Mobil versiya
SON 20 İLİN TARİXİ GÖZ QABAĞINDADIR VƏ ƏSAS MƏSƏLƏ ONDADIR Kİ, 2003-CÜ İLDƏ AZƏRBAYCAN XALQI DÜZGÜN SEÇİM ETMİŞDİ
Tarix: 14-01-2024 | Saat: 10:57
Bölmə:Özəl | çapa göndər

SON 20 İLİN TARİXİ GÖZ QABAĞINDADIR VƏ ƏSAS MƏSƏLƏ ONDADIR Kİ, 2003-CÜ İLDƏ AZƏRBAYCAN XALQI DÜZGÜN SEÇİM ETMİŞDİ

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində keçilən yolun təhlili, qarşıdakı dövrün hədəfləri fonunda bir daha belə bir çağırışı səsləndirdi ki, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik
Bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qalib Azərbaycanın uğurlarından və hədəflərindən bəhs edirik. Təbii ki, bu uğurlar böyük qətiyyətin, səylərin, ümumiləşdirilmiş şəkildə qeyd etsək düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin yanvarın 10-da üç saata yaxın davam edən, 20-dək istiqamət üzrə sualları özündə ehtiva edən yerli televiziya kanallarına müsahibəsi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatı oldu. Cənab İlham Əliyev ölkəmizin son 20 ildə haradan-haraya gəlməsi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu. 2003-cü ildən Azərbaycanın həyatında yeni bir dövr başladı. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu mühüm vədi verdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Ümummilli Liderə müraciətdə o da vurğulanmışdır ki, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.
Sözügedən müsahibədə “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Heydər Əliyev siyasəti davam etdirildi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.”
Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda hər bir ölkənin inkişafında lider amilinin rolunu görürük. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı müstəqilliyinin ilk illərinin anarxiyasından, tənəzzülündən, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas etdi. Təbii ki, bu uğurlarımızın təməlində Ümummilli Liderin torpaq, Vətən, xalq sevgisi dayanmışdı. Məhz bu sevgi Azərbaycanı zirvələrə doğru apardı. 2003-cü ildən başlanan Böyük Yolun davamı bu gün Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın təqdimatında öz sözünü deyir. Ümummilli Liderin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması idi. Son 20 ilin 17 ili bu hədəfə nail olmaq üçün görülən hazırlıq işlərinə həsr edildi. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə davamlı uğurlara imza atdı, zəngin təcrübə qazandı, hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza yaradıldı, güclü, qüdrətli, üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik, beynəlxalq standartlara cavab verən ordu formalaşdı. Azərbaycan Ordusu Qələbəyə hazırlandı. Dövlət başçısı İlham Əliyev müsahibəsində son 20 ilin uğurlarının miqyasının böyüklüyünü “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” fikirləri ilə ifadə etdi. Təbii ki, bu güc qeyd etdiyimiz kimi, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində özünü təsdiqləyir və nümunədir. Azərbaycan bu gün dünyaya inkişafın ən təkmil, müasir modelini təqdim edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma, həmçinin müasir idarəetmə təcrübəsinin təqdimatıdır. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəlikləri fəaliyyət göstərir və bu isə öz növbəsində işin səmərəliliyinin artırılmasında öz sözünü deyir.
Üç il bundan öncə rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalgalandı, qalibiyyətimiz dünyaya səs saldı. Xalqımız əmin idi ki, Azərbaycan Bayrağı Xankəndidə də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də dalğalanacaq. Son üç ildə bu hədəfə sülh yolu ilə nail olmaq üçün dövlətimiz səylər göstərdi. Lakin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün hər vasitəyə əl atdı, hərbi təxribatlarını davam etdirdi. Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Müsahibədə “Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.
Artıq qarşıya qoyulan hər bir hədəfə nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaldanda böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ilin bütün vədləri yerinə yetirilib. Artıq yeni dövr yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizin, xalqımızın həyatında mühüm hadicə olan bu mühüm addımın atılmasını şərtləndirən amilləri bir daha diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.
Prezident İlham Əliyev dünənə və sabahımıza baxış əsasında bildirdi ki, heç vaxt sakitləşməməliyik. Son üç ildə böyük yol keçmişik. Ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir ki, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, dərhal o təhlükə mənbəyini məhv edəcəyik: “Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.”
Azərbaycan müstəqil dövlətdir. Xarici siyasətinin prinsipləri dəyişməzdir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın bu gün sözü imzası qədər dəyərlidir. Ölkəmizin iştirakı olmadan regionda hansısa layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bu mövqe ölkəmizə beynəlxalq dəstək qazandırır. Azərbaycan tarixi Zəfəri ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Azərbaycanın uğurlarının davamlılığı tarixi ədalətə söykənir. 30 illik işğal dövründə xalqımız bir an da belə inamını itirmədi. Əmin idik ki, torpaqlarımız işğaldan azad ediləcək və soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır” fikirləri ilə Azərbaycanın uğurlarını şərtləndirən əsas amili diqqətə çatdırdı. Bildirdi ki, çünki biz haqlıyıq və istənilən auditoriyada, tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var: “Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur.”

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025