Mobil versiya
Prezident İlham Əliyevin Qazax və Ağstafaya səfər
Tarix: 19-10-2016 | Saat: 20:07
Bölmə:Karusel | çapa göndər

Prezident İlham Əliyevin Qazax və Ağstafaya səfər






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada "Karvan-L EKO" sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafada yeni istehsal və emal müəssisələrinin tikilməsi istiqamətində zəruri və ardıcıl işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun sənaye potensialından səmərəli istifadə, yeni istehsal müəssisələrinin yaradılması və iş yerlərinin açılması istiqamətində mühüm layihələr icra olunub. "Karvan-L EKO" sənaye parkının tikintisi də bunun əyani göstəricisidir.

Dövlətimizin başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi.

Prezident İlham Əliyev yeni müəssisələrlə tanış oldu.

Sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da "Ağstafa Aqroservis" MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar "Toxumluq taxıl emalı", "Taxıl emalı və un istehsalı" və "Çörək və yarımfabrikatlar istehsalı" zavodlarıdır.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli "fast food" iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq "fast food" iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kurslarının təşkil edilməsi nəzərdə tutulub.

"Ağstafa Aqroservis" MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.

Təsərrüfatda 2016-2017-ci il üçün taxıl səpini işlərinə start verildi. Rayonun Ceyrançöl adlanan ərazisində "Ağstafa Aqroservis" MMC-nin istifadəsində olan 2729 hektar sahədə regiona uyğunlaşdırılmış sortun səpin işləri tədbir zamanı canlı yayımlandı.

Burada hektardan məhsuldarlığın 50-60 sentner təşkil edəcəyi gözlənilir. Taxıl təsərrüfatında Almaniyanın "DSV-saaten" Toxumçuluq İnstitutuna məxsus Akteur buğda sortunun əkilməsi nəzərdə tutulub.

Dövlətimizin başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verildi.

Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.

Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoydu.

Dövlətimizin başçısı burada hazır məhsul anbarına da baxdı.

Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident İlham Əliyevə məlumat verildi.

Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal edilir.

Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olundu.

Dövlətimizin başçısına burada quraşdırılması nəzərdə tutulan toxum istehsalı xətti barədə də məlumat verildi. Qeyd edildi ki, layihə üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın "Petkus" şirkətinə məxsus toxum istehsalı xətti qurulacaq.

X X X

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün digər sahələr kimi mədəniyyət sahəsi də dövlətimizin yüksək qayğısı ilə əhatə olunub. Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması bu qəbildən olan tədbirlərdəndir. Bu cür layihələrin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması, ümumilikdə, respublikamızda mədəniyyət sahəsinin inkişafına töhfə verir.

Dövlətimizin başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılır. Bu, özünü mövcud mədəniyyət və incəsənət obyektlərinin yenidən qurulmasında və yenilərinin inşasında aydın göstərir. Ağstafada müasir üslubda inşa edilən Musiqi Mərkəzi də bu sırada mühüm yer tutur.

Qeyd edək ki, bu mərkəz 1970-ci ildə yaradılıb və bu günədək şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında fəaliyyət göstərirdi. Yeni binada zəngin musiqimizin, musiqi alətlərimizin sirlərinə dərindən yiyələnmək üçün hərtərəfli şərait var. Musiqi Mərkəzinin inşası həm də gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından vacib layihələrdən hesab olunur. Zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, ətrafda park salınıb, açıq konsert meydançası yaradılıb, ərazinin suvarılması və işıqlandırılması sistemləri quraşdırılıb.

Mərkəzin binası Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Mərkəzdə Azərbaycanın görkəmli bəstəkarlarının portretləri də asılıb. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı, kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.

----------

14:32

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern" mebel fabrikinin açılışında iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni-yeni sənaye və emal müəssisələri yaradılır. Görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir sənaye sahələri yaradılıb. Ağstafa rayonunda "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində "Modern" mebel fabrikinin yaradılması bunu bir daha təsdiqləyir.

Dövlətimizin başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə yeni istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir edir. Bu cür müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına geniş imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.

Dövlətimizin başçısı əvvəlcə "Saloğlu" mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış oldu.

Daha sonra Prezident İlham Əliyev "Modern" mebel fabrikini işə saldı.

Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.

Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə böyük maraqla qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir.

Sonra Prezident İlham Əliyevə "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq "Venzana" mebel fabriki barədə məlumat verildi. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, "Yaşıl Bazar" satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

Dövlətimizin başçısı yeni fabrikin təməlini qoydu.

----------

13:09

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, respublikamızda bütün sahələrin inkişafında, dövlətimizin beynəlxalq nüfuzunun artmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə bir çox bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu baxımdan Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir.

Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.

Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə "Saloğlu" mebel və "Akkord" tikiş fabriklərinin sərgi salonları açılıb.

Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.

---------

11:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.

Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.

Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələri var.

Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi", "Etnoqrafiya və folklor", "Qazax XIX-XXI əsrin əvvəllərində", "Səməd Vurğun", "Görkəmli şəxsiyyətlər", "1929-1990-cı illər", "müasir dövr" və "Azərbaycan XXI əsrdə" bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bugünədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb.

Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb.

Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.

--------

10:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda 110/35/6 kilovoltluq "Daş Salahlı" yarımstansiyasının açılış mərasimində iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına yarımstansiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni "Daş Salahlı" yarımstansiyası inşa edilib. "Daş Salahlı" son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4-cü, respublika üzrə isə 44-cü belə yarımstansiyadır.

Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, "Daş Salahlı" artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Bildirildi ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, "Azrosprominvest" müəssisəsini, "Mətanət A" şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı "Daş Salahlı" yarımstansiyasını işə saldı.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verildi.

----------

10:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, "Birinci Şıxlı" kəndli fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb. Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.

Dövlətimizin başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

---------

09:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gəlib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevə abidənin ətrafında və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi.

X X X

Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024