Mobil versiya
Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər
Tarix: 15-11-2023 | Saat: 10:31
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər

Cari ilin 9 noyabr tarixi Prezident İlham Əliyevin Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı və çıxışı ilə yadda qaldı.Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il Prezident İlham Əliyev Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etdiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir. Bu gün onu da əminliklə deyə bilərik ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub.
Dövlət başçısı bildirdi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.Ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsinə gəlincə son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.Prezident həmçinin onu da qeyd etdi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk və Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Eyni zamanda Azərbaycanın nəqliyyat və logistika infrastrukturu da İƏT-nın üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və hər iki dəhlizin Azərbaycandan keçən hissələri artıq tam hazırdır. Bütün bunlar sözsüz ki, Azərbaycanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üçün daha cazibəli edir. Hazırda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal rol oynayan ölkə kimi diqqəti cəlb edir. Fəal mövqeyimiz isə sözsüz ki, bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.
Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirməkdədir.Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Dövlət başçısı qeyd edib ki, təşkilat gələcək üçün də bir sıra əhəmiyyətli təşəbbüsləri dəyərləndirməkdədir. Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilərək istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.Təşkilata üzv olan əksər ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə təbrik yer alıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur.
İşğal dövründə Ermənistanın Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən sildiyini, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıdıb təhqir etdiyini, 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarından isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunduğunu toplantı iştirakçılarına xatırladan İlham Əliyev bildirdi ki, bu il sentyabrın 19-20-də keçirilmiş bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Sonra o, bu tarixi qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkür etdi.Üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə