Mobil versiya
Los-Ancelesdə Qarabağa həsr olunmuş film - FOTO
Tarix: 16-09-2016 | Saat: 11:29
Bölmə:Karusel | çapa göndər




Sentyabrın 14-də ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş "Gənc səslər, qədim nəğmə" adlı sənədli filmin premyerası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Milli.Az-a verilən məlumata görə, tanınmış amerikalı muğam ustası Cefri Verbax tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub.

Tədbirdə Los-Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri və digər şəxslər iştirak ediblər.

Nümayişdən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb.

Baş konsul vurğulayıb ki, Qarabağdakı öz doğma torpaqlarından didərgin salınmış və bütün uşaqlıqları məhv edilmiş azərbaycanlı uşaqlar artıq böyüsələr də hələ də müharibənin və işğalın vurduğu psixoloji zərbələrlə, həmin illərin ağrı-acısını yaşayırlar. O, "Gənc səslər, qədim nəğmə" sənədli filminin də bu qəbildən önəm kəsb etdiyini, bu ekran əsəri vasitəsilə əslində sadəcə azərbaycanlı uşaqların deyil, dünyanın müxtəlif yerlərində meydana gələn müharibələrin yaratdığı ağrı-acılara və məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların probleminə diqqət çəkildiyini vurğulayıb.

Baş konsul belə bir sənət əsərinin ərsəyə gətirilməsinə verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verbaxa öz təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film tamaşaçılarda böyük marağa səbəb olub.

Nümayişdən sonra söz filmin müəllifi C.Verbaxa verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb. İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib.

Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. Nümayiş və Azərbaycan musiqisindən nümunələr tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024