Mobil versiya
AŞPA ilə əməkdaşlığn davam etdirilməsi Azərbaycana heç bir perspektiv vəd etmir
Tarix: 27-01-2024 | Saat: 15:15
Bölmə:Siyasət / Özəl | çapa göndər

AŞPA ilə əməkdaşlığn davam etdirilməsi Azərbaycana heç bir perspektiv vəd etmir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi birmənalı olaraq, Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olmasını istəməyən məlum Qərb dairələrinin ölkəmizə qarşı növbəti çirkin kampaniyası kimi qiymətləndirilməlidir. Əlbəttə ki, bu siyasi-diplomatik hücum cəhdlərini təşkil edən və yönəldən qüvvələrin arxasında ilk növbədə Fransa hökumətinin durduğu da bu gün heç kimdə şübhə doğurmur. Həmdə bu ölkənin Azərbaycana qarşı qərəzli yanaşma sərgiləməsi ilk dəfə deyil. Mahiyyət etibarı ilə Fransanın bu açıq-aşkar ermənipərəst mövqeyi bu ölkənin ərazilərimizin işğal altında olduğu dövrdə yürütdüyü siyasətdə də özünü göstərməkdə idi. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlandığı 30 il ərzində Fransa atdığı hər addımla erməni təcavüzünü dəstəkləmiş, ölkəmizin ərazi suverenliyinin bərpa olunmaması üçün əlindən gələni etmişdir. Üzərinə vasitəçilik öhdəlikləri götürmüş bir ölkə kimi, Fransanın bu dəstəyi, Ermənistanın təcavüzkar dövlət adlandırılmaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi xüsusunda rəsmi İrəvana heç bir təzyiqin göstərilməməsi işğalçı ölkəni daha da şirnikləndirmiş və bununla da Azərbaycana qarşı daha böyük, daha dəhşətli cinayətlərin törədilməsinə yol açmışdır.

Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bu işğala son qoymasından sonra Fransa indiyədək durduğu mövqeləri qismən pərdələməyə çalışdığı örtükləri də bir kənara atdı və artıq öz simasını və niyyətlərini olduğu kimi nümayiş etdirdi. Lakin Fransa hökuməti Cənubi Qafqaz siyasətini müəyyənləşdirərkən çox vacib bir məqamı nəzərə almağı unutmuşdu. Onlar nəzərdən qaçırmışdılar ki, Azərbaycan Parisin etinasızlıqla hüquqlarını bu gün də pozmaqda davam etdiyi aciz, müstəmləkə damğasını hələ də üzərindən ata bilməyən, təbii sərvətlərinin Fransaya daşınmasını məzlumcasına seyr etməkdən başqa heç nəyə qadir olmayan ölkələrdən deyil. Əksinə, Azərbaycan sadəcə özünün deyil, eləcə də yerləşdiyi regionun maraqlarını və təhlükəsizliyini təmin etmək gücünə sahib olan ölkədir. Buna görə də Fransa hökumətinin, eləcə də bilavasitə prezident Makronun xalqımıza qarşı saysız müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri açıq-aşkar dəstəkləyən mövqeyi son nəticədə bu ölkənin Cənubi Qafqazda gedən proseslərdən təcrid olunmasına gətirib çıxardı. Əlbəttə ki, bu, Fransanın onsuz da son bir neçə ildə beynəlxalq aləmdə getdikcə düşməkdə olan nüfuzuna daha bir ağır zərbə oldu. İstər 44 günlük müharibəsinin gedişində, istərsə də postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan Makron öz məqsədlərinin heç birinə nail ola bilmədi.

