Mobil versiya
İnamdan doğan həqiqət
Tarix: 28-12-2023 | Saat: 17:25
Bölmə:Siyasət / Özəl | çapa göndər

İnamdan doğan həqiqət

27 sentyabr 2020-ci il tarixndən başlayaraq hər gün Azərbaycan tarixinə mühüm hadisələrlə zəngin səhifələr yazılır. Bu zəngin tarixə hər gün yeni səhifələr yazan da Azərbaycanın Müzəffər Ali Baş Komandanı, mahir diplomat, qalib sərkərdə cənab İlham Əliyevdir. 44 günlük müharibəni Zəfərlə başa çatdıran, onu diplomatik masada möhkəmləndirən müharibə dövründə verdiyi müsahibələrlə dünyaya Azərbaycan həqiqətlərini çatdıran ölkə başçısı Azərbaycan xalqına qürur anları yaşatmaqda davam edir.
15 oktyabr 2023-cü il tarixində separatizmin mərkəzi olan Xankəndidə Azərbaycan bayrağını ucaldan, üçrəngli bayrağımızın dalğalanmasını fəxrlə, qürurla seyr edən cənab İlham əliyev onda belə bir mesaj vermişdi ki, biz tezliklə bu qədim şəhərdə çox mühüm hadisələrin şahidi olacağıq.
Dediyi hər sözn arxasında əməli fəaliyyət, inamdan doğan qətiyyət olduğundan xalq öz rəhbərinin bu sözündən də ruhlandı. Qürur hissi keçirdi. O gün də tezliklə gəlib çatdı. Cəmi iki ay ərzində başlanan bərpa işləri sona çatdı və Xankəndi stadionu ilk dəfə azərbaycanlı azarkeşlərini, milli komandalarımızın oyunçularını qoynuna aldı.
21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Stadiona minlərlə azarkeş toplaşmışdı. Ölkənin hər yerindən buraya gələnlər ilk dəfə Xankəndi stadionunda belə möhtəşəm hadisəyə şahidlik edirdilər. Çünki 30 ildən artıq müddətdə bu doğma şəhər erməni işğalçılarının nəzarətində, separatçı rejimin girovluğunda idi.
Qalib sərkərdə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu bu işğalçı quldurları 44 gün ərzində darmadağın edərək kapitulyasiya aktını imzalamağa məcbur elədi. Onların tör-töküntüləri isə bu ilin sentyabrın 19-da məğlub olaraq qaçdılar.
Bu gün isə Xankəndi öz əzəli sahiblərinin sevincli günlərini yaşayır. Azərbaycan bayraqları ilə bəzədilmiş stadionda ölkəmizin başçısı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixi matça tamaşa etməyə gəlmişdilər. Yarışın başlanmasından əvvəl çıxış edən ölkə başçısı ilk öncə burada olan şəhid övladlarını, onların ailə üzvlərini salamladı. Daha sonra bu oyunun əslində rəmzi xarakter daşıdığını və çox böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd elədi: “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır.”
Azad olunmuş torpaqlarımızda aparılan abadlıq işlərinin bir an belə dayanmadığını qeyd edən ölkə başçısı bundan sonra da Qarabağda daha möhtəşəm tədbirlərin keçiriləcəyini bildirdi: “Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.”
İşğal edilmiş ərazilərimizin işğaldan azad olunması tarixinə bir daha nəzər salan cənab Prezident Xankəndidə Azərbaycan bayrağının dalğalanmasını da böyük Qələbənin tərkib hissəsi kimi dəyərləndirdi: “İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.”
“Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”-deyə nitqini sona çatdıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza bir daha sözü ilə əməlinin bir olduğu nümunəsini göstərdi, İnamdan doğan həqiqətin reallığını göstərmiş oldu. Xalqdan güc alan, xalqa söykənib olmazları olduran qalib sərkərdənin qətiyyəti, millətin birliyi var olduqca qalib xalq statusu daşımaq Azərbaycan xalqına halaldır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə