Mobil versiya
Tarixi sənəd
Tarix: 13-11-2023 | Saat: 09:53
Bölmə:Gündəm / Özəl | çapa göndər

Tarixi sənəd

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanmışdır.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Beləliklə, keçən iyirmi il göstərmişdir ki, Azərbaycan Respublikasınınnın Konstitusiyası azadlıq və hüquq ideyaları əsasında Azərbaycan dövlətçiliyinin formalaşmasına və möhkəmləndirilməsinə xidmət etmişdir. Bu illər ərzində Konstitusiyamız özünü tam doğrultmuş, yüksək hüquqi keyfiyyətə malik bir sənəd kimi ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əsasını təşkil etmişdir. Konstitusiya həm də qanunçuluğun və hüququn aliliyinin yüksəlməsi üçün şərait və imkan yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev möhtərəm Heydər Əliyevin demokratik dövlət quruçuluğu siyasətini davam etdirərək, ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, cəmiyyətin bütün təbəqələrində sivil münasibətlərin inkişafına həlledici töhfə verəcəkdir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025