Mobil versiya
MÜZƏFFƏR LİDERLƏ YENİ HƏDƏFLƏRƏ DOĞRU!
Tarix: 16-02-2024 | Saat: 16:41
Bölmə:Özəl | çapa göndər

MÜZƏFFƏR LİDERLƏ YENİ HƏDƏFLƏRƏ DOĞRU!

Prezident seçkiləri və cənab İlham Əliyevin andiçmə mərasimi bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır: “Çünki ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. Bu gün isə yeni bir dövr başladı və bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyuldu”. “Xalqımız əsrə bərabər 20 ilin möhtəşəm uğurlarını, otuzillik işğala və ədalətsizliyə son qoyan Qələbə strategiyasını, Böyük Qayıdış yolunda böyük addımları, Azərbaycana siyasi-iqtisadi dividendlər qazandıran transmilli layihələri, misilsiz iqtisadi-sosial inkişafı, ölkəmizə böyük nüfuz və dəstək qazandıran müstəqil xarici siyasəti məhz Prezident İlham Əliyevin adı ilə bağlayır, onun fəaliyyətinin nəticəsi hesab edir. Cənab Prezident seçkilərində cənab İlham Əliyevə səs verən xalqımız bu nailiyyətlərin davamının gələcəyinə, yeni dövrdə qarşıda duran yeni vəzifələrin də uğurla yerinə yetiriləcəyinə əmindir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, yaranan qlobal çağırışları və ölkənin potensialını nəzərə almaqla daim yeni paradiqmalar müəyyənləşdirir, qarşıya strateji vəzifələr qoyur və hədəflərə çatmaq üçün zəruri tədbirlər görülməsini təmin edir. Azərbaycan məhz bu yolla özünün inamlı inkişafını təmin edir. İlham Əliyev ilk dəfə 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib. O, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra etməyə, Ona bəslənən yüksək etimadı doğrultmağa çalışacaq. Aradan 20 il ötüb. Bu illər uğurlarla, qələbələrlə dolu illər olub. Əlbəttə, böyük nailiyyətlərə gedən yol hamar olmayıb.
Cənab Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində respublikamızın son 20 ildə keçdiyi yola nəzər salaraq bildirib ki, çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın nail olduğu möhtəşəm uğurlar Ulu Öndər  Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir.  Cənab Prezident İlham Əliyev daim çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən bildirir ki, bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdə iqtisadi və siyasi müstəqilliyimizin  rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı.Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır.
Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən xarici siyasətimizlə bağlı bu məqamı xüsusi vurğuladı: “Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.” Cənab İlham Əliyev onu da qeyd etdi ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son üç ildən artıq dövrün  uğurları bunu deməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi hər birimiz üçün böyük qürurdur.  30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu kimi  qürurverici, özündə böyük siyasi və rəmzi mənanı əks etdirən  hadisələrin yaşanmasından sevinclidir. Müzəffər Ali Baş Komandanın hər zaman bəyan etdiyi kimi, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025