Mobil versiya
SUVEREN AZƏRBAYCANIN İLK HƏMRƏYLİK BAYRAMI!
Tarix: 02-01-2024 | Saat: 13:17
Bölmə:Özəl | çapa göndər

SUVEREN AZƏRBAYCANIN İLK HƏMRƏYLİK BAYRAMI!

Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü digərlərindən fərqlənir, çünki yola saldığımız 2023-cü ildə Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub. 2016-cı ilin Aprel döyüşləri, iki il sonra Naxçıvanın Günnüt əməliyyatı, daha sonra Tovuz döyüşləri, 2020-ci il noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın öz məğlubiyyətini rəsmən təsdqiləməsi - kapitulyasiya aktının imzalanması. Daha sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Söz yox ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq. Cənab Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31- də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələ öz əksini tapıb. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Son 20 ildə həyata keçirilən siyasi kursun prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Ancaq xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb. Axı, Xankəndidə yuva salmış separatçı qüvvələr tam məhv edilməmişdi.
Həmin qüvvələr yeni hərbi təxribatlar hazırlayır və onları həyata keçirirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmamışdı. Əksinə, yeni silah - sursat, hərbi texnika, minalar Qarabağa gətirilir və ölkəmizə qarşı mina terroru davam etdirilirdi. Dövlətimizin başçısı bildirdi ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib, keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişi ilə baş tutub. O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq bayram edilir. Qeyd edək ki, 2001-ci il noyabrın noyabrın 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. İlk dəfə keçirilən qurultayda 36-dan çox xarici ölkədə yaşayan, müxtəlif təşkilatları təmsil edən qonaqlar iştirak etmişdi. Heydər Əliyev qurultayda çıxış edərək Azərbaycanla dünya azərbaycanlılarının əlaqələrinin genişləndirilmisi, müxtəlif istiqamətlərdə birlikdə çalışmaları, Azərbaycanın gələcək inkişafı, birliyin, həmrəylin möhkəmləndirilməsi, milli dəyərlərimizin qorunub saxlanılması yolunda fikirlər səsləndirmişdi.
Dünya Azərbaycanlıların II Qurultayı isə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə  keçirilib. Bu qurultayda da diaspor, lobbi fəaliyyəti haqqında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müəyyən tədbirlər görülməsi ilə bağlı müzakirələr aparılmışdı.Beləliklə, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Artıq xaricdə yaşayan, Azərbaycanda yaşayan hər bir azərbaycanlı qürurla, fəxrlə yaşayır, gəzir, fəaliyyət göstərir. Bunun ən əsas səbəbi Azərbaycanın 30 ildən sonra qələbə çalması, məğlub ordu mifinin tamamilə yox edilməsidir. Artıq üçrəngli bayrağımız bütün Qarabağ bölgəsində, o cümlədən Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərədə dalğalanır. Xatırladaq ki, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Ardınca isə Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol oyunu nümayiş olundu. Bütün bu zəfər və qələbələr hər bir Azərbaycan vətəndaşının, azərbaycamlının birliyi, həmrəyliyi, azadlıq mübarizəsi nəticəsində nail olunub. Geridə qoyduğumuz 3 il ərzində, xüsusən də 2020-ci il Vətən müharibəsi dövründə həm Azərbaycanda, həm də xaricdə yaşayan hər bir həmvətənlimiz həmrəylik, birlik nümayiş etdirib, bir yumruğa çevrilib.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov














Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə