Mobil versiya
Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir
Tarix: 20-06-2023 | Saat: 14:56
Bölmə:Özəl | çapa göndər

Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir

Müttəfiqlik nümunəsi göstərən, yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə addımlayır. Bu gün Azərbaycan – Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında hər iki dövlətin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra ilk xarici ölkəyə səfəri Şimali Kipr Türk Respublikasına daha sonra isə Azərbaycana oldu. Cari ilin 13 iyununda gerçəkləşən bu səfəri xalqımız da səbirsizliklə gözləyirdi. Əslində buna sadəcə səfər olaraq baxmamalıyıq. Bildiyimiz kimi Şuşa Bəyənnaməsinin imzalanmasından iki il ötür. Səfər zamanı, Şuşa Bəyənnaməsinin ikinci ilində Türkiyə və Azərbaycan münasibətlərinin çatdığı səviyyə, münasibətlərin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilmiş, siyasi və iqtisadi münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün qərarlar alınmışdır. Bunu hər iki ölkənin dövlət başçılarının görüşündən sonra mətbuata verdikləri bəyanat da sübut edir.
Azərbaycan və Türkiyə arasında sıx sosial, iqtisadi, siyasi, hərbi əməkdaşlıq əlaqələri mövcuddur. Şuşa bəyannaməsi imzalandıqdan sonra ölkələr arasındakı münasibətlər həm məzmun, həm də keyfiyyət cəhətdən yeni bir mərhələyə qədəm qoydu, strateji müttəfiqlik səviyyəsinə qədər qalxdı. Bu o deməkdir ki, Türkiyə Azərbaycanın milli təhlükəsizliyini və milli maraqlarını öz təhlükəsizliyi və maraqları kimi qəbul edir. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev öz bəyanatında bu məsələyə xüsusi diqqət ayıraraq dedi: “İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi sürətlə artır. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır və bundan sonra da artacaq.
Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Prezidentlərin görüşü zamanı hər dəfə olduğu kimi, bu dəfə də Zəngəzur dəhlizi məsələsinə toxunuldu. Cənab Prezident İlham Əliyev bir daha qətiyyətlə bildirdi ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025