Mobil versiya
2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar
Tarix: 03-01-2024 | Saat: 15:21
Bölmə:Özəl | çapa göndər

2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti ilk baxışdan ənənəvi bayram təbriki məqsədini daşısa da, lakin bu müraciət həm də suverenliyini tam bərpa etmiş bir ölkənin siyasi liderinin, qalib dövlətin Ali Baş Komandanının çıxışı kimi xarakterizə olunmalıdır.
Sözügedən müraciət həmçinin 2023-cü ildə ölkəmizin həyatında baş vermiş bir çox önəmli hadisələrin hesabatını təqdim etmək baxımından və 2024-cü ildə qarşıda dayanan əsas vəzifələrimizin, prioritetlərimizin, hədəflərimizin müəyyən edilməsi nöqteyi-nəzərindən də olduqca əhəmiyyətlidir. Başqa sözlə desək, bu müraciət 2024-cü ildə görəcəyimiz işlərin “yol xəritəsi”dir.
Dövlətimizin başçısı arxada qalan 2023-cü ilin yekunlarından danışarəkən ilk növbədə dövlət suverenliyimizin bərpa edilməsinin Azərbaycan xalqının yaddaşında ən mühüm tarixi hadisə kimi əbədi qalacağını qeyd etdi. Suverenliyimizin bərpası 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı nəticəsində mümkün oldu. Prezident vurğuladı ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, bizim dövlət bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Xankəndidə və digər ərazilərdə yuva salmış, istehkam qurmuş Ermənistan ordusunun silahlı qalıqları tərksilah edilmədən, separatçı rejim məhv edilmədən suverenlyimizin tam bərpasından danışmaq mümkün deyildi. Təbii ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Və biz bunu son üç il ərzində sülh yolu ilə həll etməyə səy göstərirdik. Rəsmi Bakı hesab edirdi ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün ağıllı nəticə çıxaracaq.
Lakin əfsuslar olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ağıllı davranmadı. Rəsmi İrəvan 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməkdən ən müxtəlif bəhanələrlə boyun qaçırdı, yeni havadarlarına arxalanaraq revanşist, destruktiv mövqe tutdu və bizə qarşı davamlı hərbi, siyasi, diplomatik təxribatlara, şantajlara, spekulyasiyalara yol verdi. Ermənistan ordusunun 15 minlik kontingenti də Qarabağdan çıxarılmadı. Həmin kontingent separatçı xunta ilə birlikdə həm ərazilərimizdə mina terrorunu davam etdirir, həm də yeni hərbi eskalasiyaya hazırlaşırdı. Azərbaycan rəhbərliyi isə təbii ki, bu vəziyyətlə barışa bilməzdi.
Azərbaycan Prezidenti ən müxtəlif kürsülərdən həm Ermənistan rəhbərliyinə, həm də ona havadarlıq edən Qərb ölkələrinə dəfələrlə xəbərdarlıq etmişdi ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Rəsmi Bakı separatçı rejimin özünü buraxmalı olduğunu və Ermənistan ordusunun bizim ərazilərimizdən çıxarılması tələbini dəfələrlə səsləndirmişdi. Ancaq qarşı tərəf bu tələbləri, ismarıcları eşitmək istəmədiyinə görə biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa etməli olduq. Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində Xankəndi başda olmaqla Yuxarı Qarabağın bütün məntəqələrində Ermənistan ordusunun hissələri və separatçılar darmadağın olundu, separatçı rejimi ağ bayraq qaldırdı, təslim oldu. Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
Əlamətdar haldır ki, 2023-cü ilin 19-20 sentyabrında baş tutan lokal antiterror tədbirləri vasitəsilə ərazilərimizdə separatçılığa, bölücülüyə son qoyulması nəticəsində Qarabağın bütün hissələrində dövlət suverenliyimizin tam bərpa edilməsi məhz “Heydər Əliyev İli”nə, Ulu Öndərin 100 illiyinin qeyd edildiyi bir dövrə təsadüf etdi. Heç şübhəsiz ki, bunda da tarixi və mənəvi qanunauyğunluq var. Çünki müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ulu Öndər torpaqlarımızın işğaldan azad edilməsini, ərazi bütövlüyümüzün bərpa olunmasını görmək istəyirdi. Bu mənada, 2023-cü ildə suverenliyimizin bərpası Ulu Öndərin xatirəsinə əməli hörmətimizin bariz nümunəsidir. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza etdiyi təbrik müraciətində məhz bu məqamı nəzərdə tutaraq qeyd etdi ki, “oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir”.
Təbrik müraciətində həmçinin işğaldan azad edilmiş ərazilərdə hazırda geniş miqyaslı bərpa-quruculuq işlərinin aparılmasına, Böyük Qayıdış üçün hazırlıqların görülməsinə də xüsusi olaraq toxunuldu. Dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydançasına çevrildiyini qeyd etdi. Bildirildi ki, biz işğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və bunun nəticəsində 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün artıq öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə də bu proses davam edəcək, bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Belə ki, yeni ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Prezidentin bu açıqlaması Xankəndidən olan soydaşlarımız üçün ilin ən xoş sürprizlərindən biri oldu.35 il bundan öncə Qarabağda erməni separatizminin və terorizminin baş qaldırması nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalan Xankəndi azərbaycanlılarının bu il öz evlərinə qayıdışı prosesinin sürətlənəcəyi dövlət başçısı tərəfindən şəxsən vurğulandı. Xankəndinin məskunlaşdırılması prosesinə start verilməsi Ermənistandakı revanşist qüvvələrin və Fransa kimi qızışdırıcıların Xankəndi ilə bağlı spekulyasiyalarına da son qoyacaq.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə