Mobil versiya
“İnsanın digər dinə hörməti öz dinindən başlayır...”
Tarix: 11-09-2015 | Saat: 02:53
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunub.

Aia.az -ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda çıxış edib:

“Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik.

Heç zaman Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.

Mən əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir.

Birinci xanım Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edildiyini də xatırladıb:

Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib”.

Mehriban Əliyeva Azərbaycanın müasir tarixdə etnik təmizləmə və soyqırımı ilə üzləşdiyini də qeyd edib:

“Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib.

Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin. Azərbaycan gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin qorunmasına öz töhfəsini verməyə hazırdır.

Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün müzakirələr ölkələrimiz, xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Bu gün bu konfransda iştirak etdiyinizə görə hər birinizə bir daha öz dərin minnətdarlığımı bildirirəm, xalqlarımıza sülh və əmin-amanlıq arzu edirəm. Çox sağ olun”








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024