Ana Sayfa > Özəl > 17 sentyabr Pərvin Salmanzadənin doğum günüdür
17 sentyabr Pərvin Salmanzadənin doğum günüdür17-09-2023, 09:48. Yazar: sevinc1 |
Müqəddəslik zirvəsi 17 sentyabr 1991-ci ildə Astara rayonunun Pensər kəndində dünyaya göz açan Pərvin Təbriz oğlu Salmanzadə doğma Vətənə, torpağa halal sevgisini İkinci Qarabağ müharibəsində tam sübuta yetirdi. Müharibə meydanında yağının bağrına çat salmaqla bir tarix yazdı. Özü şəhid olsa da, qaldı ki, xalqı üçün qoyduğu yadigarlar əbədidir. Və əməllərinin mayasında Vətəni sevmək, torpağı qorumaq əzəməti dayanır. Bəli, həyata mehr-məhəbbət, əzəmət gətirən əməllərə tapınmaqla Pərvin əsgərlik yaşına çatır. 2009-cu ildə hərbi xidmətə yola düşəndə el-obada özünə görə hörmət sahibi idi. Əsgərliyini cəbhənin ən qaynar xəttində keçirən Pərvin doğma Azərbaycana sədaqətlə xidmət edir, Vətənin bir qarış torpağından ötrü canından belə keçməyə həmişə hazır durur. Elə onu əsgərlər arasında nüfuz sahibi edən də Vətən sevgisindən doğan keyfiyyətləri olur. Ən əsası köksündə qəhrəman ürəyi döyünən Pərvinin vətənpərvərliyi, milli ləyaqət hissi, düşmənə alovlu nifrəti xidmət etdiyi hərbi hissədə hamı üçün nümunə olur. Üzüağ əsgəri xidmətdən kəndinə dönən Pərvin özünü əmək meydanında sınayır. Necə deyərlər, firavan həyat naminə maddi nemətlər bolluğu yaratmaq uğrunda əzmlə çalışır. Özü də Pərvin bütün fəaliyyətini xalqın, Vətəninin taleyi ilə bağlayır. Getdiyi halallıq yolunda saf duyğularla yaşayan, məsləkli adamlardan öyrəndikləri də çox olur. Bütün bunlarla bərabər düşmən tapdağında olan Qarabağdan ötəri ürəyi darıxır. Vətənin qeyrətli oğlu özlüyündə götür-qoy edir və torpaq naminə yerini səngərdə, məqamı gələndə döyüşdə görür. 2020-ci ildə yenidən hərbiyə gedir. Onu MAXE vəzifəsində işə götürürlər. Pərvin xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, işğal altında olan Vətən torpaqlarını düşməndə geri almaqdan ötrü hərbi sirlərini mükəmməl öyrənir. Çox keçmir düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edir. Nəhayət ki, bütün Azərbaycan xalqının arzuladığı gün gəlir. 27 sentyabr də İkinci Qarabağ müharibəsi başlanır. Pərvin də Vətən yolunda can qoyan qeyrətli oğlanlara qatılıb ən qızğın od-alovlu döyüş bölgəsinə yollanır. Ağdərə, Xocavənd istiqamətlərdə gedən ağır müharibədə daha rəşadətli olur, düşmənə qarşı qəhrəmancasına vuruşur. Çavuş olduğu dəstəyə də sözü belə olur:” Vətən torpağı müqəddəsdir, onun bir qarışı da gərək yağıya qismət olmasın.” Cəsur döyüşçü Cəbrayılda, Füzulidə də hər qarşı torpaq uğrunda can qoymaqla sarsıdıcı zərbələri ilə erməni faşistləri darmadağın edir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olur. Burada da düşmənə ürəyində arzuladığı dərs keçir. Sonda komandiri qəfil güllədən qorumaq üçün özünü onun üstünə atır. Komandirini xilas etsə də, öz həyatını canından artıq sevdiyi Vətəninə qurban verir... Pərvinin Vətəninə, xalqına olan sevgisi Uca Tanrıdan gəlirdi. Onu əbədiyyət zirvəsinə ucaldanda bu sevgi oldu. Dövlət isə ölümündən sonra öz igid oğlunu beş- “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallar ilə təltif etdi. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |