Mobil versiya
Qəlbi Vətən eşqli
Tarix: 05-02-2024 | Saat: 11:02
Bölmə:Özəl | çapa göndər

Qəlbi Vətən eşqli

Masallının Qarğalıq kəndində anadan olan, Vətən sevdalısı, yurd eşqli Rəfail Teymur oğlu Hüseynov 44 günlük haqq savaşımıza qoşularaq 20 yaşında şəhidlik zirvəsinə ucalıb. Rəfailin elə həyatda birinci amalı mənfur düşmən tapdağında olan Azərbaycan məxsus torpaqları azad görmək idi. Bu, barədə həmişə barışmaz mövqeyini ortaya qoyub, Vətənin taleyini düşünməklə ətrafında olanlara tez-tez deyirmiş: “ Vətənimiz müdriklər beşiyi, qəhrəmanlar yurdudur. Erməni dığaların qarşısında acizlik bizə yaraşmır. Vətənin hər qarışını candan əziz tutub uğrunda qan tökmək bizim müqəddəs borcumuz olmalıdır. Ulu yurd yerimiz- Qarabağımız illərdir düşmənə əsir düşüb. Fəqət, şəhid qanı axmayan torpaqdan Vətən olmaz.”
Rəfail 2018-ci ildə düşməndən qisas almaq məqsədilə ordu sıralarına yollanıb. Xidmət boyunca nizam-intizamı, cəsurluğu, ağılı, ən əsası Vətən sevdalı ürəyi onu nüfuz sahibi edib. Həqiqi hərbi xidmətdə olarkən könüllü Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə qatılıb. 398 əsgərdən Rəfail də daxil olmaqla, 28-i kursdan keçməklə xüsusi təyinatlı kimi seçilib. O, gizir rütbəsində hərbi xidmətini davam etdirib. Bir çox hərbi təlimlərdə iştirak edən qəhrəmanımız tez bir zamanda cəsur kəşfiyyatçı kimi yetişib.

Vətən müharibəsi başlayanda Rəfail də ilk güdən qəhrəman, qeyrətli oğullar sırasında odlu-alovlu səngərdə öz yerini alıb və son nəfəsə qədər döyüşüb yağı düşməndən qisasını alacağına and içib. Füzulinin azadlığı naminə, Kəlbəcər istiqamətində, Murov yüksəkliyi uğrunda ən şiddətli döyüşlərdə işğalçı düşmənə qarşı rəşadətlə vuruşub. Ən ciddi sınaqlarda onlara qan qusdurub.
44 günlük haqq savaşımızın 42 gününü bir qayda olaraq zəfərlə başa vurub. Erməni dığalarının canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxartmaqla bərabər, həm də ağır döyüş zamanı çətin vəziyyətdə neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.
Rəfail Şuşaya qədər ölümə meydan oxuyub, onunla çiyin-çiyinə vuruşan yoldaşlara misilsiz rəşadət örnəyi olub. Düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlər cərgəsində tarix yazıb. İstəyinə çatmaq üçün aşılmaz sıldırım qayaları qalxıb düşmən üstünə qartal tək şığıyıb. Son döyüş günü qəfil atılan minaatan mərmisinin qəlpəsindən ağır yaralanıb. “Vətən” deyib, elə Vətən səmasının əbədi parlaq günəşinə çevrilib.
Masallı camaatı sinəsini Ana Vətənə sipər edib yağıya layiqi cavab verən şəhid oğlunu həmişə böyük ehtiram, sevgi, məhəbbətlə xatırlayır.
Rəfail Hüseynov ölümündən sonra Ali Baş Komandanın Sərəncamı əsasında  “Vətən uğrunda” , "Cəsur döyüşçü", Cəbrayılın, Kəlbəcərin azadlığına görə medalları və «Rəşadət» ordeni ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025