Mobil versiya
Təranə Rəcəbli: “Azərbaycan həkimləri öz səslərini İlham Heydər oğlu Əliyevə verəcəklər!”
Tarix: 18-01-2024 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər

Təranə Rəcəbli: “Azərbaycan həkimləri öz səslərini İlham Heydər oğlu Əliyevə verəcəklər!”

“Artıq xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına yanvar ayının 15-dən start verib. Əlbəttə ki, hər zaman ölkə ictimaiyyətinin ən fəal təbəqələrindən biri kimi çıxış edən səhiyyə işçiləri də bu seçkilərə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar. Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ölkənin istisnasız olaraq bütün ərazisində keçiriləcək ilk seçki olacaq. Bu, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin, eləcə də ölkənin ərazi bütövlüyünün və suverenliyinin ən önəmli təsbiti olaraq qiymətləndirilməlidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu il isə, artıq həmin ərazilərdə Azərbaycan vətəndaşları öz Konstitusiya hüquqlarını reallaşdıraraq, Prezident seçkilərində iştirak edəcəklər. Əlbəttə ki, bu, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öz xalqına bəxş etdiyi ən böyük xoşbəxtlikdir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.

Fikirlərini davam etdirən müsahibimiz daha sonra bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin nail olduğu bütün nailiyyət və qələbələr bilavasitə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində əldə olunmuşdur: “Son 20 ildə Azərbaycan daim yüksələn dinamika ilə böyük bir inkişaf yolu keçmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişafı təmin edilmişdir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan əsas aktorlardan birinə çevrilib. Dövlət başçımızın uğurla həyata keçirdiyi enerji strategiyası bütün Avrasiyanın enerji xəritəsinin yenidən çəkilməsinə səbəb olub. Avropa İttifaqının bir çox ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada və Avropada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur. Xüsusilə Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatı kimi mötəbər, BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatına 120 üzv ölkənin yekdil rəyi ilə rəhbərlik etməsi, həm də son dərəcə böyük uğurla rəhbərlik etməsi ölkəmizin tükənməz potensialını, möhtərəm dövlət başçımızın siyasi iradəsini, diplomatik məharətini və qətiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2023-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Bakıda keçirilməsinə dair qərar qəbul etməklə dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərmişlər. Aydındır ki, bu hörməti ölkəmiz cənab Prezident İlham Əliyevin son iyirmi ildə gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanmışdır. Əlbəttə ki, ölkəmizin keçən il bütün ərazilərində öz suverenliyini tam bərpa etməsindən sonra Azərbaycanın dünyada hörmət və nüfuzu daha da artmışdır.”

Həmçinin hakim partiya təmsilçisi qeyd edib ki, bütün bu nailiyyətlərin fonunda Azərbaycanın son üç ildə əldə etdiyi tarixi Qələbələr müstəsna əhəmiyyət kəsb edir: “İlk növbədə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq tarixi Qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 30 il davam edən işğalına son qoydu. Bu Zəfər nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı və Azərbaycan bu reallıqların müəllifi kimi özünü dünyaya tamamilə fərqli bir simada təqdim etdi. Növbəti üç il ərzində Azərbaycan artıq heç bir kənar qüvvənin, heç bir xarici dövlətin təsiri altına düşməyəcək bir ölkə olduğunu bütün dünyaya qəbul etdirdi. Bu müddətdə ölkəmiz özünün ərazi bütövlüyünü təmin etdi. Ötən ilin 19 sentyabr tarixində keçirdiyi antiterror əməliyyatı nəticəsində isə Azərbaycan Qarabağda separatçılığa birdəfəlik son qoydu və özünün bütün ərazisində tam suverenliyini bərpa etdi. Əlbəttə ki, bütün bu qələbələrə Azərbaycan xalqını gətirə bilən yeganə yol Ulu Öndər Heydər Əliyev yolu və bu yolla xalqı öz arxasınca yeni zəfərlərə doğru apara biləcək yeganə Lider isə, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Əminliklə demək olar ki, fevralın 7-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin namizədliyini irəli sürməklə, əslində bütün xalqın siyasi iradəsini ifadə etmişdir. Heç bir şübhə yoxdur ki, ölkəmizin bütün səhiyyə işçiləri də bu seçkilərdə öz səslərini alternativsiz Lider, ən layiqli namizəd İlham Heydər oğlu Əliyevə verəcəklər!” – deyə, Təranə Rəcəbli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025