Mobil versiya
Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir
Tarix: 28-09-2026 | Saat: 10:43
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir

Müasir qlobal iqtisadi sistemdə ölkələrin gücü yalnız malik olduqları təbii ehtiyatlar, istehsal imkanları və maliyyə resursları ilə müəyyənləşmir. Beynəlxalq rəqabətdə uğur qazanmaq üçün nəqliyyat və logistika imkanlarının genişliyi, rəqəmsal texnologiyaların tətbiqi, gömrük və inzibati prosedurların səmərəliliyi, eləcə də peşəkar insan resurslarının mövcudluğu mühüm əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasət də məhz bu amillərin qarşılıqlı şəkildə inkişaf etdirilməsinə yönəlib. Nəticədə ölkəmizin regional iqtisadi proseslərdə iştirakı genişlənir, xarici tərəfdaşlarla əməkdaşlığın yeni istiqamətləri formalaşır.

Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə baş tutan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda müzakirələr Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi prioritetlərinin mühüm tərəflərini ortaya qoydu. Dövlət başçısının çıxışında Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə yanaşı, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi nəticəsində əldə edilən yeni imkanlara toxunması ölkəmizin daha geniş regional iqtisadi məkanla inteqrasiyasının əhəmiyyətini göstərir.

Cənubi Qafqazın mühüm coğrafi məkanında yerləşən Azərbaycan Şərq və Qərb arasında əlaqələrin qurulmasında əlverişli mövqeyə malikdir. Lakin ölkənin regional iqtisadi siyasəti yalnız Cənubi Qafqazla məhdudlaşmır. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin intensivləşməsi Azərbaycanın Xəzər hövzəsində formalaşan nəqliyyat, ticarət və iqtisadi əlaqələrdə rolunu daha da artırır. Bu proses Şərq-Qərb istiqamətində daşımaların genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanlarının yaranması baxımından əlavə perspektivlər açır.

Prezident İlham Əliyevin çıxışında idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, nəqliyyat sisteminin rəqəmsal texnologiyalar əsasında inkişaf etdirilməsi və gömrük proseslərinin müasirləşdirilməsi məsələlərinin önə çəkilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq investor və logistika şirkətləri üçün əlverişli coğrafi mövqe mühüm üstünlük olsa da, müasir tranzit sisteminin səmərəli fəaliyyəti üçün yalnız bu amil kifayət etmir. Sərhəd-keçid proseslərinin sürətləndirilməsi, normativ tələblərin aydın və şəffaf olması, sənədləşmə işlərinin minimuma endirilməsi və daşımaların rəqəmsal platformalar üzərindən idarə olunması da mühüm rol oynayır.

Bu baxımdan fiziki infrastrukturun inkişafı müasir idarəetmə və texnoloji həllərlə paralel aparılmalıdır. Yeni limanların, avtomobil yollarının, körpülərin və gəmiçilik imkanlarının yaradılması ölkələr arasında fiziki bağlantını gücləndirir. Lakin bu infrastrukturlardan maksimum səmərə əldə etmək üçün yük axınlarının operativ şəkildə idarə olunması, məlumat mübadiləsinin sürətləndirilməsi və daşımaların müxtəlif mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi vacibdir. Prezident İlham Əliyevin gömrük idarəçiliyinin müasir standartlara uyğunlaşdırılması və yükdaşımalar zamanı prosedurların asanlaşdırılması ilə bağlı vurğuladığı məsələlər Azərbaycanın tranzit potensialının iqtisadi üstünlüyə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Regional bağlantının mühüm komponentlərindən biri də enerji infrastrukturudur. Elektrik enerjisinin ötürülməsi imkanlarının genişləndirilməsi enerji sistemlərinin dayanıqlılığını artırmaqla yanaşı, Azərbaycanın regional əməkdaşlıq imkanlarını da genişləndirə bilər. Dövlət başçısının enerji sahəsində mövcud potensiala diqqət çəkməsi nəqliyyat və enerji infrastrukturlarının bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirildiyini göstərir. Azərbaycanın enerji resursları, istehsal imkanları və əlverişli coğrafi mövqeyi müxtəlif regional enerji layihələrinin reallaşdırılması üçün əlavə imkanlar formalaşdırır.

Bununla yanaşı, texniki infrastrukturun genişləndirilməsi və yeni texnologiyaların tətbiqi yüksək ixtisaslı insan resursları ilə dəstəklənməlidir. Dayanıqlı iqtisadi inkişafın təmin olunmasında kadr potensialı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ölkənin gələcək inkişafında insan kapitalının və uzun illər ərzində formalaşmış peşəkar təcrübənin rolunu vurğulaması da bununla bağlıdır. Təhsil sahəsində həyata keçirilən tədbirlər və savadlılıq səviyyəsinin yüksək olması Azərbaycanın mühüm üstünlükləri sırasındadır. Rəqəmsal iqtisadiyyat, logistika, enerji, sənaye və digər müasir sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanması yeni iqtisadi layihələrin səmərəli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biridir.

İnsan kapitalına yatırılan sərmayə yalnız mövcud layihələrin icrasına deyil, uzunmüddətli iqtisadi inkişafın təmin edilməsinə də xidmət edir. Müasir texnologiyaların ölkəyə gətirilməsi mühüm addım olsa da, həmin texnologiyaların məhsuldar istifadəsi üçün peşəkar bilik, praktiki təcrübə və çevik idarəetmə mexanizmləri tələb olunur. Azərbaycanın enerji sektorunda uzun illər ərzində formalaşdırdığı texniki və idarəçilik təcrübəsinin digər iqtisadi sahələrə tətbiqi də iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirə biləcək amillərdən biridir.

Forumda diqqət çəkən məsələlərdən biri də Azərbaycanın iqtisadi strukturunda baş verən dəyişikliklərdir. ÜDM-də qeyri-neft sektorunun payının 70 faizdən yüksək olması ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müəyyən nəticələrin əldə edildiyini göstərir. Bununla belə, ixrac strukturunda neft-qaz məhsullarından asılılığın tədricən azaldılması və qeyri-neft məhsullarının payının artırılması qarşıdakı dövrdə də mühüm istiqamətlərdən biri olaraq qalır. Bu məqsəd yeni istehsal müəssisələrinin yaradılmasını, innovativ texnologiyaların tətbiqini, məhsuldarlığın yüksəldilməsini və yerli məhsulların beynəlxalq bazarlarda rəqabət imkanlarının artırılmasını tələb edir.

Beləliklə, Azərbaycanın regional bağlantı siyasəti yalnız yeni nəqliyyat marşrutlarının yaradılması və tranzit imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Burada rəqəmsal idarəetmə, müasir gömrük sistemi, enerji infrastrukturu, insan kapitalının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi bir-birini tamamlayan vahid istiqamətlər kimi çıxış edir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın mövcud coğrafi və iqtisadi üstünlüklərini yeni texnoloji və regional imkanlarla birləşdirmək, Mərkəzi Asiya ilə əlaqələri daha da genişləndirmək və ölkənin beynəlxalq iqtisadi sistemdəki rolunu möhkəmləndirmək xəttinin davam etdirildiyini göstərir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026