Mobil versiya
Türkiyənin “Akıncı” hücum PUA-ları Azərbaycan Ordusunda silahlanmaya qəbul edilib
Tarix: 13-02-2024 | Saat: 14:35
Bölmə:Özəl | çapa göndər

Türkiyənin “Akıncı” hücum PUA-ları Azərbaycan Ordusunda silahlanmaya qəbul edilib

Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətlərinin fonunda dünya türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrilir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Dünya Azərbaycan-Türkiyə münasibətlərinin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Hər zaman biri-birinin yanında olan iki qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dünyaya nümayiş etdirdiyi birlik, həmrəylik bu gün də geniş müzakirə olunur. Müharibənin başlandığı ilk andan “Azərbycan tək deyil, Türkiyə yanındadır” mesajını verən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək siyasi və mənəvi dəstəyini əsirgəmədi. Tarixi Zəfərimizdən ötən bu müddət ərzində iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir ki, müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu və həmin səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi.
Hazırkı dövrdə dövlətlərarası münasibətlərdən bəhs edərkən ilk olaraq qeyd edilən sahələrdən biri enerji sektoru olur. Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Qardaş ölkənin rəsmilərinin qeyd etdikləri kimi, Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzəyir. Həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. 2018-ci ilin iyun ayında Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimi qeyd etmişdir.
Azərbaycan və Türkiyə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu, mühüm addım da Azərbaycan-Türkiyə birliyinin təqdimatı oldu. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bu mühüm məqamı qeyd edir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan zəfər dastanını yazmaqda davam edir. Ötən ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabr ayında isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Cənab İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Azərbaycanın bu zəfərini də qardaş Türkiyə bizimlə eyni şəkildə bayram etdi.
Ötən ilin fevral ayında qardaş Türkiyə baş verən dəhşətli zəlzələ də Azərbaycanın dost ölkəyə ilk dəstəyi bu birliyimizi bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev qardaş ölkədə zəlzələ baş verən gün, fevralın 6-da Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Səfirlə söhbət zamanı ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.”
İlk gündən bu əminlik ifadə edildi ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Təbii ki, bu əminliyə əsas verən qardaş ölkənin gücü, qüdrəti idi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik: “Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.”

Fevralın 9-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldular və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izlədilər. Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına PUA Akademiyasında yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi.
Prezident İlham Əliyevin «Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni gücləndirir, ölkənin təhlükəsizliyini təmin edir. Azərbaycanda “Bayraktar” Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcəkdir” sözləri isə hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025