Mobil versiya
Kim Çen In Trampı SAYMADI: Məktubunu açmadan GERİ QAYTARDI
Tarix: 22-11-2026 | Saat: 16:18
Bölmə:Dünya | çapa göndər

Kim Çen In Trampı SAYMADI: Məktubunu açmadan GERİ QAYTARDI


ABŞ prezidenti Donald Trampın Şimali Koreya (KXDR) lideri Kim Çen Inla danışıqları bərpa etmək cəhdləri hələlik nəticə verməyib. Belə ki, Pxenyan Vaşinqtonun müraciətlərinə cavab vermir və nüvə arsenalını genişləndirməkdə davam edir.

aia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri diplomatik təmaslardan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp ötən il mövcud rabitə kanalları vasitəsilə Kim Çen Inla əlaqə saxlamağa cəhd göstərsə də, cavab ala bilməyib.

Bundan sonra ABŞ prezidenti diplomatlar vasitəsi ilə məktub göndərib. Məktub Nyu-Yorkda BMT yanında KXDR nümayəndəliyinin binası qarşısında Şimali Koreya təmsilçisinə verilib.

Qəzetin həmsöhbətlərinin iddiasına əsasən, həmin nümayəndə sonradan BMT-nin iclasında açılmamış məktubu amerikalı diplomatın qarşısına atıb.

Trampın bu həftə Asiya səfəri çərçivəsində görüş barədə razılığa gəlmək üçün etdiyi yeni cəhd də uğursuzluğa düçar olub.

WSJ mənbələrinin sözlərinə görə, tərəflər son anda danışıqlar məsələsini müzakirə etsələr də, Kim Çen In ABŞ-nin qəbul edə bilməyəcəyi şərtlər irəli sürüb.

Vaşinqtonda hələ də sülh müqaviləsi ilə başa çatmamış Koreya müharibəsini rəsmən yekunlaşdırmaq, əlaqə nümayəndəlikləri açmaq və KXDR-in nüvə və raket sınaqlarının məhdudlaşdırılması barədə razılığa gəlmək imkanları nəzərdən keçirilirdi. Bununla belə, ABŞ Pxenyanı nüvə dövləti kimi tanımaq niyyətində deyildi, lakin nüvə proqramından tam imtinanı da tələb etmirdi. Ağ Ev isə WSJ-yə açıqlamasında Kim Çen Inla görüş təşkil etməyə çalışmadığını bildirib.

WSJ-nin qiymətləndirməsinə əsasən, Tramp və Kim Çen Inın sonuncu dəfə görüşdüyü 2019-cu ildən bəri KXDR-in nüvə arsenalı 20-30 döyüş başlığından təxminən 60 döyüş başlığına qədər artıb. Ölkə həmçinin ABŞ ərazisinə çata bilən bərk yanacaqlı qitələrarası ballistik raketlərə malikdir. ABŞ kəşfiyyatı ötənilki təhdidlərin qiymətləndirilməsi hesabatında belə qənaətə gəlib ki, Kim Çen In danışıqlar yolu ilə strateji silahlanma proqramlarından imtina etmək niyyətində deyil.

Şimali Koreya lideri ölkəsinin nüvə statusunun tanınmasına çalışır. O, fevral ayında bəyan edib ki, ABŞ ya KXDR-in nüvə proqramını qəbul edib dinc yanaşı yaşamanı təmin edə, ya da "əbədi qarşıdurma" ilə üzləşə bilər.

Bununla yanaşı, WSJ qeyd edir ki, Tramp administrasiyasının KXDR ilə bağlı dəqiq planı yoxdur və Şimali Koreya siyasəti üzrə xüsusi elçi postu boş qalır. ABŞ-nin yanvar ayında dərc edilmiş Milli Müdafiə Strategiyasında Pxenyan nüvə təhdidi mənbəyi kimi göstərilsə də, sənəddə nüvəsizləşdirmə tələbi yer almayıb.

2000-ci illərdə Pxenyanla danışıqlarda iştirak etmiş ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Viktor Ça hesab edir ki, Vaşinqton Şimali Koreyanın nüvə probleminə marağını demək olar ki, itirib və dialoqa tam tərksilahdan deyil, silahlanmaya nəzarətdən başlamağı təklif edir.

"Mənim kimi bir insan üçün bu, bir qədər meşədə qışqırmağa bənzəyir. Heç kim ciddi şəkildə diqqət yetirmir", - deyə Viktor Ça bildirib.

Xatırladaq ki, Tramp birinci prezidentlik müddətində Kim Çen Inla üç dəfə, 2018-ci ildə Sinqapurda, 2019-cu ildə isə Hanoyda və iki Koreya arasındakı silahsızlaşdırılmış zonada görüşüb. Həmin vaxt nüvəsizləşdirmə üzrə danışıqlar heç bir razılaşma əldə olunmadan başa çatmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2026