Mobil versiya
Fəridə Şərifova: "Azərbaycanın bütün qələbələri Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının nurunda əldə olunub"
Tarix: 11-12-2023 | Saat: 11:42
Bölmə:Özəl | çapa göndər

Fəridə Şərifova:  "Azərbaycanın bütün qələbələri Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının nurunda əldə olunub"

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı hər il bu günü sonsuz sevgi və minnətdarlıq hissi ilə qeyd edir. Saytımızın bugünkü buraxılışında Ümummilli Liderin anım günü ilə əlaqədar suallarımızı Xətai rayon 25 №-li tam orta məktəbin direktoru Fəridə Şərifova cavablandırır.

- Fəridə xanım , Ulu Öndər Heydər Əliyevin XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında fəal dövlət rəhbəri kimi rolu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın ən yeni tarixində Ulu Öndər Heydər Əliyevin rolu müstəsna əhəmiyyət kəsb edir. 1969-cu ildən bu dahi insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir.

- Ümummilli Liderimizin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişini şərtləndirən əsas amilləri necə səciyyələndirərdiniz?

- Ulu Öndər Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, Ulu Öndərin öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Bu bir həqiqətdir ki, 1991-1993-cü illər Azərbaycanın müasir tarixinə hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın nəhayət ki, reallaşmaq üzrə olan müstəqillik arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış ulu öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi.

- Ulu Öndər Heydər Əliyevin ideyalarının müasir dövrümüzə inteqrasiyası barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edərək Cənubi Qafqazda yaranan yeni reallıqların müəllifi kimi çıxış edir. Ümummilli Liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu. Ulu Öndərin siyasətini Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması münasibətilə 2023-ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan xalqının Ulu Öndərə sonsuz məhəbbətinin, bu dahi şəxsiyyətin siyasi irsinə sədaqətin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir.

- Fəridə xanım , suallarımızı ətraflı cavablandırdığınıza görə çox sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi
Zahir Cəbiyev
Kənan Quluzadə




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə