Mobil versiya
Azərbaycan qlobal yaşıl enerji layihələrinin əsas iştirakçılarından olacaq
Tarix: 12-01-2024 | Saat: 13:33
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan qlobal yaşıl enerji layihələrinin əsas iştirakçılarından olacaq

Azərbaycan 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqların müəllifinə çevrildi. Ötən il isə, ölkəmizin ərazi bütövlüyü və bütün ərazisində tam suverenliyi bərpa edildikdən sonra mövcud reallıqlar artıq tamamilə yeni bir formatda dünyaya təqdim olundu. İlk növbədə Ermənistanla sülh sazişinin imzalanması üçün indi daha əlverişli tarixi şəraitin yarandığı danılmaz bir fakt kimi gündəmə gəldi. Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə toxunaraq xüsusi olaraq vurğuladı ki, məhz bu gün, Azərbaycan özünün ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması üçün daha əlverişli zəmin yaranıb. Çünki artıq Qarabağda Ermənistanın dəstək vermək istəyəcəyi heç bir qondarma rejim mövcud deyil. Hərçənd Azərbaycanın ötən ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatından sonra bəzi xarici dairələr Ermənistana vədlər verirdilər ki, həm BMT-də, həm də Avropa İttifaqında ölkəmizə qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək. Bu isə, öz növbəsində Ermənistanda belə bir əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədikləri kimi tərtib edə biləcəklər və Azərbaycan da həmin sənədi imzalayacq. Lakin artıq Ermənistan da bu vədlərin boş olduğunu görür. Bundan sonra Ermənistan yenə də regional proseslərdən təcrid vəziyyətində qalmaq istəmirsə, rəsmi İrəvan Azərbaycanla münasibətlərini ikitərəfli formatda müzakirələr əsasında qurmağın zamanı çatdığını anlamalıdır.

Lakin möhtərəm dövlət başçımızın dediyi kimi, əldə olunan bütün bu uğur və nailiyyətlərin Azərbaycan cəmiyyətində sakitləşmə ovqatının yaratmasına qətiyyən yol vermək olmaz. Bu məqamı xüsusi olaraq diqqət mərkəzinə çəkən cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, Azərbaycan artıq yeni dövrə qədəm qoymuşdur və bu dövrün yeni hədəfləri olmalıdır. Eyni zamanda da, biz hər zaman çox ayıq olmalıyıq, çünki ölkəmizə qarşı olan hərəkətlər, bundan sonra da davam edəcək. Azərbaycan elə bir Zəfər çalıb ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Buna görə də ölkəmizə qarşı hər zamankı mənbələrdən yönələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri də Azərbaycanı və ümumilikdə Cənubi Qafqaz regionunu daim gərginlikdə saxlamaq məqsədi güdür. Xüsusilə Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Lakin ölkəmizə qarşı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bəyanatların verilməsinə, sanksiyaların tətbiq olunmasına çalışan Fransa hökuməti artıq bu sahədə də ard-arda ciddi məğlubiyyətlərlə üzləşməli olub. Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu xarici siyasət kursu sayəsində Azərbaycan artıq dünya birliyinin elə bir güclü və nüfuzlu üzvünə çevrilib ki, həm öz mövqelərini qoruya bilir, həm də ölkəmizə qarşı siyasi təxribat xarakterli addım atan dövlətlərin həmlələrinə layiqli əks tədbirlərlə cavab verir.

Əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun son illər ərzində kəskin şəkildə artdığını göstərən məqamlardan biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) bu il Azərbaycanda keçirilməsi ilə bağlıdır. Öz müsahibəsində cənab Prezident İlham Əliyev COP29 beynəlxalq konfransının ölkəmizdə keçirilməsinə indi çox ciddi önəm verildiyini vurğulamaqla, bunun Azərbaycan üçün əhəmiyyətli nailiyyət olduğunu bir daha diqqət mərkəzinə çəkmiş oldu. COP 29-da iştirak etmək üçün ölkəmizə 70-80 min xarici nümayəndənin gələcəyi gözlənilir. Yəni, cənab Prezident İlham Əliyevin dediyi kimi, konqresin davam edəcəyi iki həftə ərzində Bakı faktiki olaraq dünyanın mərkəzinə çevriləcək. COP 29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olmaqla, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından heç də geri qalmır. Azərbaycanın əsas məqsədi isə, dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamaqdır. Möhtərəm dövlət başçımız birmənalı olaraq bildirdi ki, getdikcə dünyada yaşıl enerjiyə tələbat daha da artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Əlbəttə ki, Azərbaycanın bu sahədə malik olduğu nəhəng potensial bizə bu proseslərin içində olmaq imkanı verir. Bu gün Azərbaycan dünyanın aparıcı yaşıl enerji şirkətləri ilə kontraktlar və memorandumlar imzalayıb. Bu layihələrin icrası ölkəmizin bütün daxili tələbatını ödəyəcək və eyni zamanda, Azərbaycana təbii qazı daha böyük həcmdə ixrac etmək imkanı verəcək.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025