Mobil versiya
Asif Əsgərov Zaqatala rayonunda şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 22-11-2026 | Saat: 15:39
Bölmə:Gündəm | çapa göndər

Asif Əsgərov Zaqatala rayonunda şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Qandax kəndində şəhid ailəsini ziyarət edib, kənd sakinləri ilə vətəndaş qəbulu keçirib.

Millət vəkili əvvəlcə Vətən müharibəsi şəhidi İsgəndərov Şahinin ailəsini ziyarət edib. Görüş zamanı şəhidin döyüş yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açılıb, əziz xatirəsi ehtiramla yad edilib. Asif Əsgərov şəhid ailəsinin üzvləri ilə söhbət edərək onların qayğıları, və müraciətləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayan deputat onların hər zaman diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib.

Daha sonra Qandax kəndində sakinlərlə vətəndaş qəbulu keçirilib. Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Müraciətlər əsasən məşğulluq, kənd təsərrüfatı sahəsində mövcud çətinliklər, kommunal xidmətlər və digər sosial məsələlərlə bağlı olub. Bəzi məsələlər yerində həllini tapıb. Səlahiyyətləri çərçivəsində həlli mümkün olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.

Qəbulun sonunda daxil olmuş müraciətlər və ailələrin sosial vəziyyəti nəzərə alınaraq aztəminatlı ailələrə maddi yardım göstərilib.

Millət vəkili Asif Əsgərov bildirib ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin birbaşa dinlənilməsi və həlli istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq deputat fəaliyyətinin əsas istiqamətlərindəndir.
Görüşlərin sonunda şəhid ailəsinin üzvləri və vətəndaş qəbulunda iştirak edən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkədə vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin, vətəndaş rifahının və sosial məsələlərin dayanmasını gündəlik həyatda hiss etdiklərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə