Mobil versiya
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub -Fotolar
Tarix: 23-10-2026 | Saat: 15:42
Bölmə:Gündəm | çapa göndər

AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, akademik, tibb elmləri doktoru, professor Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

aia az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, elmi müəssisələrin və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley tədbiri çərçivəsində əvvəlcə Fəxri xiyabanda akademik Ədilə Namazovanın məzarı ziyarət olunub, daha sonra alimin həyat və fəaliyyətinə həsr edilmiş sərgi nümayiş etdirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında akademik Ədilə Namazovanın 94 illik ömrünü Azərbaycanda səhiyyənin, pediatriyanın və tibb elminin inkişafına həsr etdiyini deyib, alimin çoxillik elmi və həkimlik fəaliyyətinin respublikada pediatriya elminin formalaşmasında mühüm yer tutduğunu qeyd edib.

Akademik bildirib ki, Ədilə Namazovanın bütün həyatı səhiyyə və tibb elmi ilə bağlı olub. O, 1957-ci ildən həkimlik fəaliyyətinə başlayıb, sonralar xəstəxana rəhbəri kimi çalışıb. 1965-ci ildən 2020-ci ilədək Azərbaycan Dövlət Tibb Universitetində fəaliyyət göstərib. Beləliklə, alimin həyatının 55 ili ali tibb təhsili və elmi-pedaqoji fəaliyyətlə bağlı olub.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Ədilə Namazova həm peşəkar həkim-pediatr, həm də pediatriya və kardiologiya sahələrində tanınmış alim kimi Azərbaycan səhiyyəsində özünəməxsus mövqeyə malik olub. Onun elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da maraq doğurub. Alimin tədqiqatlarında uşaqlarda revmatizm, ürək xəstəlikləri, ürək qüsurları, bu xəstəliklərin müalicəsi və aradan qaldırılması yolları araşdırılıb.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev akademik Ədilə Namazovanın elmi fəaliyyətini hər zaman yüksək qiymətləndirib və onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasında və inkişafında Ədilə Namazovanın böyük dəstəyi olub. Ədilə xanım 10 ildən artıq müddətdə bu universitetdə mühazirələr oxuyub, ustad dərsləri keçib.

AMEA prezidenti qeyd edib ki, Ədilə Namazovanın zəngin elmi əsərləri, monoqrafiyaları və dərslikləri isə bu gün də elmi və pedaqoji fəaliyyət üçün dəyərli mənbə olaraq qalır. Alimin fəaliyyəti həkimlik təcrübəsi ilə elmi araşdırmaların vəhdətinin parlaq nümunəsi kimi dəyərləndirilə bilər.
Akademik İsa Həbibbəyli çıxışın sonunda akademik Ədilə Namazovanın elmi, pedaqoji və ictimai xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsinin onun şəxsiyyətinə və Azərbaycan elminə verdiyi töhfələrə göstərilən ehtiramın ifadəsi olduğunu vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında akademik Ədilə Namazovanın dünya pediatriyasının və tibb elminin inkişafına mühüm töhfələrdən, uşaqlarda anadangəlmə ürək qüsurlarının öyrənilməsi, müayinə və müalicə məsələlərinin araşdırılması istiqamətində apardığı tədqiqatlardan bəhs edib.
Akademik Əhliman Əmiraslanov Ədilə Namazovanı ötən əsrin 70-ci illərindən tanıdığını, alimin elmi fəaliyyətini, tibb ictimaiyyətində qazandığı nüfuzu yaxından müşahidə etdiyini bildirib. Ədilə Namazovanın elmi fəaliyyətinin ilk mərhələlərindən etibarən uşaqlarda anadangəlmə ürək qüsurlarının öyrənilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd edib ki, o dövrdə anesteziologiya və reanimatologiya sahələri indiki səviyyədə inkişaf etmədiyindən ürək qüsurlarının cərrahi müalicəsi ciddi risklərlə müşayiət olunurdu. Buna görə də əməliyyata göstəriş və əks-göstərişlərin müəyyənləşdirilməsi, mümkün ağırlaşmaların əvvəlcədən qiymətləndirilməsi və onların qarşısının alınması yollarının araşdırılması böyük əhəmiyyət daşıyırdı.
Akademik Əhliman Əmiraslanov Ədilə Namazovanın keçmiş SSRİ-nin tibb elmi ictimaiyyətində qazandığı yüksək nüfuzu xüsusi qeyd edib. Ədilə Namazovanın elmi fəaliyyəti dövründə Moskvanın tanınmış tibb müəssisələri, o cümlədən akademik Boris Petrovskinin rəhbərlik etdiyi cərrahiyyə mərkəzi ilə sıx elmi əlaqələr qurduğunu, həmin dövrdə uşaqlarda anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi üzrə aparılan araşdırmaların bu əməkdaşlığın mühüm istiqamətlərindən olduğunu bildirib.
Qeyd edib ki, alimin SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilməsi Azərbaycan elmi, xüsusilə də qadın alimlər üçün əlamətdar hadisə idi. Ədilə Namazova həmin dövrdə tanınmış alimlər və tibb mütəxəssisləri arasında böyük hörmət qazanmışdı. O, Ədilə Namazova ilə Azərbaycan Tibb Universitetində uzun illər birgə çalışdığını xatırladaraq alimin universitetin elmi və ictimai həyatında fəal iştirak etdiyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova akademik Ədilə Namazovanın Azərbaycanda pediatriya elminin inkişafında, milli pediatriya məktəbinin formalaşmasında və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında rolundan danışıb.

Akademik İradə Hüseynova bildirib ki, Azərbaycanın çoxəsrlik tarixində elə şəxsiyyətlər var ki, onların həyat yolu, elmi fəaliyyəti və ictimai xidmətləri ölkənin inkişaf salnaməsində xüsusi yer tutur. Akademik Ədilə Namazova da belə görkəmli şəxsiyyətlərdəndir.
O qeyd edib ki, AMEA-nın müxtəlif elmi istiqamətlərində fəaliyyət göstərən qadın alimlər ölkə elminin inkişafına mühüm töhfələr veriblər. Bu baxımdan Ədilə Namazovanın da Azərbaycan elminin görkəmli qadın nümayəndələri sırasında xüsusi mövqeyə malik olduğunu, alimin elmi nailiyyətləri, beynəlxalq nüfuzu və uzunillik pedaqoji fəaliyyətinin Azərbaycan tibb elminin inkişafında mühüm iz qoyduğunu bildirib. Ədilə Namazovanın fəaliyyətində həkimlik, alimlik və müəllimlik bir-birini tamamlayan əsas istiqamətlər olub. Həkim kimi xəstələrin sağlamlığının qorunmasına çalışan alim, tədqiqatçı kimi xəstəliklərin yaranma mexanizmlərini və patogenezini araşdırıb, pedaqoq kimi isə əldə etdiyi elmi bilikləri gənc mütəxəssislərlə bölüşüb.
AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Ədilə Namazova böyük elmi nüfuzuna baxmayaraq, sadəliyi, məsuliyyətli yanaşması və tələbkarlığı ilə seçilib. O, həkim kimi xəstələrinə həssaslıqla yanaşıb, müəllim kimi gənc mütəxəssislərdən yüksək peşəkarlıq tələb edib. Bu keyfiyyətlər alimin şəxsiyyətinin və elmi irsinin ayrılmaz hissəsi olub.
O, həmçinin Ədilə Namazovanın elmi tədqiqatların etik aspektlərinin öyrənilməsində rolunu vurğulayıb. Bildirib ki, alim tibbi tədqiqatlarda etik prinsiplərin araşdırılmasına xüsusi diqqət yetirib, bu sahədə maarifləndirmə və elmi biliklərin yayılmasına töhfə verib. Onun bioetika istiqamətində fəaliyyəti və bu mövzuda hazırladığı əsərlər də elmi irsinin mühüm hissəsini təşkil edir.

AMEA-nın vitse-prezidenti çıxışının sonunda akademik Ədilə Namazovanın zəngin elmi irsinin, yaratdığı məktəbin və yetişdirdiyi mütəxəssislərin Azərbaycan tibb elminin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin prorektoru tibb elmləri doktoru, professor Məlahət Sultanova bildirib ki, akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafında özünəməxsus iz qoyub, pediatriyanın gələcəyinə təsir göstərib və yetişdirdiyi alimlərlə zəngin elmi irs yaradıb.

Qeyd edib ki, Ədilə Namazovanın həyat və fəaliyyətində uşaqlara qayğı, şəfqət, elmə bağlılıq və insan sevgisi mühüm yer tutub. Professor vurğulayıb ki, akademik Ədilə Namazovanın Azərbaycanda elmi pediatriyanın banisi kimi tanınması onun Azərbaycan tibb elminin tarixindəki xüsusi mövqeyini ifadə edir. 1949–1953-cü illərdə Ağdamda çalışan gənc həkim uşaqlar arasında yoluxucu xəstəliklərlə mübarizəyə, təhlükəli infeksiyaların qarşısının alınmasına və profilaktik tədbirlərin təşkilinə xüsusi diqqət yetirib. Uşaqların immunizasiyası, kütləvi peyvəndləmə, evlərdə tibbi müayinələrin aparılması və süd mətbəxinin təşkili onun fəaliyyətinin mühüm istiqamətlərindən olub.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Azərbaycanın ilk qadın pediatr alimi, akademik Ədilə Namazovanın adının Azərbaycan səhiyyəsi və dünya elmi tarixinə qızıl hərflərlə yazıldığını, onun zəngin elmi irsinin bu gün də beynəlxalq səviyyədə aktuallığını qoruduğunu vurğulayıb. Bildirib ki, Ədilə Namazova Azərbaycan Tibb Universitetində geniş elmi fəaliyyəti ilə yanaşı, tələbələrin elmi axtarışlarına da xüsusi diqqət yetirib, Tələbə Elmi Cəmiyyətinin iclaslarında mütəmadi iştirak edərək gələcəyin həkimlərinə dəyərli tövsiyələr verib.

