müstəsna siyasi əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə bu seçkilər Azərbaycandakı sabitliyin və inkişafın daha bir nümayişi oldu. Eyni zamanda da bu gün ölkədə müasir dövrün tələblərinə uyğun, artıq bütün dünyada getdikcə daha intensiv şəkildə səsləndirilən müxtəlif çağırışlara cavab verə biləcək yeni parlamentin formalaşdırılmasının tam zamanıdır və növbədənkənar seçkilərin təyin edilməsində əsas məqsəd də məhz bu hədəfə nail olmaqdır.

- Eldar müəllim, məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursu bu gün Azərbaycanı qlobal arenada, o cümlədən Avropada gedən geosiyasi proseslərin önəmli iştirakçılarından birinə çevirib. Bu baxımdan dövlət başçımızın iyulun 18-də İngiltərənin Oksford şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakını necə dəyərləndirməliyik?

- Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev həmin tədbirə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer tərəfindən dəvət olunmuşdu. Bu bir daha təsdiq edir ki, hazırda Azərbaycanın hər hansı bir məsələ ilə bağlı mövqeyi artıq sadəcə regionumuzda deyil, həm də qlobal miqyasda nəzərə alınması vacib olan amil kimi qəbul edilir. Sammit çərçivəsində keçirilmiş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında Avropa İttifaqına üzv olan ölkələrin enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın önəmli rolunu bir daha diqqət mərkəzinə gətirmiş və tərəfdaş ölkələrlə gələcək əməkdaşlığın perspektivlərinə dair mühüm açıqlamalar təqdim etmişdir. Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığı şaxələndirməklə bütün Avrasiya məkanında mövqelərinin daha da möhkəmlənməsini təmin edir. Bu gün Azərbaycandan təbii qaz alan ölkələr arasında beş Avropa İttifaqı üzvü və iki üzvlüyə namizəd ölkə vardır. Hadisələrin gedişi bunu deməyə əsas verir ki, bu say getdikcə daha da artacaq. Çünki hazırda Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar açılır. Əlbəttə ki, ölkəmiz bu imkanlardan öz maraqlarının təmin olunması, mövqelərinin daha da gücləndirilməsi üçün maksimum yararlanmalıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hər zaman etibarlı təchizatçı olub. Son 20 il ərzində ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə bu layihəni reallaşdırıb. Hazırda Aralıq dənizində Türkiyənin Ceyhan limanından Azərbaycan nefti müxtəlif təyinat nöqtələrinə, o cümlədən bu məhsuldan əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edilir. Azərbaycanın Avropa miqyasında mühüm qaz təchizatçısına çevrilməsindən isə artıq 3 ildən artıq zaman keçib və bu müddət ərzində Azərbaycan özünü bu sahədə də etibarlı tərədaş kimi təsdiləyib.

- Son vaxtlar bəzi Qərb dairələri tərəfindən Azərbaycana qarşı mediada böhtan və iftira kampaniyaları təşkil etmək kimi sifarişlərin olunması artıq heç kim üçün sirr deyil. Həm də bu tendensiyanın təkcə bizim ölkəyə qarşı gücləndirilmədiyini də deyə bilərik. Bu baxımdan cari ilin iyul ayında Şuşada keçirilmiş “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun işini necə xarakterizə edə bilərsiz?

- İlk növbədə onu deyim ki, Şuşa Azərbaycanın həm strateji, həm siyasi və həm də mənəvi cəhətdən xüsusi önəm kəsb edən mühüm bir şəhəri, ölkənin rəsmi Mədəniyyət Paytaxtı və ən əsası da bizim tarixi Qələbəmizin rəmzidir. Bu şəhərdə mütəmadi olaraq keçirilən qlobal əhəmiyyətli tədbirlər qədim Şuşanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Təqdirəlayiq haldır ki, bu tədbirlərdən bəziləri zaman keçdikcə ənənəvi xarakter almağa başlayır. O cümlədən qeyd etdiyiniz Qlobal Media Forumu da artıq ənənəvi beynəlxalq tədbirə çevrilmişdir. Bildiyiniz kimi, ilk dəfə bu tədbir Şuşada bir il bundan öncə keçirilmişdir. Bu il isə, artıq ikinci Forum uğurla keçirildi. Ölkə Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək Şuşa Qlobal Media Forumunun bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox əhəmiyyətli bir tədbir olduğunu qeyd etməklə bu Forumun işini yüksək qiymətləndirdiyini nümayiş etdirdi. Azərbaycanın xüsusilə işğal dövründə Qərbdə olan anti-Azərbaycan qüvvələrin iradəsi ilə intensiv şəkildə qərəzli informasiya hücumlarına məruz qoyulması, ermənilərin və onlara havadarlıq edən məlum Avropa dövlət başçılarının sifarişi ilə ölkəmizin “demonizasiya”sının həyata keçirilməsi heş kim üçün sirr deyil. Sizin də qeyd etdiyiniz kimi, hətta bu günün özündə də belə cəhdlərə Qərb mətbuatında kifayət qədər rast gəlirik. Təbii ki, bütün bunlar 2-ci Şuşa Qlobal Media Forumunun mövzusunu ölkəmiz üçün çox aktual etmişdir. Xüsusilə də bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərarın bir çox qərb dairələrində qısqanclığa səbəb olduğunu nəzərə alsaq, ölkəmizə qarşı hələ bir müddət də dezinformasiya və yalan məlumatlarla dolu kampaniyaların keçiriləcəyini proqnozlaşdıra bilərik.

- Yeri gəlmişkən, Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında Azərbaycan-ABŞ münasibətləri barədə də maraqlı fikirlər səsləndirmişdi...

- Tamailə düz deyirsiniz. Dövlət başçımız Azərbaycan-ABŞ əlaqələri barədə danışaraq bildirdi ki, müəyyən enişli-yoxuşlu dövrlər istisna olmaqla bu münasibətlər demək olar ki, hər zaman sabit olub. Problemli məqamların yaranmasına səbəb də bu olub ki, bəzən ABŞ tərəfindən Azərbaycanın siyasi həyatına müdaxilə etmək, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri göstərilib. Cənab Prezident bunu da vurğuladı ki, ölkəmizin məhz Respublikaçılar hakimiyyəti ilə əlaqələri daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub. Eyni zamanda məhz Prezident Trampın prezidentliyi dövründə əməkdaşlığın çox səmərəli olduğu diqqətə çatdırılıb. Həmçinin qeyd olundu ki, hazırkı ABŞ Administrasiyasının fəaliyyəti, hərəkətləri dərindən məyusluq doğurur. Çünki bu administrasiya birtərəfli yanaşma sərgiləyir. Eyni zamanda ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların ali komissarı tərəfindən Brüsseldə Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsinin müzakirə edilməsi və bunun müsbət dəyərləndirilməsi tamamilə qəbuledilməzdir. Cənab Prezident İlham Əliyev bu məsələ ilə də bağlı prinsipial mövqedən çıxış edərək bütün tərəflərə yenidən birmənalı mesaj verdi ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə ölkəmizin maraqlarını görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar.

(ardı var...)
Söhbətləşdi: Azər Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024