Mobil versiya
Xalqı birləşdirən Zəfər
Tarix: 07-12-2023 | Saat: 11:03
Bölmə:Siyasət / Özəl | çapa göndər

Xalqı birləşdirən Zəfər

44 Günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Rəşadətli Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. Vətən müharibəsi zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Bu qələbənin Paradı da özünəməxsuslugu ilə seçilirdi.Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.Erməni tankları Bakıya gətirildi,amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi.
Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

Paradda Hərbi qüdrətin nümayişi qürurverici idi.Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.
Zəfər Paradı həmçinin qardaşlıq təcəssümü idi.Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.
Zəfər həm də xalqın birliyinin vəsfi idi.Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izləyib.
Beləliklə,44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Bu müharibədə Azərbaycan Əsgəri andına sadiqlik nümayiş etdirdi.Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.
​Düşmən Ermənistan ordusu isə eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
Müharibənin qəhrəmanlarını fərqləndirən Orden və medallar ədalət prinsipinin təcəssümü idi.Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”.
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024