Mobil versiya
  17 sentyabr Pərvin Salmanzadənin doğum günüdür
Tarix: 17-09-2023 | Saat: 09:48
Bölmə:Özəl | çapa göndər

  17 sentyabr Pərvin Salmanzadənin  doğum günüdür

Müqəddəslik zirvəsi

17 sentyabr 1991-ci ildə Astara rayonunun Pensər kəndində dünyaya göz açan Pərvin Təbriz oğlu Salmanzadə doğma Vətənə, torpağa halal sevgisini İkinci Qarabağ müharibəsində tam sübuta yetirdi.  Müharibə meydanında yağının bağrına  çat salmaqla bir tarix yazdı. Özü şəhid olsa da,  qaldı ki, xalqı üçün qoyduğu yadigarlar əbədidir. Və əməllərinin mayasında Vətəni sevmək, torpağı qorumaq əzəməti dayanır.
 Bəli, həyata mehr-məhəbbət, əzəmət gətirən əməllərə tapınmaqla Pərvin əsgərlik yaşına çatır. 2009-cu ildə hərbi xidmətə yola düşəndə el-obada özünə görə hörmət sahibi idi.  Əsgərliyini  cəbhənin ən qaynar  xəttində keçirən Pərvin doğma Azərbaycana sədaqətlə xidmət edir, Vətənin bir qarış  torpağından ötrü canından belə keçməyə  həmişə hazır durur.  Elə onu əsgərlər arasında nüfuz sahibi edən də Vətən sevgisindən doğan keyfiyyətləri olur. Ən əsası köksündə qəhrəman  ürəyi döyünən  Pərvinin vətənpərvərliyi, milli ləyaqət  hissi, düşmənə alovlu nifrəti  xidmət etdiyi hərbi hissədə hamı üçün nümunə olur.
 Üzüağ əsgəri xidmətdən kəndinə dönən  Pərvin  özünü əmək meydanında sınayır.  Necə deyərlər, firavan həyat naminə maddi nemətlər bolluğu yaratmaq uğrunda əzmlə çalışır. Özü də Pərvin bütün fəaliyyətini xalqın, Vətəninin taleyi ilə bağlayır. Getdiyi halallıq yolunda  saf duyğularla yaşayan, məsləkli adamlardan öyrəndikləri də çox olur. Bütün bunlarla bərabər düşmən tapdağında olan Qarabağdan  ötəri ürəyi darıxır. Vətənin qeyrətli oğlu özlüyündə  götür-qoy edir  və  torpaq naminə  yerini  səngərdə, məqamı gələndə döyüşdə görür. 2020-ci ildə yenidən hərbiyə gedir. Onu MAXE vəzifəsində işə götürürlər. Pərvin xidməti  vəzifəsinin öhdəsindən layiqincə gəlir, işğal   altında olan Vətən torpaqlarını düşməndə geri  almaqdan ötrü hərbi sirlərini  mükəmməl öyrənir. Çox keçmir  düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edir.
 Nəhayət ki, bütün Azərbaycan xalqının arzuladığı gün gəlir. 27 sentyabr də İkinci Qarabağ müharibəsi başlanır.  Pərvin də  Vətən yolunda can qoyan qeyrətli oğlanlara qatılıb ən qızğın od-alovlu  döyüş bölgəsinə yollanır.  Ağdərə, Xocavənd istiqamətlərdə  gedən ağır müharibədə daha rəşadətli olur, düşmənə qarşı qəhrəmancasına vuruşur. Çavuş olduğu dəstəyə də sözü belə olur:” Vətən torpağı müqəddəsdir, onun bir qarışı da  gərək yağıya qismət olmasın.”  Cəsur döyüşçü Cəbrayılda, Füzulidə də  hər qarşı torpaq uğrunda can qoymaqla  sarsıdıcı zərbələri ilə erməni faşistləri darmadağın edir. 6 noyabr 2020-ci ildə  Şuşa şəhərində  şəhid olur.  Burada da düşmənə  ürəyində arzuladığı  dərs keçir. Sonda komandiri qəfil güllədən qorumaq üçün özünü onun üstünə atır.  Komandirini  xilas etsə də, öz həyatını canından artıq sevdiyi Vətəninə qurban verir...
 Pərvinin Vətəninə, xalqına olan sevgisi  Uca Tanrıdan gəlirdi. Onu əbədiyyət zirvəsinə ucaldanda bu sevgi oldu.  Dövlət isə ölümündən  sonra öz igid oğlunu beş- “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin  azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallar ilə təltif etdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025