Mobil versiya
Bayram Hacıyev : “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya bütün uğurlarımızın əsasını təşkil edir”
Tarix: 06-12-2023 | Saat: 10:50
Bölmə:Özəl | çapa göndər

Bayram Hacıyev : “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya bütün uğurlarımızın əsasını təşkil edir”

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı hər il bu günü sonsuz sevgi və minnətdarlıq hissi ilə qeyd edir. Saytımızın bugünkü buraxılışında Ümummilli Liderin anım günü ilə əlaqədar aia.az-ın suallarını Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev cavablandırır.

- Bayram müəllim, ilk növbədə istərdim ki, müasir Azərbaycan dövlətinin bu gün beynəlxalq aləmdə sahib olduğu mövqelərə gəlib çatmasında Ulu Öndər Heydər Əliyevin rolu barədə fikirlərinizi oxucularımızla paylaşasınız.

- Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir ölkədir. Artıq Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi özünü təsdiqləmişdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, ölkəmizin və xalqımızın bütün dünyada tanıdılmasına görə, hələ uzun illər öncədən xalqımızın qəlbində Ulu Öndər məramına yüksəlmiş Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.

- Qeyd etdiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi iki müxtəlif tarixi dövrlərdə baş vermişdir. Bu baxımdan respublikamızda 1969-1982-ci illərdə gedən prosesləri necə xarakterizə edərdiniz?

- Məlumdur ki, xalqımızın tarixinin böyük bir dövrü, həm də ən şərəfli dövrü məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Bakı şəhərində 20 Yanvar qırğını törədildiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən o zaman hələ SSRİ-yə rəhbərlik edən şəxsləri qətiyyətlə tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir. Bütün bunlar isə, dahi Heydər Əliyevin xidmətlərinin heç də onun tutduğu vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünya görüşünə, hərtərəfli dərin savada malik olmasından, vətəninə və millətinə dərin sevgisindən irəli gəlirdi.

- Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə Ulu Öndər ölkədə hökm sürən ağır böhran vəziyyətini aradan qaldırılmış və sürətli tərəqqiyə nail olmuşdur. Bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir?

- Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin Ümummilli Lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Müstəqillik illərində isə Ümummilli Liderin hakimiyyətə dönüşü daha təhlükəli, təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin qarşısında respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən qurtarmaq və ölkədə artıq başlamış vətəndaş müharibəsini durdurmaq məsuliyyəti, həmçinin bir çox digər ciddi tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi biliklərə və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər. Çünki Ümummilli Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etmişdir. Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin edildi və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.

- Bayram müəllim, həmin dövrdə qarşıda duran ən mühüm vəzifələrdən hansıları qeyd xüsusi edə bilərsiniz?

- Düşünürəm ki, ilk növbədə siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirırlər. Elə bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuza görə də türk dünyasının dahi şəxsiyyəti, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeyləri daha da güclənib. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Həmçinin Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Məlumdur ki, heç bir beynəlxalq konsorsium riskli, xüsusən də terror təhlükəsi olan ərazilərə investisiya yatırmaz. Heç bir dövlət münaqişə zonalarında strateji layihələrin reallaşmasına şərik olmaq istəməz. Məhz bu baxımdan Azərbaycan torpaqlarında 30 ilə yaxın davam edən erməni işğalı səbəb olduğu bütün digər faciələrlə yanaşı bu bölgədə reallaşdırılan beynəlxalq enerji layihələrinə də əsil təhdid idi. Lakin Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu problemi də kökündən həll etdi. Ölkəmiz öz ərazilərini işğaldan azad etməklə enerji və logistik dəhlizlərin fiziki təhlükəsizliyini təmin etdi və bu layihəyə hərbi hədələri aradan qaldırdı.

- Azərbaycanda bu il bütün il boyu böyük təntənə ilə qeyd olunan “Heydər Əliyev İli”ndə əldə olunmuş ən böyük nailiyyətimiz kimi hansı hadisələri qeyd etmək istərdiniz?

- Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli” ölkəmizin daha bir neçə parlaq Qələbəsi ilə əlamətdar oldu. 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə “Laçın” sərhəd-buraxılış məntəqəsini quruldu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi. 19 sentyabr tarixində isə, keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Bu qələbələr Ulu Öndər Heydər Əliyev siyasi kursunun və ölkəmizdə formalaşmış sarsılmaz xalq-prezident-ordu sarsılmaz birliyinin ən parlaq təntənəsidir.

-Bayram müəllim, ətraflı müsahibənizə və suallarımıza verdiyiniz dolğun cavablarınıza görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Sağ olun.

- Mən də sizə fikirlərimi ifadə etmək üçün imkan yaratdığınıza görə öz minnətdarlığımı bildirirəm, çox sağ olun.

Söhbətləşdi
Sənan Qafarov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025