Mobil versiya
Rusiyanın SOCAR-ın obyektini vurması CİNAYƏTDİR
Tarix: 18-08-2025 | Saat: 16:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Rusiyanın SOCAR-ın obyektini vurması

Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Onun sözlərinə görə, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub. Hücum zamanı 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanla Ukrayna Rusiya tərəfindən qaz kompressor stansiyasına hava zərbələrinin endirilməsini pisləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli bildirib ki, Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq hüququn norma və prinsipinə zidd olduğu, cinayət xarakteri daşıdığı kimi mülki infrastrukturun da dağıdılması Cenevrə konvensiyalarına, eləcə də ona əlavə edilmiş protokollara ziddir və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olan müharibə cinayətlərinə aid edilir:

“Beynəlxalq Humanitar Hüququn müharibələrin aparılması ilə bağlı müəyyənləşdirdiyi prinsiplərə və o cümlədən 54-cü qaydaya görə, mülki əhalinin yaşaması üçün zəruri olan obyektlərə hücum etmək, məhv etmək, çıxarmaq və ya yararsız hala salmaq qadağandır. Məlum olduğu kimi, yanacaqdoldurma məntəqələri də mülki əhalinin yaşaması üçün zəruri olan malların daşınması, təcili yardım maşınlarının və digər bu kimi zəruri hərəkət vasitələri üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün bu qəbildən olan obyektlərin hədəfə alınması da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması anlamına gəlir. Şübhəsiz ki, Rusiyanın Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini hədəfə alması, beynəlxalq humanitar hüququn pozulması ilə yanaşı, həm də iqtisadi cinayətdir”.

Millət vəkili əlavə edib ki, bu qəbildən olan cinayət xarakterli əməllər davamlı şəkildə həyata keçirildiyi üçün SOCAR-a məxsus infrastruktura məqsədyönlü şəkildə zərər vurulduğunu düşünməyə əsas verir:

“Azərbaycana qarşı Rusiyanın bəzi deputatları və təbliğatçı resursları tərəfindən aparılan kampaniyaların fonunda SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinin hədəf seçilməsi də sübuta yetirir ki, ölkəmizin müstəqil siyasəti və istisnasız olaraq, öz milli maraqlarından çıxış etməsi Rusiyadakı neoimperialist düşüncə daşıyıcılarını qane etmir. Bütün bunlar isə, beynəlxalq hüququn bütün subyektlərinin Rusiyaya potensial təhlükə mənbəyi kimi yanaşmasına zəmin yaradır ki, bu da Moskva üçün yaxın və uzaq perspektivdə yaxşı heç nə vəd etmir”, - deyə deputat əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2025