Mobil versiya
Azərbaycan – Mərkəzi Asiya əlaqələri strateji xarakter alır
Tarix: 18-09-2023 | Saat: 15:50
Bölmə:Gündəm / Özəl | çapa göndər

Azərbaycan – Mərkəzi Asiya əlaqələri strateji xarakter alır

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri xalqlarımız arasında mövcud olan səmimi münasibətlər, tarixi mədəni əlaqələr əsasında inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Sammitdə çıxış edən dövlət başçımız belə bir vacib məqamı xüsusi qeyd etdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Hazırda müşahidə olunan regional əməkdaşlığın yeni formatı isə ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Diqqətəlayiq haldır ki, son iki il ərzində cənab Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycana səfərlər ediblər.
Son illər ərzində ölkələrimiz arasında birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır. Əlbəttə ki, münasibətlərdə nəqliyyat və logistika sahəsi mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiyadakı qardaş ölkələr üçün hər zaman açıqdır.
Məlumdur ki, Azərbaycanın Tacikistan ilə ikitərəfli formatda da əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, Ölkə Prezident cənab İlham Əliyev bu il qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etmişdir. Azərbaycan və Tacikistan uzun illərdir ki, həm beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda da bu əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Bütün bu perspektivlər Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək və geniş tərkibli görüşləri zamanı ətraflı müzakirə olunub, əməkdaşlığı gələcək inkişafı məqsədilə atılacaq addımların əsas istiqamətləri müəyyən edilib. Azərbaycan-Tacikistan münasibətlərinin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur.
Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin xüsusilə son bir neçə il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024