Mobil versiya
Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətindədir
Tarix: 06-03-2024 | Saat: 16:21
Bölmə:Özəl | çapa göndər

Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətindədir

Dövlət başçısı Cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk islasında belə bir əminliyi ifadə etmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək
Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması və bunların fonunda yeni dövrə yeni hədəflərlə qədəm qoyulması, ən əsası bu mərhələnin mühüm hadisəsi olan növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.
Dövrün, zamanın tələbinə uyğun olaraq islahatların təkmilləşdirilməsi, bu prosesin hakimiyyətin hər üç qolunu-icra, qanunvericilik və məhkəmə-hüquq sistemini əhatə etməsi ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Məlum olduğu kimi, 2019-cu ilin sonlarında ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkədə geniş vüsət alan islahatlar prosesindən qanunverici orqanın da geridə qalmaması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun olaraq atılan addımların sonunda dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında seçkilər 2020-ci ilin 9 fevral tarixində keçirildi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
2020-ci ilin 10 mart tarixində altıncı çağırış Milli Məclisin ilk iclası bütün sahələrdə əldə olunan uğurların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsininin zəruriliyinə də işıq saldı. «Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır.
Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu mühüm təcrübəni də xüsusi qeyd etməliyik. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu reallıq Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Atılan bu kimi addımlar, eyni zamanda, Azərbaycanın islahatçı ölkə kimi möhkəmlənən mövqeyinin nümayişidir. Dövrün, zamanın tələblərinə uyğun həyata keçirilən islahatlar prosesi hərtərəfli inkişafın təmin edilməsində əsas faktordur. Cənab İlham Əliyev hələ 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində islahatlar prosesinin daha da dərinləşəcəyinin anonsunu vermişdi. Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə keçirilən prezident seçkisindən sonra andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.» Andiçmə mərasimində islahatlar prosesinin anonsunu verən dövlət başçısı daim bu fikri də xüsusi qeyd edir ki, iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması prioritetdir. Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. Prezident seçkilərinin ardınca 2020-ci il növbədənkənar parlament seçkiləri ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də müasir tariximizə yazıldı.
Cənab İlham Əliyev 6-cı çağırış Milli Məclisin ilk islasında «İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır» söyləyərək onu da qeyd etmişdir ki, kadr islahatları aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə, yerli icra orqanlarında islahatlar aparılır və aparılacaq: «Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.»
Azərbaycanın bu gün bütün sahələrdə yeniləşməsinə, təkmilləşməsinə yol açan 44 günlük İkinci Qarabağ müharibəsi birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 50-dən artıq siyasi partiya dövlət başçısı cənab İlham Əliyevin siyasətinə dəstəklərini, onun ətrafında sıx birləşərək gələcəyə böyük inamla baxdıqlarını qəbul etdikləri Bəyanatda ifadə etdilər. O da məlumdur ki, 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev qurultaydakı çıxışında bu məqama diqqəti yönəldərək bildirmişdir: «Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir… Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır.»
Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan amilinə verilən dəyərlə yanaşı, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmənin hər zaman prioritet olduğunu təsdiqləyir. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir.
Göründüyü kimi, ölkə həyatında baş verən yeniliklər cənab Prezident İlham Əliyevin 2020-ci ildə 6-cı çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi «Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır» çağırışının reallıqda təsdiqidir. Cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızın təkmilləşdirilməsi, yaxud yeni sənədlərin qəbulu bir zərurət kimi qarşıya qoyulur. Dövlət başçısı İlham Əliyev sözügedən iclasda bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur: «Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.»
9 fevral 2020-ci il tarixidə keçirilən növbədənkənar parlament seçkilərindən 4 il vaxt keçir. Bu illər ərzində yeni qəbul edilən, yaxud əlavə və dəyişikliklər edilən qanunların say tərkibinə diqqət yetirsək təkmilləşmənin diqqət mərkzəində olduğunu görərik. Qanunverici orqan üzərinə düşən missiyanı uğurla yerinə yetirir. Cənab Prezident İlham Əliyev hər zaman belə bir çağırışı edir ki, siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu daim öz aktuallığını qoruyur. Milli Məclis üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etməyə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfəsini verməyə səy göstərir. Yeni islahatların əsas hədəfi 7 fevral prezident seçkilərindən sonra qədəm qoyduğumuz yeni dövrün çağırışlarını düzgün cavablandırmaqdır. Azərbaycan hədəflərinə ardıcıllıqla nail olur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024