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Habil Qurbanov akademik Ədilə Namazovanın Ağdamda başlayan həkimlik fəaliyyətinin onun gələcək elmi yolunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, uşaqların sağlamlığının qorunmasına həsr etdiyi fəaliyyəti ilə yanaşı, pediatriya sahəsində elmi tədqiqatları, milli elmi məktəbin inkişafına verdiyi töhfələr və beynəlxalq miqyasda qazandığı nüfuz Ədilə Namazovanın zəngin elmi irsinin əsas istiqamətlərini təşkil edib.

Habil Qurbanov çıxışında akademik Ədilə Namazovanın nəsil şəcərəsindən də bəhs edərək onun ailə üzvlərinin əksəriyyətinin səhiyyə və tibb sahəsində fəaliyyət göstərdiyini, beləliklə, bu sahəyə xidmətin ailənin həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Tədbirdə akademik Ədilə Namazovanın yetirməsi, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə alimin elmi, pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.

Təranə Tağı-zadə çıxışında akademik Ədilə Namazovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna xidmətlərini, formalaşdırdığı elmi məktəbin əhəmiyyətini və tibb elminə qazandırdığı dəyərləri diqqətə çatdırıb. O vurğulayıb ki, Ədilə xanım gənc həkimlərin tədqiqatlara cəlb olunmasına, elmi potensiallarının üzə çıxarılmasına və müstəqil alim kimi formalaşmalarına böyük əmək sərf edib. Bu gün Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən çoxsaylı həkim və alimlər Ədilə Namazovanın yaratdığı elmi məktəbin davamçılarıdır.

Təranə Tağı-zadə alimin tədqiqatlarının pediatriyada diaqnostika və müalicə yanaşmalarının təkmilləşdirilməsinə, uşaqların sağlamlığının qorunmasına və tibb elminin inkişafına mühüm töhfələr verdiyini deyib, akademikin fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi tibbi etika və bioetika sahəsində xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, Ədilə Namazovanın bioetika sahəsindəki təşəbbüsləri tibbi təhsildə mənəvi dəyərlərin möhkəmləndirilməsinə, həkimlərin etik düşüncə tərzinin formalaşmasına və insan amilinin tibbi qərarların mərkəzində dayanmasına xidmət edib.
Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətinə toxunan Təranə Tağı-zadə rəhbərlik etdiyi qurumun inkişafında akademik Ədilə Namazovanın xidmətlərini və yaratdığı ənənələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, alimin təşkilata rəhbərliyi dövründə pediatrların elmi və peşəkar fəaliyyətinin dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, Azərbaycan pediatriyasının beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Onun təşəbbüsləri pediatrlar arasında elmi əməkdaşlığın güclənməsinə, müasir tibbi biliklərin yayılmasına və uşaq sağlamlığının qorunmasına yönəlmiş fəaliyyətin inkişafına zəmin yaradıb.

Assosiasiyanın bugünkü fəaliyyətinin də həmin irsin davam etdirilməsinə, pediatrların elmi potensialının gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və müasir pediatriyanın nailiyyətlərinin ölkəmizdə tətbiqinə xidmət etdiyi deyib.

Çıxışının sonunda qeyd edib ki, akademik Ədilə Namazova bu gün aramızda olmasa da, onun yaratdığı elmi məktəb yaşayır, yetirmələrinin fəaliyyəti ilə zənginləşir, ideyaları və peşəkar prinsipləri yeni nəsillərə ötürülür. Ədilə xanımın ömür boyu qoruduğu elmə sədaqət, insanlara şəfqət və peşəyə məsuliyyət prinsipləri Azərbaycan pediatriyasının gələcək inkişafında da öz əhəmiyyətini saxlayacaqdır.
Proqram çərçivəsində akademik Ədilə Namazovaya həsr edilmiş videoçarx nümayiş etdirilib.
Sonda akademik Ədilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova çıxış edərək, əlamətdar yubiley tədbirinin təşkilinə və Ədilə xanımın əziz xatirəsinin yaşadılmasına göstərilən diqqətə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026