Azərbaycanın keçən il özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi isə, Fransanın Cənubi Qafqazla bağlı məkrli planlarını artıq kökündən alt-üst etdi. Regionumuzda gedən proseslərə müdaxilə imkanlarından tam məhrum olmuş rəsmi Paris bundan sonra idarə rıçaqlarını əlində saxladığı AŞPA kimi beynəlxalq təşkilatlardan daha çox istifadə etmək məcburiyyətində qaldı. Əslində bu qurumun Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə olunması cəhdləri də yeni təcrübə deyil. Ölkəmiz 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ermənipərəst, islamofob və türkəfob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı alət kimi istifadə ediblər. Sadəcə bunu demək kifayətdir ki, uzun illər ərzində Avropa Şurası Parlament Assambleyası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktı ilə bağlı heç bir təsirli tədbir görülməyib. Ara-sıra verilən bəyanatlar və qərarlar isə mahiyyət etibarı ilə heç bir hüquqi çəkiyə malik olmayıb. Əlbəttə ki, hətta BMT qətnamələrinin belə icra olunmadığı ikili standartlar şəraitində AŞPA kimi dünyada və hətta Avropanın özündə heç bir nüfuza sahib olmayan bir təşkilatın bu məsələyə hansısa bir təsir imkanlarını müzakirə etməyinə belə dəyməz. Bununla belə, ən azından assambleya Avropa Şurasına üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə işğalçının səs hüququnu əlindən ala bilərdi. Amma biz bunu da görmədik. Gördüyümüz isə, AŞPA-nın ölkəmizə qarşı irəli sürdüyü absurd tələblər oldu. Məsələn, belə tələblərdən biri “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulandan sonra səsləndirilmişdi. Məlumdur ki, hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü ilk növbədə həmin dövlətin sərhədlərinin toxunulmazlığı ilə təmin edilir. O cümlədən öz sərhədlərinə tam nəzarəti həyata keçirmək Azərbaycanın da legitim hüququdur. Bununla belə, dövlətimiz növbəti dəfə humanistlik nümayiş etdirərək, Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla əlaqəsinin Laçın-Xənkdi yolu ilə fasiləsiz təmin olunmasına razılıq vermişdi. Lakin bunun müqabilində ermənilər onlara təqdim olunmuş dəhlizdən o vaxt hələ Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, habelə silah, sursat, mina və xarici terrorçuların daşınması üçün istifadə edirdilər. Təbii ki, Azərbaycan dövləti buna göz yuma bilməzdi. Buna görə də ölkəmiz özünün beynəlxalq konvensiyalarda təsbit edilmiş legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Məhz bundan sonra AŞPA dəfələrlə Azərbaycana qarşı həmin sərhəd-buraxılış məntəqəsi ləğv edilməsi tələbini irəli sürmüşdü. Halbuki, bu tələb faktiki olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını nəzərdə tuturdu. Azərbaycana buna gedərdimi? Əlbəttə ki, yox. Hər bir halda müstəqil siyasət yürüdən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə və qətiyyətinə artıq kifayət qədər yaxşı bələd olan AŞPA bundan sonra taktikanı dəyişmək qərarına gəldi. 2023-cü ildə bu təşkilat 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirmişdir. Bunda da məqsəd əlbəttə ki, ermənilərin “ağır blokada şəraitində yaşadıqlarını isbatlayan” uydurma faktlar əsasında saxta hesabatların hazırlanması idi. Lakin Azərbaycan bu çirkin niyyətlərin də reallaşmasına imkan vermədi. Beləliklə, bütün planları fiaskoya uğrayan Fransa, eləcə də bu ölkə ilə tandemdə çıxış edən Almaniya sadəcə AŞPA-ya “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan və “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul etdirməklə kifayətlənməli oldular. Əlbəttə ki, bu sənədlərin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Bunu AŞPA rəhbərliyi də, Fransa və Almaniya hökumətləri də yaxşı bilirlər. Buna görə də 23 oktyabr 2023-cü il tarixində AŞPA “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi ki, bu qətnamənin 23-cü bəndində Azərbaycan açıq-aşkar təhdid edilir. Qətnamədə 19 sentyabrda keçirilmiş lokal xarakterli anti-terror tədbiri hərbi əməliyyatlar kimi qiymətləndirilib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə olunub və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanımamaqla hədələnib. Bir neçə gün bundan öncə isə, bu hədələr həyata keçirildi. Yanvarın 22-də, AŞPA-nın qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Deputatların etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri, Almaniyalı deputat Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Şvabe bu təşəbbüsü irəli sürərkən etdiyi qərəzli və əlbəttə ki, sifarişli çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını” Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. Əlbəttə ki, bu riyakar təşəbbüs formal olaraq Almaniyalı deputat tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu şübhə doğurmayan faktdır. Bunu AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi də sübut edir.

Təbii ki, bu qərəzli qərar Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqelərdən çıxış edən qüvvələrin və ilk növbədə Fransa-Almaniya tandeminin növbəti siyasi-diplomatik təxribatıdır. Aydındır ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını arzulamayan və ən əsası, bu regionda Azərbaycanı müstəqil siyasət yürüdən, güclü lider ölkə kimi görmək istəməyən bu ölkələr öz məqsədlərinə nail olmaq üçün AŞPA-nı əllərində bir alətə çevirmişlər. Bu təşkilatın qərəzli və destruktiv addımları deyilənlərin həqiqət olduğuna heç bir şübhə yeri qoymur. Azərbaycanın AŞPA ilə əməkdaşlığına gəlincə isə, əgər bu əməkdaşlıq indiyədək olduğu kimi, bundan sonra da AŞPA tərəfindən ölkəmizə problemlər yaratmaqdan, Azərbaycanı gözdən salmağa çalışmaqdan ibarət olacaqsa, əlbəttə ki, biz bunda maraqlı deyilik.

Təəssüflər olsun ki, Qərbin anti-Azərbaycan qüvvələrinin əlində alətə çevrilmiş yeganə qurum AŞPA deyil. Belə ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ermənipərəst rəsmilərdən biridir. C.Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirərək, “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq” kimi qərəzli bir fikir səsləndirib. Həmçinin Aİ rəsmisi Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi də son vaxtlar Qərbin 5-ci kolonunu xüsusi canfəşanlıqla müdafiə edir və sifarişli qərarlar çıxarır.

Beləliklə, Avropanı bu gün ciddi şəkildə narahat edən əsas məqamlar ilk növbədə cənab Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi, Ermənistanı II Qarabağ savaşında məğlubiyyəti və Azərbaycanın özünün tam suverenliyini bərpa etməsidir. Təbii ki, AŞPA-da qəbul olunmuş son qərar da Azərbaycana qarşı bir qisas cəhdidir. Azərbaycan isə, vaxtilə Avropa Şurasına məhz Qarabağ probleminin həlli üçün üzv olmuşdu. Artıq bu problem həll olunduğuna görə, ölkəmizin bu gün nəinki dünyada, heç Avropanın özündə belə heç bir nüfuzu olmayan Avropa Şurasına heç bir ehtiyacı yoxdur. Buna görə də sözügedən təşkilatda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərarı tamamilə doğru bir qərardır. Əgər AŞPA-da Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özün təmin etməsi, eləcə də 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olmasına rəğmən yeni sülh prosesinin təşəbbüskarı və müəllifi olması kimi ciddi məqamlar nəzərə alınmırsa, o zaman belə bir riyakarlıq mücəssəməsi olan təşkilatla əməkdaşlığın heç bir perspektivi ola bilməz.

Mətanət Əkbərova
Bakı şəhəri, Nəsimi rayonu 42 saylı məktəbin tarix müəllimi,
AMEA-nın Tarix institutunun doktorantı,
fəlsəfə doktoru.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024